Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1378/2025 04.09.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Samir oğlunun sədrliyi, Səmədzadə Səməd Dilqəm oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 2000 manat pulun və 41 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehi maşın ustası kimi tanımışdır. Məhkəməyə təqdim etdiyi nəqliyyat X1 surətindən görünür ki, ** BD *** dövlət nömrə nişanlı “Mersedens BENZ-180” markalı minik avtomobili onun mülkiyyətindədir. 2025-ci ilin fevral ayında avtomobilin mühərrikində problem yarandığı üçün cavabdehə müraciət etmişdir. Cavabdeh maşının mühərrik hissəsinə baxaraq bildirdi ki, maşının matoru yığılmalıdır. Razılaşmışlar ki, 1000 (bir min) manata maşının motorunu yığıb ona verəcəkdir. Bir neçə gündən sonra cavabdehin iş yerinə getmiş, bildirdi ki, maşın hazırdı, götürə bilər. Maşını işə salarkən hiss etdi ki, düzgün işləmir. İradını bildirdi. Cavabdeh ona dedi ki, təzə yığılmışdır, üç min kilometr sür düzələcəkdir. O da cavabdehə inanmış və maşını götürmüşdür. Onun avtomobilə ehtiyacı olandan-olana işlədirdi. Maşını cavabdehin yanından gətirdikdən sonra ailəsi ilə Gəncə şəhərinə getmişdir. Lakin, maşın Gəncə şəhərində işləmədi. Gedib Gəncə şəhərindən elektrik gətirmiş elə bilmişdir ki, xarablıq maşının elektrik sistemindədir. Lakin, usta gəldi, bildirdi ki, maşında heç bir elektrik problemi yoxdur. Problem maşının motorundadır. O da cavabdehə zəng edərək maşının işləmədiyini demişdir. Cavabdeh ona dedi ki, “mənlik deyil, get nə bilirsən elə”. Məcbur olub maşını evukatorla evə gətirmişdir. Bundan sonra maşını başqa usta yanına aparmışdır. Usta maşının mator hissəsinə baxaraq bildirdi ki, maşının mator hissəsində detallar səhv yığılmışdır. Cavabdehin səhlənkarlığının ucbatından o yenidən 1000 (bir min) manat ziyana düşmüşdür. Cavabdehin hərəkətlərindən Goranboy rayon Polis şöbəsinə şikayət etmişdir. Goranboy rayon Pois şöbəsindən ona bildirdilər ki, tələbi mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etsin. Cavabdeh dəyən zərəri könüllü ödəmədiyi üçün məhkəməyə müraciət etməli olur. Cavabdehlərdən vurmuş olduğu zərərə görə 2000 (iki min) manat pulu tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin səhlənkarlığı ucbatından ona 1000 manat ziyan dəymişdir. Bununla bağlı o, cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Buna görə də o zərərin əvəzinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edir. Verilmiş suala cavab olaraq bildirdi ki, cavabdehə avtomobilin motor hissəsinin yığılması üçün 1000 manat pul ödəmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı avtomobilin motorunun yığılması üçün ona müraciət etmiş və 800 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Goranboy RİHB-nın X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı Goranboy rayonunun Düzqışlaq kəndində (əvvəlki Ağamalıoğlu kəndi) daimi yaşayır; Goranboy Rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-75/2-10403/2025 nömrəli məktubundan görünür ki, İddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir; Azərbaycan Respublikası Goranboy rayonu X6 VÖEN ********** tərəfindən verilmiş 04 iyun 2025-ci il tarixli, 018 saylı aktdan görünür ki, İddiaçı idarə etdiyi “Mersedes Benz- 180” minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı buraxılış işi 1996, Tip-Sedan, Mühərrik: N-siz, Ban-WDB2020181A393823, Boz metallik rəngli avtomaşına müəssisənin ustası X2 tərəfindən baxış keçirilmiş və məlum oldu ki, avtomobilin fevral 2025-ci il tarixdə mühərrikinin təmiri zamanı usta səhvə yol vermiş və bunun nəticəsində mühərrik sıradan çıxmış, mühərrikə 1000 manat zərər dəymişdir və yenidən may 2025-ci ildə təmir zamanı yenə usta tərəfindən səhvə yol verilmiş və avtomobilə 500 manat zərər dəymiş, cəmi ziyan 1500 manat olmuşdur; Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, Mersedes Benz-180 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı buraxılış işi 1996, Tip-Sedan, Mühərrik: Nsiz, Ban-WDB2020181A393823 avtomobilin sahibi İddiaçıdur; "xxxx" ASC tərəfindən verilmiş ********** nömrəli, 07 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış şifahi podrat müqaviləsinə uyğun olaraq, Cavabdeh "Mercedes-Benz 180" markalı avtomobilin mühərrikini yeni saz vəziyyətə gətirməyi, İddiaçı isə buna görə Cavabdeh 1000 manat məbləğində ödəniş etməli idi. Cavabdeh razılaşma üzrə həmin avtomobilin mühərrikini saz vəziyyətə gətirərək İddiaçı təhvil vermişdir. Daha sonra iddiaçı avtomobili bir müddət idarə etdikdən sonra mühərrik təkrar sıradan çıxmışdır. Hazırda iddiaçı avtomobilin təmirinə ümumilikdə çəkmiş olduğu 2000 manat pul vəsaitini cavabdehdən tələb edir. Cavabdeh isə avtomobilin təmiri üçün iddiaçı tərəfindən 1000 manat pulun aldğını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin üzərinə qoyula bilər; Məhkəmə qeyd edir ki, İddiaçı sifarişçi kimi işlərin qüsurlu olduğunu gördüyü istənilən vaxt işi dayandırmaq və yaxud əlavə icra, yəni işləri cavabdehin hesabına yenidən görülməsini tələb etmək hüququna malik olmuşdur. Lakin işin müəyyən olunmuş həqiqi hallarından görünür ki, iddiaçı cavabdehə qarşı elə bir tələb irəli sürməmiş, nə də qüsurların olduğuna görə işlərin görülməsini dayandırmamışdır. İddiaçı hətta təmir işləri qurtardıqdan bir müddət sonra ona məxsus "Mercedes-Benz 180" markalı avtomobili idarə etmiş və avtomobildə yenidən nasazlıq yaranan zaman işlərin qüsurlu olmasını bildirmişdir. İddiaçının istinad etdiyi həmin dəlillər işin həqiqi hallarına uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1–ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 759.1–ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 759.2–ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər; 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər; 770–ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Göründüyü kimi podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 772.1-ci maddəsinə əsasən görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolmavə ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur; 774-cü maddəsinə əsasən əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur; 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən verilmiş nasaz avtomobil ehtiyat hissəsinin və bu hissənin dəyişdirilməsi üçün 1000 manat məbləğində pul almışdır. Lakin iddiaçı tərəfindən vurulmuş maddi zərərə görə 2000 manat pul tələb olunur. Halbuki, iddiaçı öz iddia tələbinin əsaslılığını sübuta yetirmək üçün ilk öncə ona 2000 manat məbləğində zərər vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı aralarında olan şifahi podrat müqaviləsi üzrə vurulmuş zərərin əvəzi olan 1000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə, həmçinin iddia tələbinin ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, “Dövlət rüsumu haqqında” qanununun 8.1.2-ci maddəsinə əsasən, tutulmalı məbləğ 30 manat müəyyən olunmalı (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) və dövlət rüsumunun 11 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş zərərı görə 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev
Məhkəmə qərarları › İş №2(045)-1378/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1378/2025
04.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver