Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1564/2023 26.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçınnı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh digər xərclərini nəzərə almadan ona ölmüş heyvana görə 1000 (bir min) manat alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə Göygöl rayonunda yerləşən mal bazarında tanış olmuşdur. 2021-ci il iyul ayının 18-də o, cavabdehdən 520 (beş yüz iyirmi) manat məbləğində iribuynuzlu dana almışdır. Pulu onlar Cavabdeh vermişlər və Vüsal adlı şəxsə 20 manat pul ödəyərək onun mal daşıyan avtomobili ilə heyvanı evin tövləsinə gətirmişlər. İyul ayının 27-də heyvanın nəcisində qan ifraz olunmağa başlamışdır. O, cavabdehə zəng edərək bu barədə məlumat vermişdir. Cavabdeh Məhəbbət Hsəsənov isə boynundan ataraq heç nə edə bilməyəcəyini bildirmişdir. Elə həmin gün heyvan tələf olmuşdur. Onlar baytar çağırıb heyvanı yardırmışlar və belə məlum olmuşdur ki, ölmüş heyvanın daxili orqanları xəstə imiş. Bu barədə sübut üçün akt tərtib olunmuş, həmçinin ölmüş heyvanın fotoşəkilləri çəkilmişdir. Sübut üçün fotoşəkilləri də təqdim edir. Onu da nəzərə çatdırır ki, ölmüş heyvana 520 manat pul şəxsən cavabdehə əlbəəl ödənilmişdir. Bundan başqa heyvan iyləndiyi üçün o, 20 manat İmamverdi adlı şəxsə də pul ödəyərək tələf olmuş heyvanı onun avtomobili ilə uzaq bir yerə apararaq tullamışdır. Həmçinin, o, dəfələrlə Goranboy Rayon Məhkəməsinə gedərək yola pul xərcləmişdir. Ona dəyən maddi zərərin ödənilməsi üçün qızı cavabdehə dəfələrlə zəng edərək müraciət etmişdir. Cavabdeh isə zərəri ödəməkdən imtina edərək, bilə-bilə xəstə malları onlara sataraq, məsuliyyətdən boyun qaçırmışdır. Onun maddi vəziyyəti çox ağırdır və belə bir zərərin olması onlara çoxlu maddi çətinliklər yaradır. Əlavə olaraq bildirir ki, o, üçüncü dəfədir ki, Cavabdeh haqqında Goranboy Rayon Məhkəməsinə müraciət edir. Belə ki, Cavabdeh dələduzluğu ilə bağlı polisə müraciət etmişdir. Mal bazarında Səbuhi adlı polis Məhəbbətin ad soyadını Məhəbbətin öz dilindən öyrənərkən, Məhəbbət öz ata adını inkar edərək, Temur əvəzinə Əli olduğunu deyərək polisi və onları aldatmışdır. Cavabdehin atasının adı əslində Temurdur, amma Əli deyə bildirmişdir. Yaşadığı yeri isə Xınnalı deyil, Həmənli olaraq demişdir. Onlar da cavabdehin polisə verdiyi yalan informasiyanı olduğu kimi iddia ərizəsində yazmışlar. Həmin işə hakim İsmayıl Abdulrəhmanlı baxmışdır və iş onun xeyrinə qiyabi qətnamə çıxardılaraq həll olunmuşdur. Sonradan icra şöbəsində Cavabdeh ata adının Əli deyil Temur olduğu və yaşadığı qeydiyyat yerinin Həmənli deyil Xınalı olduğu aşkara çıxmışdır, icra şöbəsində iş dayandırılmışdır. İikinci dəfə yenidən Cavabdeh adına dair iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh məhkəmədə işə baxılan müddətdə ona zəng edərək dəfələrlə bildirdi ki, onun adına olan ərizəni geri götür, dəymiş zərəri geri ödəyəcək. 2023-cü il tarixdə cavabdehin adına verdiyi ərizəni geri çəkərək işi dayandırmağı xahiş etmişdir. Lakin, Cavabdeh yenə də, inamından sui istifadə edərək sonda bildirib ki, “mən o pulu ödəməyəcəm”. Məcbur olaraq yenidən cavabdehin üçüncü iddia ərizəsini təqdim edir. Möhtərəm Hakim! İnsan nə qədər dələduz olar ki, ata adını inkar edib başqa bir ad desin. Bu qədər yalan danışaraq inamından sui istifadə edərək dəfələrlə onu aldadaraq söz verərək verdiyi sözlərdən və əməllərdən yayınmağa çalışır. Cavabdeh bu qanuna sığmayan hərəkət və əməllərinə görə ona xeyli miqdarda maddi və mənəvi zərər vurmuşdur. Hesab edir ki, 2021-ci ildə 520 (beş yüz iyirmi) manat qiyməti olan malın hal hazırda dəyəri 1000 (min) manatdır. Həmçinin, 20 manat malın ünvana daşınması, 20 manat ölmüş malın cəsədinin aparılması, 100 manat ilk qətnamə çıxana qədər xərclədiyi yol xərci və bugünkü yol xərci, hər iki iddia ərizələrinin yazılmasına 100 manata qədər məbləğ xərcləmişdir. Məhkəməyə bu işlə bağlı ödədiyi 62 manat dövlət rüsumunu cavabdehdən tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, Göygöl rayonunda yerləşən mal bazarında iribuynuzlu heyvanların satışı ilə məşğul olur. 2021-ci il iyul ayının iddiaçı ondan üç heyvan almışdır. Heyvanların hamsı sağlam olmuşdur. İddiaçı təxminən 15 gün sonra onun yanına gələrək heç bir sübut-dəlil olmadan heyvanın xəstə olduğunu və buna görə öldüyünü bildirmişdir. O, heyvanı iddiaçıya sağlam vəziyyətdə satıb, heyvanın ölüm səbəbi baytar həkimin verdiyi aktdan da görünür ki, düzgün qidalanmamağı, yəni həddən artıq yemlənməsi olmuşdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Göygöl Rayon Baytarlıq İdarəsi tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, X1 müraciəti əsasında ölmüş 130 kq çəkisi olan sarı ala rəngli erkək danadan götürülmüş nümunə üzrə aparılmış laboratoriya müayinəsi heyvanın kitabçanın yemlə tıxanması səbəbindən ölməsi qənaətinə gəlməsinə əsas vermişdir; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 31725 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən edilmişdir ki, tərəflər arasında şifahi alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan mal-qaranı satmağı, iddiaçı isə həmin müqavilə üzrə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçının aldığı iribuynuzlu heyvanlardan biri müəyyən müddət sonra yemlə tıxanması səbəbindən ölmüş və buna dair baytarlıq idarəsi tərəfindən akt tərtib edilmişdir. Lakin iddiaçı heyvanın ölüm səbəbini əslində cavabdehin ona xəstə heyvan satması ilə əlaqələndirir və dəymiş ziyanın bugünkü bazar qiymətinə uyğun olaraq 1000 manat olduğunu iddia edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 -ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır; 1096.1. və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir; 609-cu maddəyə görə heyvan, quş və balıq satıcısı yalnız faydalı və damazlıq heyvanların satıldığı halda qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi (14 günlük qarantiya müddəti ilə), habelə ağ ciyərlərin tam iltihabı (28 günlük qarantiya müddəti ilə) və yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi (14 günlük qarantiya müddəti ilə) kimi başlıca qüsurlar üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin): 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İstinad olunmuş maddi normaların dispozisiyasına və iddianın əsaslarına görə, tələb üzrə mülki hüquq pozuntusunun tərkibinin olması üçün, mülki-hüquqi məsuliyyətin törədilmiş əməlin hüquqa zidd olması, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər vurulması, zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması və hüquq pozanın təqsirinin olması ümumi şərtləri mövcud olmalıdır. Məhkəmə göstərilən maddələrin ümumi şərtlərini hazırkı mülki mübahisə ilə müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, cavabdehin təqsirli və hüquqazidd hərəkətinin olmasını iddiaçı sübut edə bilməmişdir. Belə ki, işin faktiki hallarından məlum olur ki, 2021ci ilin iyul ayının18-də tərəflər arasında şifahi olaraq iribuynuzlu heyvanın alğı-satqısına dair hüquq münasibəti yaranmışdır. Alğı-satqı müqaviləsi bağlanan zaman və həmin heyvan alınarkən xəstə olması faktı müəyyən olunmamışdır. Eləcə də, mülki qanunvericilikdə sözügedən heyvanın ölümünə səbəb olmuş hala (yemlə tıxanmaya görə) görə satıcı məsuliyyəti nəzərdə tutulmamışdır, eyni zamanda nəzərə alınmalıdır ki, həmin heyvan alğı-satqıdan 9 gün sonra tələf olmuşdur. Göründüyü kimi iddaçı tələbinin əsaslarını, yəni heyvanın ona verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gələn qüsura görə tələf olduğunu sübuta yetirə bilmədiyi üçün iddiası əsassız hesab olunmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1564/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1564/2023
26.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver