Məhkəmə qərarları › İş №2(045)-1340/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1340/2023

03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1340/2023 03.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borclu olduqları 5300 (beş min üç yüz) manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində və iddia tələbinin həcminin artırılması barədə ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdeh olan şəxs Cavabdeh1 üç ildən çoxdur tanıyır. Onun bu şəxslə heç vaxt ədavəti, düşmənçiliyi olmamışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh ona zəng edərək Gəncə şəhərindən torpaq yeri alacağını bildirmiş və ondan 5000 (beş min) manat pul istəmişdir. Cavabdeh ondan alacağı borcu bir aya qaytaracağını, özünə məxsus olan başqa mülkünü satıb borcunu ona ödəyəcəyini bildirmişdir. Cavabdeh onun Gəncə şəhərinə gəlməyini xahiş etmiş və o, xx.xx.2022-ci il tarixdə Gəncə şəhərinə gələrək cavabdehlə (köhnə avtovağzalda) görüşmüşdür. Hətta, pulu verərkən cavabdeh öz əlyazması ilə ona olan 5000 min manat borcu barədə sənəddə qeyd etmişdir. Həmin günü axşam cavabdeh ona zəng edərək pulunun çatmadığını bildirmiş, 300 manat da əlavə pul göndərməyi ondan xahiş etmişdir. O da terminal aparatından cavabdehə 300 manat pul göndərmişdir. Söz verdiyi vaxtdan xeyli müddət keçdikdən sonra cavabdehdən pulunu tələb etsə də ona olan borcunu ödəməkdən boyun qaçırmışdır. Hesab edir ki, borclu borcunu ona tam şəkildə ödəməlidir. Cavabdeh1 ilə birlikdə atası Cavabdeh2 da dəfələrlə ondan Gəncə şəhərində həyətyanı torpaq sahəsi almaq üçün 5000 (beş min) manat borc pul istəmiş və bir ay müddətində qaytaracağına söz vermişdir. Belə ki, onlar yaşadıqları kənddə həyətyanı torpaq sahələri olduğunu və satışa çıxartdıqlarını bildirmişlər. O da inanıb cavabdehlərə 5000 min manat pul borc vermişdir. Lakin, sonradan ona məlum olmuşdur ki, cavabdehlər özlərinə məxsus həyətyanı sahəni satıb onun pulunu verməmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, iş materiallarına əlavə edilmiş əlyazma Cavabdeh1 tərəfindən yazılmış və imzalanmışdır. Həmin qəbzdən görünür ki, Cavabdeh1 iddiaçıdan 5000 manat məbləğində borca pul götürmüşdür. Bundan başqa tərəflərindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən də görünür ki, Cavabdeh1 hesabına 300 manat pul köçürülmüşdür. Həmin pulu iddiaçı köçürmüşdür. Lakin, 300 manat pulun iddiaçı tərəfindən və borc olaraq köçürülməsini, kart hesabının Cavabdeh1 məxsus omasını təsdiq edən əlavə sübutları yoxdur. İddia tələbinin həmçinin Cavabdeh2 yönəlməsinin səbəbi odur ki, o, digər Cavabdeh1 atasıdır və danışıqlar zamanı Maarif də orada olmuşdur. Həmçinin, Cavabdeh2 iddiaçıdan 5000 manat pul istəmiş və torpağı satıb qaytaracağını bildirmişdir. Lakin, iddiaçıdan pulun alınmasına dair qəbz yalnız Cavabdeh1 tərəfindən yazılmış və imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cavabdeh1 tərəfindən yazılmış qəbzdən görünür ki, o, xx.xx.2022-ci il tarixdə İddiaçı Gəncə şəhərinə çağıraraq ondan 5000 (beş min) manat pulu 1 aylığına ehtiyacı olduğu üçün borc almışdır. Qəbzi heç kəsin təzyiqi altında yazmamış, könüllü olaraq yazmış, 1 ay müddətində borcu qaytarmağa söz vermişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 300 manat vəsait H.L.M qızının 416974******7535 nömrəli kart hesabına köçürülmüşdür; xx.xx.2023-cü il tarixli, 2412 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki tələb üzrə 73 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi borc alınmış pulun qaytarılması barədədir. Müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbz mövcuddur. Bu qəbz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, borcun tam ödənilməsini təsdiq edən sübutlar və cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı tələbinin əsası kimi Cavabdeh1 tərəfindən yazılaraq imzalanmış qəbzə, həmin qəbz üzrə verdiyi 5000 manat pulun qaytarılmamasına istinad edir. Cavabdeh1 iddiaçıdan 5000 manat borc pul almış və bu barədə özü qəbz yazıb imzalamışdır. Mövcud olan qəbz artıq iddiaçını 5000 manat pul borc verməsini sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iddia tələbinin kart hesabına göndərilmiş 300 manat pulun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh1 hesabına əlavə olaraq 300 manat köçürdüyünü iddia etsə də bu halı məhkəmə iclasında sübut edə bilməmişdir. Belə ki, 300 manat məbləğində pul vəsaitinin H.L.M qızının 416974******7535 nömrəli kart hesabına köçürülməsi barədə ödəniş qəbzində göstərilən H.L.M iş üzrə cavabdehin soyad, ad və ata adına uyğun gəlsə də həmin kart hesabının Cavabdeh1 məxsus olması barədə iş materiallarında sübut mövcud deyildir. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzdə 300 manat vəsaitin H.L.M qızının 416974******7535 nömrəli kart hesabına köçürülməsi görünsə də həmin vəsaitin məhz iddiaçı tərəfindən köçürülməsi müəyyən olunmur. Kart hesabının cavabdehə məxsus olduğu və pulun iddiaçı tərəfindən göndərildiyi müəyyən olunduğu halda isə pul vəsaitinin borc olaraq göndərilməsi sübut olunmalıdır. Belə ki, iddianın predmeti borc tələbi olduğundan göndərilmiş pul vəsaitinin də məhz borc olduğunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Yalnız pul köçürülməsi barədə qəbzin mövcudluğu pulun borc olaraq göndərilməsi nəticəsinə gəlmək üçün birmənalı əsas deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi əlavə olaraq Cavabdeh1 atası Cavabdeh2 yönəlmişdir. İddiaçı bu tələbinin əsasını danışıqlar zamanı Cavabdeh2 da Cavabdeh1 yanında olması, Cavabdeh2 da ondan borc istəməsi və özlərinə məxsus torpaq sahəsini sataraq ona olan borcun qaytarılacağına söz verməsinə inanaraq cavabdehlərə borc verməsi ilə əsaslandırmışdır. Lakin, iddiaçı tərəfindən borc pulun həmçinin Cavabdeh2 tərəfindən alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən göründüyü kimi 5000 manat pulu iddiaçıdan Cavabdeh1 götürmüşdür. Həmçinin, iddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, iddia tələbinin Cavabdeh2 yönəlməsinin səbəbi odur ki, Cavabdeh2 Cavabdeh1 atasıdır və danışıqlar zamanı Maarif də orada olmuşdur. Qeyd olunmalıdır ki, iddia tələbi hər iki cavabdehə qarşı yönəlsə də həmin dəlilə münasibətdə Cavabdeh2 ümumiyyətlə iddiaya cavab verməli olan şəxs deyildir. Belə ki, iddiaçının tələb etdiyi pul məbləği Cavabdeh2 deyil digər Cavabdeh1 verilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş qəbzlə iddiaçının tələb irəli sürdüyü pulun Cavabdeh1 verilməsi təsdiq olunmuşdur. Cavabdeh2 qızının borcuna görə iddiaçı qarşısında cavab verməli olduğuna dair zamin kimi üzərinə öhdəlik götürməmiş, iddiaçı bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Belə ki, mülki dövriyyə iştirakçılarının subyektiv hüquq və vəzifələri qarşılıqlı münasibətlər əsasında yaranır. Bu münasibətlər müqaviləyə, qanunla müəyyən olunan əsaslara, ailə üzvü olaraq müəyyən olunan öhdəliklərə və s. əsaslanmış ola bilər. Hər bir halda iddiaçı ilə cavabdeh arasında hüquq münasibəti olmalıdır. Mülki proses iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün, ilk növbədə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması üçün zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir. Tərəflərin əsl tərəf olması məsələsi məhkəmə tərəfindən onların arasında yaranmış mübahisənin maddi-hüquqi əsasını təşkil edən hüquq normasının təhlili əsasında həll olunur. Cavabdeh2 özü tərəfindən borc götürülməsi sübut olunmadığına, onun Cavabdeh1 atası olduğu və borc alınarkən qızının yanında olduğuna görə tələb ona qarşı yönəldiyi halda isə o, iddiaya cavab verməli olan şəxs olmadığına, yəni iddia iddiaya cavab verməli olmayan şəxsə verildiyinə görə ona münasibətdə təmin edilə bilməz. Göründüyü kimi iddiaçı 5000 manat borc məbləğini və onun qaytarılmadığını sübut etmişdir (Cavabdeh1 münasibətdə). Yəni, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut etmişdir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5000 (beş min) manat pul və 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 5000 (beş min) manat pul və 70 (yetmiş) manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar