Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1614/2025 04.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1050 (bir min əlli) manat maddi, 300 (üç yüz) manat mənəvi zərər və 34 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, onu mülkiyyətində olan “Mitsubishi Mirage” markalı, dövlət nömrə nişanı **-RA- *** buraxılış ili 2020-ci il olan minik nəqliyyat vasitəsini müqavilə ilə 3 illiyə, qalıqla, 3 il müddətinə, ayda 800 manat ödəmək şərtilə vermişdir. Bu müqavilə üzrə şərtlər müqavilə müddətininin sonuna kimi tam və vaxtında icra edildikdə, nəqliyyat vəsitəsi alanın tərəfindən müvafiq dövlət orqanında rəsmiləşdirilərək adına keçirilir. Razılaşmaya əsasən 2700 manat depozit qoyulmalı idi. Ondan xx.xx.2024-cü il 1500 manat verib, qalan 1200 manatı cavabdeh xx.xx.2024-cü ilə qədər ödəməli idi. xx.xx.2024-cü il cavabdeh 600 manat karta atdı, qalan 600 manatı aylıqla birlikdə xx.xx.2024-cü il tarixdə verəcəyinə söz verdi. Cavabdeh xx.xx.2024-cü il 800 manat aylığı kartına atdı, ancaq 600 manatı depozitin qalığını çatdırmadı. xx.xx.2024-cü il tarixdə cavabdeh maşınla qəza törədib. Qəza törətdiyinə görə Yasamal rayonu, Badamdar yol polis inspektoru tərəfindən Yasamal Məhkəməsinə müraciət edilib, məhkəmənin çıxartdığı qərarla cavabdehə 15 sutka, sürücülük vəsiqəsini 1 il müddətinə ləğv edib, maşını da cərimə meydançasına yerləşdirilib. Cavabdeh məhkəmə qərarı ilə əlaqədar ona məlumat verməyib, gizlədib ondan. xx.xx.2024-cü il o, zəng edib cavabdehdən aylığı tələb etmiş, o da deyib ki, sabah gətirəcək, "Ağçiçəyim" şadlıq evinin qabağında görüşərlər. xx.xx.2024-cü il o, cavabdehlə görüşmüş, aylığı tələb etmiş (800 manat), əvvəl deyib ki, kartındadır verəcək sənə, sonra deyib ki, hazır deyil. Cavabdeh nə 800 manat aylığı verdi, nə də 600 manat depoziti, sonra maşını soruşanda deyib ki, Zabratda cərimə meydançasındadır. O, ondan Yasamal rayon məhkəməsinin qərarını almış, tanış olmuş və onunla birlikdə Yasmal rayonu, Badamdar yol polis idarəsinə getmişlər. 31-ci otaqda məhkəmə qərarını Emin müəllimə təqdim etmiş və xahiş etmiş ki, maşını cərimə meydançasından çıxartmaq üçün buraxılış vərəqəsi versin. Buraxılış vərəqəsini alıb, Zabrat cərimə meydançasına getmişlər maşını çıxartmaq üçün. Maşını cərimə meydançasından çıxartmışlar, maşın vurulmuşdu (sağ tərəfdən 2 qapı, 1 krulo), möhkəm əzilmişdi. O, cavabdehə deyib ki, maşını təmirə aparmaq lazımdır, o da deyib ki, Ramanada onun təmirçi dostu var, aparaq ora. Maşını saat 17:00-da cavabdehin təmirçi dostuna təhvil vermişlər, usta deyib ki, xx.xx.2024-cü il tarixdə gəlib maşını apararsınız. O, cavabdehə xx.xx.2024-cü il səhər zəng etmiş, o, ona deyib ki, zəng etsin ustaya, görsün maşın hazırdı, gedib götürsünlər maşını. Sonra ona zəng edib deyib ki, ustaya zəng çatmır. Gün ərzində o, ona zəng etmiş, ancaq ona cavab verməmişdir. xx.xx.2024-cü ildə o, məcbur qalıb cavabdehin yaşadığı ünvana getmiş, qapını döymüş cavabdeh evdə olduğu halda qapını açmamışdır. O, binanın komendantının otağına getmiş və ondan soruşub ki, 2 nömrəli mənzildə hansı ailə yaşayır, o, ona deyib ki, 10 ildir Seyidovlar ailəsi o mənzildə yaşayırlar. Sonra o, təkrar binaya yaxınlaşıb, mənzilin balkonunda cavabdeh oturub siqaret çəkirmiş. O, onu aşağı dəvət etmiş və ondan soruşub ki, qapını döyüb niyə açmayıb, o, ona deyib ki, yatdığı üçün eşitməyib, sonra ona deyib ki, getsinlər ustadan maşını götürsünlər, o, ona dedi ki, maşın ustada deyil, əmisioğlu ilə birlikdə maşını ustadan götürüb əmisioğlunun gənclikdə yaşadığı binanın qabağına yerləşdiriblər. Cavabdehin əmisi oğlu maşını etibarnaməsiz sürüb. Onun maşınını cavabdeh başqa adama sürməyə verib. xx.xx.2024-cü il cavabdehdən maşını təhvil almış, maşın təmir olunmamışdır. O, cavabdehə saz, təmiz maşın vermişdir, o isə ona nasaz, içi bərbad halda olan maşın verib, o, maşını təmirə qoymuşdur. xx.xx.2024-cü il tarixdə o, maşınını X.Dadaşov küçəsində cavabdehə verdiyi üçün həm də o, ərazi Yasamal rayonu 29-cu polis bölməsinin ərazisi olduğu üçün ərizə ilə həmin polis bölməsinə müraciət etmişdir. Onun ərizəsini təhqiqatçı Yusif müəllim (***-***-**-**) araşdırmış, onun izahatını almışdır. Təhqiqatçı araşdırmanı davam etdirmək üçün işi həmin sahəyə baxan inspektor Rövşən müəllimə (**********) təqdim etmişdir. xx.xx.2025-ci il tarixdə sahə inspektoru Rövşən məllim ona məktub göndərmişdir. Məktubda qeyd edilmişdir ki, müraciətiniz mülki xarakterli olduğundan, Yasamal rayon məhkəməsinə müraciət etməyi tövsiyyə olunur. Cavabdeh ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Maddi ziyan aylığı (800 manat) ödəməyib, birdə 29 dəfə cərimə olunub, onu ödəməyib. Mənəvi ziyan, maşını vurub, maşını cərimə meydançasına qoyublar, maşını əmisi oğluna sürməyə verib, maşını təmir etməyib, 29 dəfə yazılmış cəriməsini ödəməyib. Bunların hamısını ondan gizlədilib, ona xəbər etməyib. Cavabdehin ona 1050 manat maddi borcu, 300 manat mənəvi borcu var. Cavabdehin ona cəmi 1350 manat borcu vardır. Borcludan pul vəsaitini ala bilmədiyi üçün məhkəmə müdaxiləsinin zərurəti yaranmışdır və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ona görə də pul vəsaitinin 1350 manat məbləğində pulun borcludan alınıb ona qaytarılması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlərdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, “Mitsubishi Mirage” markalı, **-RA-*** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2028-ci ilədək İddiaçı tərəfindən Cavabdeh idarə olunması üçün etibar edilmişdir; xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin alğı-satqı” müqaviləsindən görünür ki, İddiaçı “Mitsubishi Mirage” markalı, **-RA-*** dövlət nömrə nişanlı avtomaşını ilkin 2700 (iki min yeddi yüz) manat ödəməklə, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hər gün üçün 26,86 manat ödəmək şərtilə Cavabdeh satmışdır; "xxxx" ASC-nin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı hazırkı iddia tələbi üzrə 35 manat məbləğində dövlət rüsumu ödəmişdir; "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, “Mitsubishi Mirage” markalı, **- RA-*** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2024-cü ildə servisə daxil olmuş, avtomobilin təmiri üçün ümumilikdə 400 manat pul ödənilmişdir; xx.xx.2024-cü il tarixli 29 ədəd mədaxil qəbzlərindən görünür ki, cavabdeh tərəfindən yol verilmiş inzibati xətalara görə iddiaçı tərəfindən ümumilikdə 567,30 manat miqdarında inzibati cərimə ödənilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı maddi hüquq normalarına əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında avtomaşının satışına dair yazılı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu saziş ilə nəzərdə tutulduğu qaydada vaxtlı-vaxtında ödəməmiş, bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1-ci maddəsinə əsasən əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır; 606.4-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcıya verilmiş əşyaya mülkiyyət hüququnun mal ödənilənədək satıcıda qaldığı nəzərdə tutulduqda alıcı mülkiyyət hüququ ona keçənədək əşyanı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya əşyanın təyinatından və xassələrindən ayrı qayda irəli gəlmirsə, özgəninkiləşdirə bilməz və ya ona dair digər sərəncam verə bilməz; 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1 -ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə aparılmış araşdırmanın nəticələrini əsas götürüb, iş materiallarını təhlil edərək, daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında qarşılıqlı iradə ifadəsi əsasında yazılı nisyə alğı-satqı müqaviləsi bağlanmış və iddiaçıya ilkin olaraq 2700 manat və daha sonra xx.xx.2027-ci il tarixədək hər ay 800 manat ödənilməsi qarşılığında avtomaşının cavabdehə satılması şərtləndirilmişdir. Cavabdeh aldığı avtomaşının dəyərini müqavilə şərtlərinə uyğun ödəyəcəyi barədə yazılı vəd versə də, buna əməl etməmiş, belə ki, o, ilkin ödənişindən cəmi 2100 manat və xx.xx.2024-cü il tarixədək olan 800 manat aylığını ödəmiş, daha sonra ödənişlərdən yayınaraq, xx.xx.2024-cü il tarixədək olan aylıq 800 manatı və ilkin ödənişin 600 manat hissəsini ödəməmiş, avtomaşına aradan qaldırılmamış 400 manat miqdarında maddi ziyan vurmuş, avtomaşını idarə etdiyi müddət ərzində yol hərəkəti qaydalarını pozmasına görə 29 dəfə olmaqla, ümumilikdə 567,30 manat məbləğində inzibati qaydada cərimə olunmuş, həmin cərimələr onun tərəfindən ödənilməmiş və nəticədə iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyinə görə 1767,30 manat mülki məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, avtomaşın 6 ay müddətindən tez iddiaçıya qaytarıldığına görə müqavilə şərtlərinə uyğun olaraq, ilkin ödəniş 2100 manatın 1350 manat hissəsi iddiaçının mülkiyyəti hesab olunmalı və qalıq 750 manat isə cavabdehin 1767,30 manat öhdəliyinə aid edilməlidir. Nəticədə cavabdehdən iddiaçının xeyrinə borc pul və maddi zərər kimi 1017,30 manat məbləğində pul tutulmalıdır. Məhkəmə iddia tələbinin 300 manat mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır; Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri– inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X1rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Cavabdeh tərəfin əməllərində mülki hüquq pozuntusu (delikt) nəticəsində iddiaçı şəxsin mənəvi sarsıntı keçirməsi ilə bağlı əlaqə aşkar edildiyindən, məhkəmə Cavabdeh mənəvi ziyana görə 50 (əlli) manat məbləğində pulun İddiaçı xeyrinə tutulmasını ağlabatan və əsaslı hesab edir, odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə borc pul və maddi zərər kimi 1017,30 manat, mənəvi zərər kimi 50 (əlli) manat olmaqla, ümumilikdə 1067,30 manat məbləğində pul və ödənilmiş 30,67 (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır Şərh оlununlаrа əsаsən MPM-in 216-220, 227, 233 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə borc pul və maddi zərər kimi 1017,30 manat, mənəvi zərər kimi 50 (əlli) manat olmaqla, ümumilikdə 1067,30 manat məbləğində pul və ödənilmiş 30,67 (ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-1614/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1614/2025
04.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver