Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1255/2023 08.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən hesablanmış 1036,80 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Sarovlu kəndində yaşayır. Yaşadığı ərazidə “Azəriqaz” İstehsalat Birliyinin abonomenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi təbii qazın pulunu həmişə vaxtlıvaxtında, gecikdirmədən ödəmiş və heç vaxt X1 nümayəndələri ilə arasında mübahisə və yaxud narazılıq olmamışdır. Məhkəməyə təqdim etdiyi Abonomentin saldosundan görünür ki, 05 may 2023-cü il tarix üçün onun X2 1068 manat 04 qəpik borcu var. O, bu borcun haradan və necə yaranmasını öyrənmək üçün X1 Goranboy şöbəsinə müraciət etdmişdir. Goranboy şöbəsindən ona 18 yanvar 2023-cü ildə tərtib olunmuş ******* saylı Akt verərək bildirdilər ki, guya ki, o, sayğaca müdaxilə etmiş, bu səbəbdən də təbii qazdan istifadə qaydalarını pozmuşdur. O, hesab edir ki, barəsində yazılmış borcu qanunsuzdur və borc ləğv edilməlidir. Əlavə olaraq qeyd edir ki, onun evi üçün nəzərdə tutulmuş qaz sayğacı evindən 80-100 metr uzaqda, qamışlarla əhatə olunmuş bir yerdə quraşdırılmışdır. Bundan başqa ilin əvvəllərində sayğacın quraşdırıldığı qamışlıqda yanğın olmuşdur. Bu səbəbdən də sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi ərimişdir. “Azəriqaz” İsehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş Akt-dan da görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi istilik nəticəsində ərimişdir. Ona görə sayğac yenisi ilə dəyişdirilmişdir. Dəyişdirilərkən də ona hər hansı bir irad, nöqsan tutulmamışdır. Ona hər-hansı bir qərarın, baxış aktının sürəti verilməmişdir. Hesab edir ki, o, təbii qazdan istifadə edərkən heç bir qanun pozuntusuna yol verməmiş, heç vaxt sayğacın yaxınına getməmişdir. Çünki sayğac həyətdən çox uzaqda, çöldə quraşdırılmışdır. Ona nəzarət etmək isə onun vəzifəsi deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, istifadə etdiyi qazın pulunu vaxtlı-vaxtında ödəyir və “Azəriqaz” İB-nin əməkdaşları ilə arasında heç vaxt mübahisə olmamışdır. “Azəriqaz” İB-nin idarəsinin əməkdaşları yaşadığı ünvana gələrək qaz sayğacına baxış keçirərək sayğacı dəyişmişlər və daha sonra onun iştirakı olmadan akt tərtib etmişlər. Həmin aktda qeyd edilmişdir ki, guya ki, sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın mexanizminin qoruyucu şüşəsi istilik nəticəsində ərimişdir. Həmin akta əsasən itirilmiş qaz həcminin bərpası üçün ona 1036,80 manat məbləğində borc pul yazılmışdır. Cavabdeh “Azəriqaz” İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı mülkiyyətində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir; Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi istilik nəticəsində ərimiş. Hesablama mexanizminin iş prinsiplərinə maneə törədilmiş və sayğac istismara yararsız olduğu müəyyən edilmişdir; Abonentin saldosundan görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1036,80 manat pul abonentdən tələb olunur; Fotoşəkillərdən görünür ki, qaz sayğacı iddiaçının evindən kənarda yerləşir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanan 1036,80 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün hazırda 30,37 manat məbləğində dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət büdcəsinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh “Azəriqaz” İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 1 ünvanı, Abonent kodu: **********0211) hesablanmış 1036,80 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 1 ünvanı, Abonent kodu: **********0211) hesablanmış 1036,80 manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət büdcəsinə 30,37 (otuz manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1255/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1255/2023
08.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver