Məhkəmə qərarları › İş №2(045)-1582/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1582/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1582/2023 11.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X13 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 8500 manat məbləğində və 105 manat dövlət rüsumuna ödənilmiş pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2 il bundan əvvəl, yəni 2021-ci ildə yaşadığı kənddə ailəli, 5 nəfər ailə üzvündən ibarət olan oğlu X6 aldığı torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmək qərarına gəlmişdir. Tikintiyə başlamaq istəyərkən bu barədə məlumat əldə edən həmkəndliləri X4 və onun atası Cavabdeh onunla görüşərək bildirmişlər ki, “nə üçün o boyda xərci ev inşasına sərf edirsən, indiki zamanda ev tikmək çox çətindir, tikinti materialları olduqca bahadır, çox böyük çətinlik çəkəcəksən, ona görə də, dədə-baba mülkümüzdə heç kim yaşamır, babamdan miras qalmış ev mənim adıma sənədləşdirilib, sözügedən mülkü satıram, yaxşısı budur ki, o böyüklükdə əziyyət çəkib ev alana qədər mənim hazır evimi alasan”. Cavabdehin bu təklifini atası Cavabdeh da müdafiə etmişdir. Çox fikirləşdikdən sonra qəti qərara gəlmişdir ki, bu yaxşı təklifdir, cavabdehin hazır evini oğluna alsın. Evin dəyəri haqqında cavabdehdən məlumat əldə etmiş, 20000 manata verdiyini demişdir. O, razılaşmış və ertəsi gün cavabdeh X2 6500 manat nağd pulu onun ailə üzvlərinin və cavabdehin atasının iştirakı ilə vermişdir. Aralarında razılığa gəlmişlər ki, evin sənədləşdirilməsini həyata keçirərkən qalan pulu notariusda alğı-satqı əməliyyatı aparanda verəcək. Cavabdeh evin giriş qapısının açarını ona vermişdir ki, artıq ev onundur, evdə və həyətyanı torpaq sahəsində hər hansı bir əməliyyat apara bilərsən sözlərini demişdir. Pul verilərkən onun qardaşı X10, həyat yoldaşı X11, X8, X12 və cavabdehin atası Cavabdeh şahid olmuşlar. Mülkün həyətyanı torpağının hasarı yarıtmaz halda olmuşdur. Ona görə də birinci hasarı yenidən inşa etmək qərarına gəlmiş, daş, sement, qum gətirmiş, usta çağırmış, 1500 manat xərc çəkərək hasarı yenidən çəkdirmişdir. Paralel şəkildə evin daxilində təmir işlərinə başlamış, daxili divarlarda rəngləmə və ağartma işləri görmüş, 500 manat məbləğində xərci çıxmışdır. Ev bu minvalla 7 ay onların ixtiyarında olmuş, 7 aydan sonra cavabdeh və atası onunla notariusa getmişdir ki, sənədləşmə işlərini başa çatdırsınlar. Notariat kontorunda onlara bildirmişlər ki, bu ev satıla bilməz. Cavabdehin bibisi Şəhla və digərlərinin miras payları olduğuna görə satılmağına qəti olaraq etiraz edirlər. Hətta bibisi notariat kontoruna zəng etmişdir ki, “gəlib özümü yandıraram, heç bir sənədləşdirmədən söhbət gedə bilməz”. Beləliklə, cavabdehlə aralarındakı razılaşmaya xitam vermişlər və ona verdiyi 6500 manatı və əlavə mülkün hasarına, otaqlarının təmirinə xərclədiyi 2000 manatı geri istəmişdir. Cavabdeh və atası bildirmişlər ki, “verdiyin pulun üstünü də düzəldərək özümüzə minik avtomobili almışıq, gözlə pulumuz olanda pulunu qaytaracağıq”. Bu hadisədən il yarım vaxt keçməsinə baxmayaraq cavabdehdən pulunu geri ala bilmir. Hətta bu məsələ ilə bağlı iş Goranboy Rayon Polis Şöbəsinə də düşmüşdür. Aralarındakı qarşıdurma, söz-söhbət, dava-dalaş polis tərəfindən araşdırılmış, cavabdehə qarşı qaldırılmış cinayət işi rədd edilmişdir. Polisdə bildirmişlər ki, mülki iş olduğundan məhkəməyə müraciət edilməlidir. Ədalət mühakiməsinə bəyan edir ki, cavabdehlə aralarında olan etibar və etimada, qonşuluq münasibətlərinə və bir-birlərinin xeyir-şərinə yaramağına rəğmən pul vermişlər. Özləri də bu barədə etiraf etmişlər, hətta səs yazıları da var, ancaq pulu qaytarıb ala bilmirlər. Cavabdeh onun konstitusion hüquqlarını ayaqlayıb pulunu qaytarmır, “pulum olanda qaytaracağam” şüarını təkrarlayır. İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 cavabdehlər siyahısından çıxarılması və Cavabdeh 6500 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Goranboy rayonu, Aşağı Ballıqaya kəndində aldığı torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmək qərarına gəlmişdir. Həmin vaxt həmkəndlisi Cavabdeh onunla görüşərək özünəməxsus mənzili 20000 manata ona satmağı təklif etmişdir. O, bu təklifi qəbul etmiş və cavabdehə 6500 manat nağd pulu ailə üzvlərinin iştirakı ilə vermiş, qalıq qalan məbləği isə evin sənədləşdirilməsini həyata keçirərkən notariusda alğı-satqı əməliyyatı aparanda ödəyəcəyi barədə razılaşmışlar. Bundan sonra cavabdeh evin giriş qapısının açarını ona vermiş, artıq ev onundur, evdə və həyətyanı torpaq sahəsində hər hansı bir əməliyyat apara bilərsən sözlərini demişdir. O, həmin evdə təmir işləri aparmış və 2000 manat məbləğində xərc çəkmişdir. Təxminən 7 ay sonra sənədləşmə işləri aparılan zaman notariat kontorunda onlara evin satıla bilməyəcəyi, cavabdehin bacısı Şəhla və digərlərinin miras payları olduğuna görə evin satılmağına qəti olaraq etiraz etdiyi bildirilmişdir. O, bundan sonra evdən çıxmış və verdiyi pulu geri almaq üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh həmin pula avtomobil aldığını və pulu olanda qaytaracağını bildirmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, pulu cavabdehə vermişdir. Pulu verən zaman oğlu X4 da cavabdehin yanında olduğundan Umudun da məsuliyyət daşıdığını zənn edərək cavabdeh kimi göstərmişdir. Lakin, pulu şəxsən Umuda vermədiyi üçün iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Umudu cavabdehlər siyahısından çıxarmış, tələbini yalnız cavabdehə qarşı yönəltmişdir. Cavabdehə pul verərkən oğlu X12 da yanlarında olmuşdur. Cavabdeh nə ona, nə də ki, onun oğluna 3500 manat məbləğində pul geri qaytarmamışdır və dedikləri həqiqəti əks etdirmir. Reallıq əslində ondan ibarətdir ki, cavabdeh 3500 manat pulu oğlu X7 həmin evdə bir müddət yaşaması ilə əvəzləşdirir, ona görə də, məhkəməyə həmin pulu geri qaytardığını bildirir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, Goranboy rayonu, Aşağı Ballıqaya kəndində yerləşən fərdi yaşayış evi atasından miras qalmışdır. Lakin, ev onun adına sənədləşdirilməmişdir. Həmin evin 20000 manata satılması barədə razılığa gəlmişlər. O, evini satmaq qarşılığında iddiaçıdan yox, iddiaçının oğlu X5 6500 manat məbləğində pul almışdır. Həmin pulun 3500 manat hissəsini də aralarındakı razılaşma pozulduğu üçün Ramilin özünə geri qaytarmışdır. İddiaçı ilə onun arasında alğı-satqı razılaşması olmamışdır. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçının oğlu onun satmaq istədiyi evdə bir müddət yaşamış, lakin bunun qarşılığında 3500 manatın əvəzləşdirilməsi barədə iddiaçının dedikləri yalandır. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, iddiaçı onun atasıdır. İddiaçı 6500 manat məbləğində pulu cavabdehə onun yanında vermiş, digər ailə üzvləri də orada olmuşdur. Hazırda cavabdehin bu faktı təkzib etməsini başa düşə bilmir. Cavabdehin məqsədi işi uzatmaqla onları bezdirməkdir. Cavabdeh nə ona, nə də ki, atasına 3500 manat pul qaytarmamışdır. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarından görünür ki, evin alğı-satqısı barədə razılığa gəlinməsi və cavabdeh tərəfindən 6500 manat məbləğində pulun alınması işin mübahisəsiz halıdır. Cavabdehin etirafı artıq iddiaçını 6500 manat pul verilməsini sübut etmə vəzifəsindən azad edir. Lakin, cavabdeh həmin pulu iddiaçıdan yox onun oğlu X5 aldığını və 3500 manat hissəsini ona qaytardığını bildirir. Belə olan halda sübutetmə yükünün bölüşdürülməsi baxımından həmin halı sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, iddiaçı pulun oğlu tərəfindən deyil onun özü tərəfindən verildiyini, sadəcə həmin vaxt oğlunun da onların yanlarında olduğunu, cavabdehin pulu aldığını iddia etdiyi iddiaçının oğlu isə məhkəmə iclasında şahid qismində dindirilərkən 6500 manat pulun onun tərəfindən deyil onun yanında atası tərəfindən cavabdehə verildiyini və cavabdeh tərəfindən 3500 manat pulun onlara qaytarılmadığını bildirmişdir. Odur ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında olan razılaşmanın şərtlərinə əsasən tərəflər Goranboy rayonu, Aşağı Ballıqaya kəndində yerləşən fərdi yaşayış evinin notariat qaydasında 20000 manata alğı-satqısı barədə razılığa gəlmişlər və ilkin olaraq iddiaçı cavabdehə 6500 manat məbləğində pul ödəmişdir. Lakin, nə razılaşma olan zaman, nə də ki alğı-satqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə iddiaçıya satılması nəzərdə tutulan mübahisəli ev cavabdehin mülkiyyətində olmamış, həmin ev cavabdehin atasından miras qalmış, cavabdeh evin mülkiyyət hüququ əsasında öz adına dövlət qeydiyyatına alınması üçün hər hansı hərəkət etməmişdir. Belə ki, cavabdeh mülkiyyətində olmayan fərdi yaşayış evini iddiaçının adına notariat qaydada rəsmiləşdirə bilməzdi. Nəzərə alınmalıdır ki, cavabdehin mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınmamış yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Bununla da cavabdeh iddiaçı ilə arasında olan razılaşmanın şərtlərinə əməl etməmiş, mübahisəli evin alğı-satqısına görə iddiaçıdan 6500 manat məbləği aldıqdan sonra evin notariat qaydasında iddiaçının adına rəsmiləşdirilməsi üçün addımlar atmamış, razılaşmanın icra edilməməsi üçün məsuliyyət cavabdehin üzərində qalmışdır. Tərəflər arasında evin alğı-satqısı baş tutmamışdır. Həmçinin fərdi yaşayış evi cavabdehin adına qeydə alınmadığı halda cavabdeh bu barədə iddiaçıya hər hansı məlumat verməmişdir. Bu hal isə cavabdehin iddiaçı ilə razılaşma əldə edərkən mülki hüquq münasibətlərinin subyekti kimi öz hüquq və vəzifələrini vicdanla həyata keçirdiyini şübhə altına almağa əsas verir. Məhkəmə hesab edir ki, razılaşma ilə şərtləndirilmiş fərdi yaşayış evinin alğı-satqısının qeyrimümkün olmasını bilən cavabdeh razılaşmanın icra edilməməsi üçün məsuliyyət daşımaqla, razılaşmanın icra edilməməsindən sonra iddiaçıdan aldığı 6500 manat pulu ona qaytarmamaqla iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində tələbini X2 və Cavabdeh qarşı yönəltmiş, pulu X2 verdiyini qeyd etsə də, iddia tələbinin həcminin azaldılması barədə ərizədə tələbini yalnız Cavabdeh qarşı yönəltmiş, X3 cavabdehlər siyahısından çıxarmışdır. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi izahatında pulu Cavabdeh verdiyini bildirmişdir. Qeyd olunan ziddiyyətin aydınlaşdırılması üçün məhkəmə iclasında sual-cavab zamanı iddiaçı pulu məhz Cavabdeh verdiyini bildirmiş, pulun verən zaman onun oğlu X4 da yanlarında olduğundan onun da məsuliyyət daşıdığını zənn edərək cavabdeh kimi göstərdiyini, lakin sonra pulu şəxsən oğluna vermədiyi üçün iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək onu cavabdehlər siyahısından çıxarmış, tələbini yalnız Cavabdeh qarşı yönəltdiyini bildirmişdir. Cavabdeh tərəfindən də bu hal mübahisələndirilməmiş, əksinə 6500 manat pulun onun tərəfindən alınması etiraf edilmişdir. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizədə cavabdehdən yalnız 6500 manat məbləğində pulun alınmasını xahiş etdiyindən, yəni ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 105 (yüz beş) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar