Məhkəmə qərarları › İş №2(045)-1359/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1359/2023

15.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1359/2023 15.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun və iddia ərizəsinin tərtib edilməsinə görə ödəmiş olduğu 50 manat pulun, dövlət rüsumuna görə ödəmiş olduğu 70 manat pulun, cəmi 5120 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Borsunlu kəndində yaşayır, 3-cü qrup müharibə əlilidir. Cavabdeh həmkəndlisidir, bir-birilərini yaxından tanıyırlar. O, Borsunlu kəndində yaşayır və işləyir, bir-birilərinə etibarları olmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdeh ona müraciət edərək əlində işi olduğunu, onun təcili 5000 manat pula ehtiyacı yarandığını bildirmişdir. Cavabdeh həmin işi tez bir zamanda həll edib pulu qaytaracağına söz vermiş və öz xətti ilə qəbz yazaraq imzalayıb ondan 5000 manat pul götürmüşdür. O, cavabdehdən pulu qaytarmağı tələb etdikdə, cavabdeh hər dəfə qaytaracağını desə də, icra etmir. O, cavabdehdən məhkəmə qaydasında 5000 manat pulu, iddia ərizəsinin tərtib edilməsinə görə ödəmiş olduğu 50 manat pulu, dövlət rüsumuna görə ödənmiş 70 manat pulu, cəmi 5120 pulu tələb edir. Tərəf kimi o, cavabdehlə aralarında olan öhdəliyin şərtlərinə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və ona zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərdi ki, iddianı tam qəbul edir. O, həqiqətən də İddiaçı xx.xx.2022-ci il tarixdə 5000 manat pul almış və qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçıya 5000 manat borcu vardır. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh tərəfindən yazılmış ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixdə İddiaçı 5000 (beş min) manat borc pul götürmüşdür və qaytaracağını imzası ilə təsdiq edir; xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin tərtibinə görə 50 (əlli) manat ödəmişdir; xx.xx.2023-cü il tarixli, 925 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdeh öhdəliyini icra etməyi öhdəsinə götürsə də, borcun qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya 5000 manat məbləğində borcu yaranmışdır. Hazırda Cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində borc pul, iddia ərizəsinin tərtib edilməsinə görə ödəmiş olduğu 50 manat vəsait, cəmi 5050 (beş min əlli) manat pul, həmçinin ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində borc pul, iddia ərizəsinin tərtib edilməsinə görə ödəmiş olduğu 50 manat vəsait, cəmi 5050 (beş min əlli) manat pul, həmçinin ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar