Məhkəmə qərarları › İş №2(045)-1389/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1389/2023

02.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1389/2023 02.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X25 Məhəmməd oğlunun sədrliyi, X26 qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təsisçi, iştirakçının sürücü işi ilə təmin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Goranboy Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, onun "xxxx" MMC-də təsisçi, iştirakçı olmaqla sürücü işi ilə təmin edilməsi, müvafiq əmək müqaviləsinin bağlanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonunda Goranboy-Naftalan məntəqələrarası marşrutunda avtobus sürücüləri olan X3, X4, X12, X21, X22, X6, X27, X7 təsisçilər (iştirakçılar) olmaqla xx.xx.2006-cı il tarixli 01 saylı ümumi yığıncağın qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaratmış, Cəmiyyətin Nizamnaməsini təsdiq etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində xx.xx.2006-cı il tarixdə 0306-Q3-591 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Avtobus sürücülərinin (təsisçi, iştirakçıların) Cəmiyyəti yaratmaqda əsas məqsədi ilk olaraq iştirakçıların özlərinə daimi iş yeri təşkil etmək və ehtiyac yarandıqda digərlərini əmək müqaviləsi əsasında işə cəlb etməklə əhaliyə sərnişin daşıma xidməti göstərməkdən ibarət olmuşdur. Sürücülər - təsisçi, iştirakçılar özlərinə məxsus şəxsi avtobusları ilə Goranboy-Naftalan-Tapqaraqoyunlu məntəqələrarası marşrutu ilə əhaliyə sərnişin daşıma xidməti göstərmiş və göstərirlər. Sürücülər-təsisçilər, iştirakçılar özləri yuxarıda qeyd edilən marşrutda işlətdikləri avtobuslarını köhnəldikcə, yararsız vəziyyətə düşdükcə dəyişdirmiş, yenisi ilə əvəzləmişlər. Cəmiyyətdə vəfat etmiş və ya cəmiyyətdən çıxmış sürücülər - təsisçilər, iştirakçıların yerinə yeni sürücülər - təsisçilər, iştirakçılar daxil olmuş və İddiaçı, X4, X13, X21, X10, X6, X27, X7 təsisçilər olmaqla xx.xx.2022-cı il tarixli, 44 saylı ümumi yığıncağın qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsini yeni redaksiyada təsdiq etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində 2022-ci ildə ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin iştirakçılarının əsas fəaliyyəti, işi, qazancı yalnız cəmiyyətin əhatə dairəsinə daxil olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X9 Xidmətinin 1 saylı “X17” MMC-nin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorunun məktubu əsasında təsisçi, iştirakçı - sürücülərin adına yazılan “Fərqlənmə” nişanın əsasında Goranboy- Naftalan-Tapqaraqoyunlu marşrutunda öz avtobusları ilə əhaliyə sərnişin daşıma xidməti göstərməkdən yaranır. Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. Ümumi yığıncaq Cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. O - İddiaçı, ilkin sürücü - iştirakçı X1 (və onun həyat yoldaşı - X2) varisi olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində vərəsəliklə sürücü - təsisçi, iştirakçıdır. Mərhum atası X3 xəstə olduğuna görə işlətdiyi avtobusu satmış, sonra vəfat etmişdir. Onun öz avtobusu ilə sürücü kimi marşrutlar üzrə Cəmiyyətdə fəaliyyət göstərməsi bir problemə çevrilmişdir. Belə ki, onun avtobusla marşruta buraxılması üçün “Fərqlənmə nişanı” almaq barədə müvafiq adlı məktub AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X9 Xidməti 1 saylı “X17” MMC-yə təqdim edilmir. Sürücü kimi işlə təmin edilmir və marşruta buraxılmır. Əksinə “D” kateqoriyası olmayan sürücülük vəsiqəsi ilə təsisçi - iştirakçı olmayan şəxs işçi kimi işə götürülür, onun istifadəyə yararsız, təhlükəli avtobusu ilə əhaliyə Goranboy- Naftalan-Tapqaraqoyunlu marşrutunda sərnişin daşıma xidməti göstərilir. Sürücü - təsisçi, iştirakçılar 3-cü və ya başqa şəxslərə münasibətdə işə qəbul edilməkdə, işlə təmin edilməkdə üstünlük hüququna malikdirlər. O, cavabdeh "xxxx" MMC-yə lazımı, müvafiq sənədlər təqdim etməsinə baxmayaraq, cavabdeh tərəfindən sürücü kimi işə qəbul edilmədiyindən, müvafiq əmək müqaviləsi bağlanmadığından, marşruta buraxılmadığından işləyə bilmir. Bu isə özünün və ailəsinin maddi vəziyyətinə çox pis təsir göstərir. Cavabdeh "xxxx" MMC-nin təsisçiləri, iştirakçıları, ümumi yığıncaq bu məsələyə laqeyd qalmış, etinasız münasibət bəsləmişdir. xx.xx.2022-ci il tarixdə rəsmi qaydada cavabdehə müraciət etmiş, ona xx.xx.2022-ci il tarixli, 54 nömrəli məktubla cəfəngiyat olan bir cavab yazılmışdır. Həmin qanunsuz, əsassız və cəfəngiyat olan cavab məktubunu iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa, cavabdeh "xxxx" MMC-yə dəfələrlə şifahi, yazılı müraciətlər etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli 55 nömrəli cavab məktubunda göstərmişdir: "xxxx" MMC-nin rəhbəri Sizin yazılı və şifahi sorğunuzu nəzərə alıb "xxxx" MMC-də işlə təmin olunmağınız üçün 25 yanvar 2023-cü il tarixdə təsisçilərin ümumi yığıncağı keçirilmişdir. Təsisçilərin ümumi yığıncağının qərarında qeyd olundu ki, Siz səhmçi olduğunuz üçün işlə təmin olunmalısız. Ona görə də "xxxx" MMC-də işlə təmin olunmağınız üçün lazımi sənədləri "xxxx" MMC-yə təqdim etməklə əmək müqaviləsi bağlayıb, həmin gündən iş fəaliyyətinə başlaya bilərsiniz.” İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, iddiaçı kimi cavabdeh tərəfin məhkəmə iclaslarında vermiş olduğu izahatlara və təqdim etmiş olduğu sübutlara, sənədlərə dair öz mövqeyini rəsmi olaraq bildirərək qeyd edir ki, cavabdehin etibarnamə əsasında nümayəndəsinin-vəkilin sorğusuna Goranboy rayon Notariat ofisinin xx.xx.2023-cü il tarixli 275 nömrəli cavab məktubunda göstərilmişdir ki, “xx.xx.2021-ci il tarixdə vəfat etmiş X5 (FİN:3DF72Q8) barəsində Goranboy rayon Notariat Ofisində xx.xx.2022 -ci il tarixdə 2V-11 reyestrlə rəsmiləşdirilmiş vərəsəlik işi açılmış və xx.xx.2022-ci il tarixdə mərhumun oğlu İddiaçı mərhumun qanun üzrə vərəsəsi tanınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalındakı 12,5 faiz mayadan ibarət miras əmlaka dair ona 2V-159 reyestrlə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir”. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 17-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi notarius tərəfindən aparılan notariat hərəkəti olaraq müəyyən edilmişdir. Sorğuda qeyd olunan “Cəmiyyətin nizamnamə kapitalındakı payın cəmiyyətin təsisçisi olan fiziki şəxslərin vərəsələrinə və hüquqi şəxslərin hüquqi varislərinə yalnız cəmiyyətin qalan təsisçilərinin razılığı ilə keçir” müddəasına riayət olunub-olunmaması ilə əlaqədar hesab edir ki, həmin müddəanın tələblərinə riayət olunması kommersiya qurumuna dair dövlət reyestrindən çıxarış verilməsi rəsmiləşdirilərkən (Dövlət Vergi Xidmətində) nəzərə alınmalı və notariat qaydasında rəsmiləşdirilmiş razılıqlar tələb olunmalı idi. O, xx.xx.2022-ci il tarixli, 2V-11 reyestrlə rəsmiləşdirilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməni "xxxx" MMC-nin direktoruna və cəmiyyətin təsisçilərinə təqdim etmiş, cəmiyyətin təsisçiləri (o cümlədən təsisçi, Cəmiyyətin hazırkı direktoru X13 şəxsən özü) qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməni qəbul edərək, təsisçi X2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnamə Kapitalındakı 12,5 faiz payının vərəsə İddiaçı keçməsi ilə razılaşaraq, tanıyaraq, cəmiyyətdəki nizamnamə kapitalının vərəsəyə keçməsinə razılıq ifadələrini cəmiyyətin təsisçilərinin ümumi yığıncağının müzakirəsinə çıxarmış, müzakirə edilmiş, cəmiyyətin təsisçilərinin xx.xx.2022-ci il tarixli 44 nömrəli protokol-qərarına əsasən o, təsisçi kimi cəmiyyətə qəbul edilmiş, bununla bağlı qəbul edilmiş protokol - qərar təsisçilər tərəfindən razılıq ifadəsi olaraq imzalanmış, sonra Cəmiyyətin Nizamnaməsi təsisçilər tərəfindən imzalanmış və cəmiyyətin nizamnaməsi möhür ilə təsdiq edilmiş, bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 48 nömrəli protokolu cəmiyyətin direktoru tərəfindən saxta, əsassız tərtib edilmiş, yalnız onun özünün qərəzli mövqeyi olmaqla etibarsız bir sənəddir. Odur ki, "xxxx" MMC-nin təsisçilərinin 25 yanvar 2023-cü il tarixli 47 saylı protokolunun ləğv edilməsi haqqında "xxxx" MMC-nin təsisçilərinin 02 fevral 2022-ci il tarixli 48 saylı protokol-qərarı Cəmiyyətin direktorunun qərəzli mövqeyini əks etdirdiyindən, ziddiyyətli, qeyri-dəqiq, qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən həmin sənəd sübut kimi qəbul edilməyərək etibarsız hesab edilməlidir. O, "xxxx" MMC-də təsisçi, iştirakçı olmaqla sürücü işi ilə təmin edilməlidir. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının tələbi qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı mərhum X1 qanun üzrə vərəsəsi kimi tanınsa da, cəmiyyətin nizamnamə kapitalındakı pay cəmiyyətin təsisçisi olan fiziki şəxslərin vərəsələrinə və hüquqi şəxslərin hüquq varislərinə yalnız cəmiyyətin qalan təsisçilərinin razılığı ilə keçir. İddiaçı vərəsəlik haqqında aldığı şəhadətnamə "xxxx" MMC-nin yeni redaksiyada təsdiq edilmiş Nizamnaməsinin müddəalarının 7-ci bəndində Cəmiyyətin təsisçilərinin Nizamnamə kapitalındakı paylarının özgəninkiləşdirilməsi qaydasının 7.1 və 7.2-ci maddələrinə zidd olduğuna görə "xxxx" MMC-nin təsisçilərinin “25 yanvar 2023-cü il tarixli 47 saylı protokolunun ləğv edilməsi haqqında” 03 fevral 2023-cü il tarixli 48 nömrəli protokol-qərarı qəbul edilmişdir. Həmçinin, "xxxx" MMC-nin digər təsisçilərinin hamısı iddiaçının "xxxx" MMC-də sürücü kimi işlə təmin olunmasına qəti etirazlarını bildirirlər və bununla bağlı notarial qaydada təsdiq olunmuş ərizələrini də məhkəməyə təqdim etmişdirlər. Məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin 09 may 2022-ci il tarixli 44 saylı ümumi yığıncağının qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində ********** nömrəli qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni redaksiyada Nizamnaməsinin 2-ci bəndindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan və əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsidir. Nizamnamənin 3-cü bəndində: 1. İddiaçı, 2. X4. 3. X13,

4. X21, 5. X10, 6. X6, 7. X27, 8. X7 Cəmiyyətin təsisçiləri (iştirakçıları) kimi göstərilmişdir. Nizamnamənin 10.1.1-ci bəndindən görünür ki, Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. Nizamnamənin 16.1 və 16.2-ci bəndlərindən görünür ki, Cəmiyyətdə işəgötürmə və işdən azad edilmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək haqqı, Cəmiyyətin işçilərinin sosial təminatı məsələləri, məzuniyyətin verilməsi işçilərlə bağlanan əmək müqavilələri əsasında qanunvericiliyə uyğun qaydada həll edilir. İş materiallarında olan: "xxxx" MMC-nin müdiri X13 tərəfindən 25 yanvar 2023-cü il tarixdə İddiaçı ünvanlanmış 55 nömrəli məktubdan görünür ki, İddiaçı "xxxx" MMC-də işlə təmin olunması üçün lazımi sənədləri "xxxx" MMC-yə təqdim etməklə əmək müqaviləsi bağlayıb, həmin gündən iş fəaliyyətinə başlaya bilər. İş materiallarında olan: "xxxx" MMC-nin təsisçilərinin 25 yanvar 2023-cü il tarixli 47 saylı protokolundan görünür ki, 31 yanvar 2012-ci il tarixdə İddiaçı rəhmətlik atası X3 ilə X14 arasında olan alqı-satqı notarial qaydada olmadığı üçün X14 01 fevral 2022-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri arasında bağlanan Əmək müqaviləsinə xitam verilməsi və qüvvədən düşmüş hesab edilməsi, vərəsə İddiaçı isə səhmçi olduğu üçün 25 yanvar 2023cü il tarixdən lazım olan sənədləri "xxxx" MMC-yə təqdim etməklə işlə təmin edilmək üçün Əmək müqaviləsi bağlanması qərara alınmışdır. İş materiallarında olan: "xxxx" MMC-nin təsisçilərinin 03 fevral 2023-cü il tarixli 48 saylı protokolundan görünür ki, İddiaçı vərəsəlik haqqında aldığı Şəhadətnamə "xxxx" MMC-nin yeni redaksiyada təsdiq edilmiş Nizamnaməsinin ümumi müddəalarının 7-ci bəndində Cəmiyyətin təsisçilərinin Nizamnamə kapitalındakı paylarının özgəninkiləşdirilməsi qaydasının 7.1 və 7.2-ci maddələrinə zidd olduğu üçün "xxxx" MMCnin təsisçilərinin 25 yanvar 2023-cü il tarixli 47 saylı protokolunun ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan: "xxxx" MMC-nin digər təsisçiləri X13, X21, X7, X8 əvəzinə X11, X10, X6 tərəfindən məhkəməyə təqdim edilən notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, onlar İddiaçı "xxxx" MMC-də sürücü kimi əhaliyə sərnişin daşıma xidməti göstərməsinə qəti etirazlarını bildirir və iddianın rədd olunmasını xahiş edirlər. İş materiallarında olan: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təsisçi, iştirakçının sürücü işi ilə təmin edilməsi” tələbinə dair iddiası geri qaytarılmışdır. İş materiallarında olan: Goranboy 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, işlə təmin edilmə tələbi üzrə 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli 27972 saylı qəbzdən görünür ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvəldən görünür ki, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq əmək münasibətlərində gələn tələblərə ümumi məhkəmələr baxır İddia ərizəsinin məzmunundan göründüyü kimi burada hüquqi şəxsin fəaliyyəti və ya idarə edilməsi ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə mövcud deyildir. Mübahisənin sahibkarlıq subyektinin fəaliyyətinin həyata keçirilməsindən meydana çıxmasını göstərən hallar mövcud deyildir. İddiaçı hüquqi şəxsin təsisçilərindən olsa da, onun tələbi konkret olaraq işlə təmin edilməkdən və əmək müqaviləsi bağlamaqdan ibarətdir. İddiaçı öz tələbində təsisçiliklə bağlı məsələləri sadəcə bir üstünlük meyar kimi təqdim etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda göstərilən Qərarında da, əmək münasibətlərindən irəli gələn tələblərə baxılmasını heç bir şərt qeyd etmədən ümumi məhkəmələrə aid etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının tələbi təsisçisi (iştirakçısı) olduğu "xxxx" MMC-də sürücü işi ilə təmin olunmaqdan və müvafiq əmək müqaviləsinin bağlanmasının cavabdehin üzərinə öhdəlik kimi qoyulmasından ibarətdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəmiyyətin təsisçisi (iştirakçısı) olduğundan orada sürücü kimi işlə təmin olunmalıdır. Lakin Cəmiyyətin nizamnaməsində təsisçilərin (iştirakçıların) Cəmiyyətdə işlə təmin olunmaqda üstünlük hüququnun olması barədə heç bir müddəa öz əksini tapmamışdır. "xxxx" MMC-nin Nizamnaməsinin 16.1-ci bəndində qeyd olunmuşdur ki, Cəmiyyətdə işəgötürmə və işdən azad edilmə məsələləri, əmək rejimi, əmək haqqı, kompensasiyalar da daxil olmaqla bütün əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir. Belə olan halda, iddiaçı ilə "xxxx" MMC arasında olan hazırki mübahisə də əmək qanunvericiliyi çərçivəsində həll olunmalıdır. Əmək Məcəlləsinin 5-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 45.2-ci maddəsinə əsasən əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə”) 47.1ci maddəsinə əsasən, hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Mülki Məcəllənin 89-cu maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. Qanunverciliyin göstərilən müddəalarından göründüyü kimi, təsisçinin müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərinin müəyyənləşdirməsi onun hüquqi şəxsin üzərinə işə götürülməsi ilə bağlı öhdəlik qoyulmasına və bununla bağlı üstünlük hüququnun olmasına əsas vermir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təsisçisi (iştirakçısı) olduğu "xxxx" MMC-də sürücü işi ilə təmin edilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "xxxx" MMC-nin nizamnaməsində təsisçinin (iştirakçının) Cəmiyyətdə işlə təmin olunmaqda üstünlük hüququnun olmasına dair heç bir müddəa əks olunmamış, həmçinin, Cəmiyyətin digər təsisçiləri (iştirakçıları) da İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü kimi işlə təmin olunmasına öz etirazlarını bildirmişlər. Bundan başqa, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək münasibətlərinin yaranmasını və ya əmək münasibətlərindən irəli gələn qanunvericiliyin pozulmasını təsdiq edən sübut da məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumu və ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “təsisçi, iştirakçının sürücü işi ilə təmin edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar