Məhkəmə qərarları › İş №2(045)-1244/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1244/2024

04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1244/2024 04.09.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3500 (üç min beş yüz) manat pulun və ödənilmiş 55 (əlli beş) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 tanıyır, Vahid onun həmkəndlisidir və onlar kirvədilər. Onların münasibətləri həmişə yaxşı olmuşdur, aralarında heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2023-cü ilin oktyabr ayında Vahidin oğlu Cavabdeh2 ona yaxınlaşaraq 1500 manat borca pul lazım olduğunu demiş, o isə onun özünə pul verməkdə ehtiyat etdiyinə görə atası Vahidlə görüşmüş və oğluna pul verib-verməməyini soruşmuşdur. Həmin vaxt Vahid onunla razılaşaraq bildirdi ki, “narahat olma pulu ver biz qaytaracayıq”. O da həmin vaxtı 1500 manat pulu Vahidin yanında oğlu İsmayıla vermişdir. Təxminən 5-10 gün sonra onlar yenidən onun evinə gəlib evdə ondan pul istədilər və bir müddət sonra verəcəklərini bildirdilər. O da Vahidlə İsmayıla 1000 manat pulu yaşadığı evdə vermişdir. Təxminən bir ay sonra İsmayıl ona zəng edərək demişdir ki, yenidən onlara pul lazımdır və ondan 500 manat pul istədilər. O, yenidən həmin pulu vermişdir. İsmayıl atası Vahidlə birlikdə ona söz verdilər ki, pulu mart ayına qədər tam ödəyəcəklər. Vahid axırıncı pulu aldıqdan sonra yenidən ondan hissə-hissə pul istəmiş və özünə məxsus təqaüd kartını gətirib ona vermişdir ki, pulu o, həmin kartdan çıxarsın. X1 birlikdə ona 3500 manat pul borcludurlar. Vahidin kartı onda olan vaxtdan o, kartdan ümumilikdə 3 aya 988 manat pul çıxarmışdır. xx.xx.2024-cü il tarixdə Vahid ona yaxınlaşıb dedi ki, “pensiyalar verilir, pensiyanı almaq üçün getmə çünki kartı bağlatmışam”. O isə Vahiddən səbəbini soruşduqda Vahid ona bildirdi ki, “ehtiyacı var ona görə özü çıxaracaq”. İsmayıl həmin vaxt ona söz verdi ki, xx.xx.2024-cü il tarixdə gəl pulu götür. O da razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində Vahidin evinə getmişdir. Həmin vaxt Vahid həyətində idi. O, Vahidlə görüşdükdən sonra oğlunun harada olmasını soruşmuşdur. Vahid isə ona dedi ki, “səninlə qurtarmışıq, kartımız üç ildi səndədir”. O isə Vahidə demişdir ki, “yalan demə 3 il deyil sən kartı mənə 2024-cü ilin yanvar ayında vermisən”. Vahid isə ona cavabında bildirdi ki, “pulumuz yoxdur, indən sonra mənə heç bir pul verməyəcik”. O da Vahidə demişdir ki, “heçnə olmaz özüm ödəyərəm, sən də meyvə satan zaman verərsən”. Çünki həmin pulu o da bankdan kredit götürüb vermişdir onlara. Lakin buna baxmayaraq, cavabdehlər hələ də borclarını qaytarmamışlar, müxtəlif bəhanələrlə bundan yayınmışlar. Ona görə də, məcbur olub məhkəməyə müraciət edib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, o, cavabdeh X3 müxtəlif vaxtlarda 3500 manat məbləğində borca pul vermiş, sonuncu da həmin pulu oğlu Cavabdeh2 vermişdir. Bundan sonra cavabdeh ona aldığı pensiya kartını vermiş, o da həmin kartdan cəmi 670 manat məbləğində pul çıxarmışdır. Verilmiş suala cavab olaraq bildirdi ki, qeyd etdiyi borcu cavabdehlərə verməsini təsdiq edəcək hər hansı yazılı sübutu yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı 2000 manat məbləğində pulu faiz qarşılığında borca almış, daha sonra pensiya kartını iddiaçıya vermiş, iddiaçı da onun pensiya kartından hər ay pensiyasını çıxardaraq, faizlər də daxil olmaqla bütün borcunu geri almışdır. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, onun cavabdehdən aldığı 2000 manat məbləğində borc pulu geri qaytarmasını təsdiq edəcək hər hansı rəsmi sənədi yoxdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 06 may 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 ərizəsi əsasında X2 əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir; "xxxx" ASC-nin ********** nömrəli, xx.xx.2024-cü il tarixli və ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 55 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlərdən Cavabdeh1 arasında şifahi müqavilə əsasında borca dair öhdəlik hüquq münasibəti yaranmışdır. Məhkəmə baxışında Cavabdeh1 şifahi əqd əsasında iddiaçıdan 2000 (iki min) manat məbləğində borca pul aldığını, həmin borcun onun tərəfindən iddiaçıya tam şəkildə ödənildiyi bildirilsə də, iddiaçı əksinə hər iki cavabdehin müqavilənin şərtlərini pozduğunu iddia edərək, cavabdehlərə 3500 (üç min beş yüz) manat borca pul verdiyini, Cavabdeh1 pensiya kartından 670 (altı yüz yetmiş) manat çıxardaraq borc məbləğinə görə yaranmış faizə ödədiyini, odur ki, cavabdehlərin hazırda ona 3500 (üç min beş yüz) manat borcu olduğunu bildirərək, həmin vermiş olduğu pulu cavabdehlərdən tələb edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin: 385.1-ci mаddəsinə əsаsən öhdəliyə əsаsən bir şəхs (bоrclu) bаşqа şəхsin (krеditоrun) хеyrinə müəyyən hərəkəti еtməlidir, məsələn, pulu ödəməli, əmlаkı vеrməli, iş görməli, хidmətlər göstərməli, və i.а. və yа müəyyən hərəkətdən çəkinməlidir, krеditоrun isə bоrcludаn vəzifəsinin icrаsını tələb еtmək hüququ vаrdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü mаddəsinə əsаsən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci mаddəsinə əsаsən öhdəliyin icrа еdilməməsi dеdikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа еdilməməsi bаşа düşülür; 448.1-ci mаddəsinə əsаsən əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, bоrclu оnun risk dаirəsinə dахil оlаn öhdəliklərin icrа еdilmədiyi bütün hаllаr üçün cavabdehdir; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İlk öncə qeyd etmək lazımdır ki, iddiaçı borc verməsini rəsmiləşdirmədiyini (hər hansı iltizam almayıb, sadə formada kağız üzərində qeydiyat aparılmayıb və s.) bildirir. Onun tərəfindən cavabdehlərə 3500 manat məbləğində pulun verilməsini yalnız şifahi qaydada təsdiq edir. Cavabdeh1 isə iddiaçıdan 3500 manat yox, cəmi 2000 manat məbləğdə pulu borc aldığını və həmin borcun da iddiaçının onun pensiya kartından hər ay mütəmadi olaraq pul çıxarmaqla ödənildiyini şifahi qayda da bildirsə də, bu halları təsdiq edəcək hər hansı yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, hazırkı iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, habelə iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatları arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, cavabdehlərdən Cavabdeh2 ilə iddiaçı arasında hər hansı borc müqaviləsinə dair öhdəlik hüquq münasibətləri yaranmamışdır. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş işin hallarından göründüyü kimi iddiaçı borc pulu cavabdehlərdən Cavabdeh1 vermiş, öhdəliyin təminatı kimi sonuncunun pensiya kartını götürərək, müəyyən məbləğdə vəsaitlər çıxarmışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 hazırkı mübahisəli borc münasibətində iştirakçı olması hər hansı iş materialları ilə təsdiq olunmadığı üçün iddia tələbi ona münasibətdə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli şifahi borc müqaviləsi əslində iddiaçı ilə Cavabdeh1 arasında onların qarşılıqlı iradə ifadəsi əsasında bağlanmış, həmin borc müqaviləsinə əsasən iddiaçı cavabdehə 2000 manat məbləğində pulu borc vermiş (Cavabdeh1 izahatına əsasən), həmin borcdan 670 manatı ödənilmiş (iddiaçının izahatına əsasən), qalıq 1330 manat məbləği isə geri qaytarılmamışdır. Məhkəmə cavabdehin iddiaçıya borcunun olmaması barədə izahatını inandırıcı hesab etmir və bunu mülki məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh1 aldığı borcun qalıq 1330 manat hissəsini İddiaçı ödəməlidir. Məhkəmə, həmçinin iddia tələbinin ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə əsasən tutulmalı məbləğ 33,3 manat müəyyən olunmalı (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) və dövlət rüsumunun 21,7 manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunun tələblərini əsas götürüb hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 1330 (bir min üç yüz otuz) manat məbləğində borc pul və ödənilmiş 33,3 (otuz üç manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 1330 (bir min üç yüz otuz) manat məbləğində borc pul və ödənilmiş 33,3 (otuz üç manat otuz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddiaçı “pul” tələbinə dair iddiası Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar