Məhkəmə qərarları › İş №2(045)-1433/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1433/2023

22.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1433/2023 22.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində borcun və 95 (doxsan beş) manat dövlət rüsumuna görə ödənmiş pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ailəsini dolandırmaq üçün təsərrüfat işləri, həmçinin alverlə məşğul olur. Belə ki, mövsüm vaxtı xurma meyvəsi alıb, Ukrayna Respublikasına göndərir. Onun üçün həmişə əlimdə pulu olur. Cavabdeh onun həmkəndlisidir. Cavabdehlə onun arasında normal etibarlı münasibətlər olmuşdur. Cavabdeh bundan istifadə edərək ondan oğluna avtomobil almaq üçün 12 avqust 2021-ci il tarixdə 10000 (on min) manat borc pul verməyi xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 12 avqust 2021-ci il tarixdə Gəncə şəhəri 3 saylı notariat ofisində reyestrdə 3M-340 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmiş kredit müqaviləsi əsasında 10000 (on min) manat məbləğində pulu cavabdehə borc vermişdir. Cavabdeh almış olduğu pulu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüş və söz vermişdir. Lakin, göstərilən müddət keçməsinə baxmayaraq cavabdeh ondan aldığı borc pulu qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh oğluna avtomobil almış, evini təmir etdirmiş, başqa borcları olduğu üçün avtomobili satmış, həmin borclarını ödəmişdir. Müxtəlif bəhanələrlə borc aldığı pulu ona qaytarmaqdan imtina edir. Göstərilən səbəbdən o, ağır maddi vəziyyətə düşmüşdür. Odur ki, cavabdehdən məhkəmə qaydasında borc verdiyi 10000 (on) manat pulu və dövlət rüsumuna ödədiyi 120 manat pulu tələb edir. Mübahisənin məhkəməyə qədər nizama salınması və xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 9-cu bəndinə əsasən tərəflər arasında mübahisənin qarşılıqlı razılığa əsasən həll edilməsi üçün o, Cavabdeh poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə bildiriş - xəbərdarlıq göndərmiş, lakin cavabdeh bildiriş - xəbərdarlığı almasına baxmayaraq, onu saymamış, borclu olduğu pulu ödəmək istəməmişdir (bildiriş, poçt qəbzi və poçt göndərişinin verilməsi haqqında xəbərnamə iddia ərizəsinə əlavə edilir). Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh ona olan borcundan 2500 manatını ödəmişdir. Hazırda cavabdehin ona 7500 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında və məhkəməyə təqdim etdiyi yazılı ərizəsində göstərdi ki, iddianı tam qəbul edir. O, həqiqətən də İddiaçı xx.xx.2021-ci il tarixdə 10000 manat pul almış və qaytarmağı öhdəsinə götürmüşdür. Həmin puldan 2500 manatını iddiaçıya qaytarmışdır. Hazırda iddiaçıya 7500 manat borcu vardır. Məhkəmə, iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Notarial qaydada bağlanılmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10000 manat məbləğində borc pul vermiş və sonuncu həmin krediti xx.xx.2022-ci il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli, 14032 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında borc müqaviləsi bağlanmış, cavabdeh öhdəliyini icra etməyi öhdəsinə götürsə də, borcun qaytarılması üzrə öhdəliyini tam və lazımınca icra etməmiş, nəticədə iddiaçıya 7500 manat məbləğində borcu yaranmışdır. Hazırda Cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində borc pul və 95 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat məbləğində borc pul və 95 manat dövlət rüsumunun əvəzi (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar