Məhkəmə qərarları › İş №2(045)-1254/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1254/2023

12.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1254/2023 12.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman qızının sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 1555.2 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silnməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdırlar ki, o, ailəsi ilə birlikdə Goranboy rayonunun Alpout kəndində qeydiyyatdadır və uzun illərdir ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Neçə illərdir ki, dövlətin kəndlərinə çəkdirdiyi yanar qazdan istifadə edir və hər ay sərf etdiyi qazın dəyərini ödəniş müəssisəsi vasitəsi ilə ödəyib qəbzlərini saxlamışdır. 2023-cü ilin fevral ayında Qaz İdarəsinin əməkdaşları onun yaşadığı evə gəlib onun evinin sayğacını açıb yerinə başqa yeni sayğac quraşdırmışlar. Bundan bir neçə gün sonra onun yanına gəlib akt yazaraq həqiqətən sayğacın yenisi ilə əvəz edilməsi ilə əlaqədar akta imza atmalı olduğunu bildirmişlər. O da akta imza atmışdır. Lakin, həmin vaxtdan bir aydan artıq müddət keçdikdən sonra ona məlum olmuşdur ki, ona 1555.2 manat artıq sərf etmə üçün borc yazılmışdır. Bunu görüb Qaz İdarəsinin əməkdaşlarının yanına getmiş və yazılmış artıq sərfiyyatla bağlı ona izah verilməsini tələb etmişdir. Bu vaxt ona xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktın surəti verilərək ona bildirilmişdir ki, əvvəlki sayğacın hesablama mexanizminin qoruyucu qapağı sol tərəfdən, gövdədən aralanmış və qaz keçirən hesablama mexanizmi qazın sərfini qeydə almamışdır. Həmin sayğac onun evinin sərf etdiyi qazı hər ay qeydə almış və həmin sərfiyyat əsasında o, sərf etdiyi qazın dəyərini ödəmişdir. Həmin sərfiyyat Qaz idarəsi tərəfindən ona təqdim edilmiş abonentin saldosunda açıq aydın görünür. Misal üçün yay aylarında az sərfiyyat olduğu halda artıq qış aylarında, yəni 2022-ci ilin noyabr ayında 157 m3, dekabr ayında 400 m3, yanvar ayında limitlərin yenilənməsi ilə əlaqədar sərfiyyat nəzarətçi tərəfindən yazılmamış və fevral ayında isə 257 m3 qaz sərf olunmuşdur. Bundan əvvəlki illərdə eyni qaydada saldoda qaz sərfiyyatı açıq aydın qeyd edilmişdir. Belə olduğu halda sual ortaya çıxır ki, əgər sayğacın hesablama mexanizmi qazın sərfini qeydə almayıbsa, onda saldoda göstərilmiş sərfiyyat hardandır. Onun evində yalnız bir gözlü isitmə peçi vardır. Bundan başqa yemək bişirmək üçün dörd gözlü qaz peçi vardır. Həmin peçləri nəzərə alsaq ən soyuq hava şəraitində qaz sərfi ayda 400 m3 artıq ola bilməz. Onlar dekabr ayında 400 m3, qalan aylarda isə hava şəraiti ilə əlaqədar sərfiyyata qənaət etdikləri üçün 250-300 m3 sərfiyyat olmuşdur. Qaz sayğacı sərfiyyatı qeydə almırdısa nəzarətçi bu sərfıyyatı hər ay hardan yazmışdır və sayğacın hesablama mexanizmində rəqəmlər hər ay necə dəyişmiş və sərfiyyat qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 izahatında göstərdi ki, İddiaçı məxsus mənzildə yerləşən sayğaca baxış keçirilmiş və sayğaca müdaxilə olması faktı aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı sol tərəfdən gövdədən tamamilə aralanmışdır. Buna görə ümumi hesablanma aparılmış və istehlakçıya 1555,2 manat borc yazılmışdır. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu qapağının sol tərəfdən gövdədən tamamilə aralanması aşkar edilmişdir; Abonentin saldosuna əsasən (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1555.2 manat pul abonentdən tələb olunur (akt üzrə). Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının istifadəsində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan 1555.2 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırki iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırki tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Hazırda “Azəriqaz” İstehsalat Birliyindən 35,56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, “Azəriqaz” İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1555.2 manat məbləğində borc silinməlidir (Goranboy rayonu, Alpout kəndi (Abonent kodu: **********00000). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1555.2 manat məbləğində borc silinsin (Goranboy rayonu, Alpout kəndi (Abonent kodu: **********00000). 35.56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar