Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-125/2025 15.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qaasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizənin təmin olunmaqla Cavabdeh 3500 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh Xəyal oğlu ilə onun arasında bağlanmış borc müqaviləsinə əsasən ona xx.xx.2022-ci il tarixdə qaytarmaq şərti ilə 1 il müddətinə 3500 (üç min beş yüz) manat pulu borc olaraq vermişdir. Müqavilənin müddətinin bitməsinə baxmayaraq, Cavabdeh 3500 manat pulu qaytarmamış, bu barədə ona xx.xx.2024-cü il tarixdə pul tələbi ilə əlaqədar təklif göndərmişdir. Lakin, borclu bugünə kimi həmin pulu ona qaytarmamışdır. Ona görə də, qanunla müəyyən edilmiş müddətdə borclunun yaşadığı yer üzrə məhkəmədə pul tələbi barədə iddia qaldırmaqla 3500 manat pulun Cavabdeh alınaraq ona qaytarılması barədə məhkəmə qətnaməsinə entiyacı vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Bu barədə olan ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı (borcverən) Cavabdeh (borcalan) 3500 manat məbləğində borc vermiş, borcverən pulu 17 iyun 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixədək üçüncü dərəcəli əlildir; Azərbaycan Respublikası Qaçqınların işləri üzrə dövlət komitəsi Mingəcevir şəhəri bölməsi tərəfindən verilmiş 1143 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zeynalov X1 rayonundan məcburi köçkündür; Məhkəmə, cavabdehin etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər arasında yazılı müqavilə əsasında borc öhdəlik hüquq münasibəti yaranmışdır və bu mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş borc müqaviləsinin mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdeh borc müqaviləsinə əsasən iddiaçıya olan 3500 manat məbləğində borcunu borcverənə 17 iyun 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Belə ki, məhkəməyə cavabdeh tərəfindən iddiaçıya olan borcunun geri qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməlidir. Həmçinin, cavabdeh iddianı qəbul edərək borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad olunmuşdur. MPM-in 124.1-ci maddəsinin tələblərinə əsasən iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu dövlət mədaxilinə cavabdehdən alınmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görəc iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 3500 (üç min beş yüz) manat məbləğində borc pul və dövlət büdcəsinə 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3500 (üç min beş yüz) manat məbləğində borc pul və dövlət büdcəsinə 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-125/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-125/2025
15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver