Məhkəmə qərarları › İş №2(045)-1623/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1623/2023

01.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1623/2023 01.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X27 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Goranboy Rayon Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Goranboy Rayon Notariat Ofisinə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin adına verilmiş xx.xx.2021-ci il tarixli, 2V-453 reyestrli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Goranboy rayonu, Nizami kəndində xüsusi mülkiyyətində 23.6 kv.m sahəli yaşayış otağı, 27 kv.m qeyri-yaşayış sahəsi, 36 kv.m zirzəmi və 60 kv.m əl damı sahəsindən ibarət yaşayış evi var. Bu hüququ Goranboy Rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyat İdarəsi tərəfindən verilmiş 79 №li qeydiyyat vəsiqəsi və ona əlavə edilmiş sxemlə, eləcə də “tikililərin və qurğuların xarakteristikası” ilə müəyyən olunur. Onun həmin mülkiyyəti xx.xx.2005-ci il tarixdə vəfat etmiş atası X11 miras qalmış 121.3 kv.m (49.2 kv.m yaşayış, 72.1 kv.m yardımçı sahə) olan mülkün təxminən yarısıdır. Atası öləndə 6 uşağı (6 qanun üzrə vərəsəsi) olmuşdur. O, qardaşları Yuriq, Fəxrəddin və Nurəddin, bacıları Elba və Elfiradır. O, atasının mülkündə yaşamışdır. Atası mülkünün yarısını, yəni 23.6 kv.m sahəli yaşayış otağını, 27 kv.m yardımçı sahəni, 36 kv.m zirzəmini və 60 kv.m əl damını, 41 (4+37=41) sot torpaq sahəsinin 17.39 sotu ilə həmişəlik onun sahibliyinə vermişdir. Başqa sözlə, o, ailə üzvü olaraq atasının mülkündə yaşamışdır. Qardaş-bacıları isə ayrı yaşayırdılar. Atasının ölümündən ötən 6 ay müddətində Yuriq mülkə yaxın gəlməsə də o, qardaşları Fəxrəddin və Nurəddin Yuriqi inkar etməmiş, miras mülkdən 1/6 paylarını xx.xx.2005-ci il tarixdə verilmiş 2V- 1-97 №li qanun üzrə vərəsəlik şəhadətnaməsi ilə almışlar. Elə həmin gün qardaşları 40-1-127 reyestr bağışlama müqaviləsi ilə 1/6 paylarını ona verdiklərindən onun payına mülkün 3/6 hissəsi, yəni yarısı düşmüşdür. Həmin paya da o, yuxarıda qeyd edilən 79 №li qeydiyyat vəsiqəsini almışdır. Əslində Yuriq mirası qanunla nəzərdə tutulan 6 ay müddətində və 3 formanın hər hansı birində qəbul etməmişdir. Buna baxmayaraq o və qardaşları Yuriqi inkar etməmiş, nəinki 1/6 payını, mülkün yarısını ona saxlamışlar. Qeyd edir ki, atasının adına formal qeyd edilən köhnə VAZ-21063 markalı, J26-03-AZ qeydiyyat №li avtomaşın faktiki olaraq Yuriqin özünün olmuşdur. Həmin avtomaşına o, xx.xx.2013-cü il tarixdə, yəni atasının ölümündən 8 il sonra 2V-1-29 №li qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Qardaşı Yuriq mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli, 2V-453 reyestrli qanun üzrə vərəsəlik şəhadətnaməsini vaxtilə atası Ağanın adına olan köhnə sənəddən - 47 №li qeydiyyat vəsiqəsindən istifadə etməklə və notarius X.Aslanovu bu və başqa formada çaşdırmaqla almışdır. Həmin 47 №li qeydiyyat vəsiqəsi atasına təxminən 30 il bundan qabaq X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmişdir. Ondan sonra Goranboy Rayon Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyat İdarəsi 79 №li qeydiyyat vəsiqəsi ilə mülkün yarısını onun mülkiyyəti kimi qeydə almışdır. Notarius atasının adına olan qeydiyyat vəsiqəsinin Ərazi İdarəsində qeydiyyatda olub-olmamasını, miras mülk üzrə dəyişiklik olubolmamasını, məsələn, mülkün girovda olub-olmamasını, ümumiyyətlə isə atasının başqa vərəsələri olub-olmamasını yoxlamadan, miras mülkün kimin ixtiyarında olmasını, Yuriqin nəyə görə 16 il gecikməsini, mirası faktiki qəbul edib-etməməsini, etmişsə, hansı hərəkətlə etməsini yoxlamadan, hətta forma üzrə arayış almadan qanun üzrə vərəsəlik şəhadətnaməsi yazaraq vaxtilə atasına məxsus olmuş 121.1 kv.m sahəli evi (hansı ki, yarısı 2005-ci ildən onun mülkiyyətidir) qardaşı Yuriqin mülkiyyətinə vermişdir. Notariusun törətdiyi qanunsuzluq bununla bitməmişdir. Vərəsəlik şəhadətnaməsini yazandan, yəni vərəsəlik məsələsi bitəndən sonra notarius X.Aslanov Bərdə Ərazi İdarəsinə onun səlahətinə aid olmayan xx.xx.2021-ci il tarixli, 195 №li məktub yazıb xahiş etmişdir ki, mübahisəli mülkün torpaq sahəsini atası Ağanın adına qeydə alsın. Məhz onun şəxsi marağına görə yazdığı bu məktuba görə Ərazi İdarəsi 37 sot torpaq sahəsinə dair atası Ağanın adına xx.xx.2021-ci il tarixdə “torpaq sahəsinin planı və ölçüsü”nü vermişdir. Bundan sonra notarius səlahiyyət həddini aşıb atası Ağanın adına ********** qeydiyyat №li hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış çap edib onu öz möhürü və imzası ilə təsdiqləmişdir. Hansı ki, nəyə görə və hansı ixtiyarla bu hərəkəti törətməsinə məhkəmə hüquqi qiymət verə bilər. Qanunvericiliyə görə, əvvəllər yaranmış hüquqları qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 4.1-ci maddəsinə əsasən həmin qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Atasının adına verilmiş qeydiyyat vəsiqəsində göstərilən əmlakın bir hissəsi vərəsəlik qaydasında onun mülkiyyətinə keçəndən sonra köhnə qeydiyyat vəsiqəsində göstərilən bütün əmlak vərəsəliyin predmeti ola bilməzdi. Özü də mirası qanunla nəzərdə tutulan formada və müddətdə qəbul etmiş başqa vərəsələr olduğu halda! Sahiblikdə olan torpaq sahəsinin mülk sahibinin mülkiyyətinə verilməsi “Torpaq islahatı haqqında” qanunun 9-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin qanun qəbul ediləndə mülkün 41 sot torpaq sahəsi həm də onun və ailə üzvlərinin sahibliyində olduğundan “torpaq sahəsinin planı və ölçüsü” tək atası Ağanın mülkiyyətinə, özü də həyatda olmayan şəxsin mülkiyyətinə yazıla bilməzdi. Bunun günahkarı səlahiyyət həddini aşıb qanunsuz məktub yazmış notarius X.Aslanov və məsələni yoxlamadan qanunsuz olaraq onunla işbirliyi qurub 16 il əvvəl vəfat etmiş atasının adına “torpaq sahəsinin planı və ölçüsü”nü vermiş Bərdə Ərazi İdarəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 22-ci maddəsinə əsasən vərəsəliyə dair mübahisə halında Ərazi İdarəsinin torpağı ölən şəxsin mülkiyyətinə verməyə, yaxud mülkiyyəti kimi tanımağa haqqı yox idi. Beləliklə, onun xüsusi mülkiyyətində olan tikililərə və qanuni sahibliyində olan torpaq sahəsinə dair verilmiş birmənalı olaraq sənədlər qanunsuzdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və olaraq bildirdi ki, o, hazırda mübahisəli fərdi yaşayış evinin özünə məxsus hissəsində yaşayır. Həmin ev 0.37 və 0.04 ha torpaq sahələri üzərində yerləşir. Onlar cavabdehlə qardaşdır. O, hər iki tərəfin fərdi yaşayış evinə və torpaq sahələrinə dair çıxarış almasına razıdır. Aralarında anlaşmazlıq olduğundan mübahisənin məhkəmə qaydasında həll edilməsini istəyir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, mübahisəli miras əmlaklar onların ata mülküdür. Fərdi yaşayış evinin özünə məxus hissəsi onun sahibliyindədir. Əgər həmin əmlaklardan imtina edərsə iddiaçı onları satacaq. Ona görə də öz payından imtina etməmişdir. Torpaq sahələrinə sənəd düzəltdirməyi və aralarında bölünərək paylarının müəyyən olunması üçün notariusa müraciət etməyi iddiaçıya təklif etmiş, lakin iddiaçı bununla razılaşmamışdır. O da tək olaraq notariusa müraciət etmiş və şəhadətnamə almışdır. Hazırda da iddiaçının payının verilməsinə etiraz etmir. İddiaçı rüsumları ödəyərsə payını ona bağışlaya bilər. Məhkəmədən qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Cavabdeh Goranboy Rayon Notariat Ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy rayonu, Nizami kənd İƏDÜ tərəfindən verilmiş AZ-İİİ seriyalı 023669 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1958-ci il tarixdə Goranboy rayonu, Nizami kəndində doğulmuş, atası X19, anası X7r; Qasım İsmayılov rayonu, Nizami kənd soveti tərəfindən verilmiş АЗБ seriyalı 071892 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1971-ci il tarixdə Qasım İsmayılov rayonu, Nizami kəndində doğulmuş, atası X8, anası X9r; Goranboy Rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 47 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən yaşayış sahəsi 49.2 kv.m olan fərdi yaşayış evi X13 adına qeyd edilmişdir; Goranboy rayonu, Nizami kənd İƏDÜN tərəfindən verilmiş AZ-İ seriyalı 592870 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2005-ci il tarixdə “beyinə qansızma” səbəbindən ölmüşdür; Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 2V-İ-97 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X13 vərəsələri X14, X15 və X1 2600.0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 117.0 kv.m, yaşayış sahəsi 49.2 kv.m 2 otaqlı yaşayış evindən, sahəsi 14.0 kv.m açıq eyvandan, sahəsi 15.0 kv.m olan hamamdan və sahəsi 60.0 kv.m olan əldamından ibarət miras əmlaka 1/6 hissədə irs almalıdır; Cavabdeh2 təsdiq edilmiş xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X15 və X16 mərhum ataları X11 qalmış yaşayış evindən /mülkdən/ Cavabdeh2 verilmiş xx.xx.2005-ci il tarixli 2V-İ-97 nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən onlara düşən 1/6 hissədən paylarını qardaşları X10 bağışlamışlar; Goranboy Rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 79 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən yaşayış sahəsi 23.6 kv.m olan fərdi yaşayış evi X5 adına qeyd edilmişdir; Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2V-1-29 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi Cavabdeh1 VAZ 21063 minik markalı, J26-03AZ qeydiyyat nişanlı, 1987-ci il buraxılışlı, mühərrik ******* nömrəsi olan avtomaşından ibarət miras əmlaka bütünlüklə irs almalıdır; Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən 0.37 ha torpaq sahəsi X13 adına qeyd edilmişdir; Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X13 adına qeyd edilmişdir; Goranboy Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-453 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005ci il tarixdə vəfat etmiş X13 vərəsəsi Cavabdeh1 Goranboy rayon DTİ və MHQİ-si tərəfindən xx.xx.2004-cü il tarixdə X17 verilmiş 47 qeydəaalma nömrəsi ilə 08 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.3 kv.m, yaşayış sahəsi 49.2 kv.m, yardımçı sahəsi 72.1 kv.m, 2 otaqlı olan fərdi yaşayış evindən, DƏDRX-nin 07 saylı Bərdə Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən ümumi sahəsi 0.37 ha olan həyətyanı torpaq sahəsindən və DƏDRX-nin 07 saylı Bərdə Ərazi İdarəsinin verdiyi xx.xx.2021-ci il tarixli, reyestr nömrəsi **********71, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Goranboy rayonu, Nizami kəndi ünvanıda yerləşən, ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka tam hissədə pay almalıdır; Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən 0.37 ha torpaq sahəsi və 121.30 kv.m fərdi yaşayış evi Cavabdeh1 adına qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədədir və tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, vərəsəliklə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarının təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyriformal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, İddiaçı və Cavabdeh1 qardaşdırlar. Onların atası X19 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Tərəflər mərhumun övladları olmaqla onun birinci növbədə vərəsələridir. Mərhumdan miras qalmış əmlaklarla bağlı tərəflər arasında mübahisə vardır. Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən yaşayış sahəsi 49.2 kv.m olan fərdi yaşayış evi mərhumun adına qeyd edilmişdir. Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, 2V-İ-97 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun vərəsələri iddiaçı, X15 və X16 2600.0 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 117.0 kv.m, yaşayış sahəsi 49.2 kv.m 2 otaqlı yaşayış evindən, sahəsi 14.0 kv.m açıq eyvandan, sahəsi 15.0 kv.m olan hamamdan və sahəsi 60.0 kv.m olan əldamından ibarət miras əmlaka 1/6 hissədə irs almış, xx.xx.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən X15 və X16 onlara düşən 1/6 hissə paylarını qardaşları iddiaçıya bağışlamışlar. 79 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən yaşayış sahəsi 23.6 kv.m olan fərdi yaşayış evi iddiaçının adına qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən 0.37 və 0.04 ha torpaq sahələri mərhum X13 adına qeyd edilmişdir. Goranboy Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-453 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhumun vərəsəsi cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.3 kv.m, yaşayış sahəsi 49.2 kv.m, yardımçı sahəsi 72.1 kv.m, 2 otaqlı olan fərdi yaşayış evindən, Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən ümumi sahəsi 0.37 ha olan həyətyanı torpaq sahəsindən və ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka tam hissədə pay almış, xx.xx.2021-ci il tarixli çıxarışla Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən 0.37 ha torpaq sahəsi və 121.30 kv.m fərdi yaşayış evi cavabdehin adına qeyd edilmişdir. Hazırda iddiaçı cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan Goranboy Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-453 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə cavabdehin aşağıdakı miras əmlaklara tam hissədə payı müəyyən edilmişdir: - ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 121.3 kv.m, yaşayış sahəsi 49.2 kv.m, yardımçı sahəsi 72.1 kv.m, 2 otaqlı olan fərdi yaşayış evi; - Goranboy rayonu, Nizami kəndi ünvanında yerləşən ümumi sahəsi 0.37 ha olan həyətyanı torpaq sahəsi; - Goranboy rayonu, Nizami kəndi ünvanıda yerləşən, ümumi sahəsi 0.04 ha olan həyətyanı torpaq sahəsi. Məhkəmə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin fərdi yaşayış evi hissəsi ilə bağlı qeyd edir ki, mərhumun ölümündən sonra iddiaçının müraciəti əsasında ona miras əmlak olan fərdi yaşayış evinin bir hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, fərdi yaşayış evinin bir hissəsi xüsusi mülkiyyət hüququ ilə onun adına qeydə alınmış və Goranboy Rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 79 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda mübahisəli fərdi yaşayış evinə dair həmin şəhadətnamə və qeydiyyat vəsiqəsi qüvvədədir. Bu baxımdan, nə qədər ki, iddiaçıya verilmiş vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməmiş və iddiaçının adına aparılmış qeydiyyat ləğv edilməmişdir, mülki qanunvericiliyin əşya hüququ ilə bağlı normalarının tələblərinə əsasən iddiaçının əşyanın mülkiyyətçisi olduğu qəbul edilir. Bu halda, bir hissəsi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi üzərində cavabdehin tam hissədə payının müəyyən edilməsi uyğunsuzluğun yaranmasına, nəticədə isə iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Yəni, iddiaçı həmin miras əmlaka özünə münasibətdə vərəsəlik şəhadətnaməsi almış olsa da, yenidən cavabdehə tam hissədə vərəsəlik şəhadətnaməsi verilmişdir. Halbuki, notariat ofisi tərəfindən həmin miras əmlaka tam hissədə deyil, miras əmlakın açıq qalan hissəsi üzrə cavabdehin payına münasibətdə şəhadətnamə verilməli idi. Odur ki, vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bildiyindən, həmçinin şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verildiyindən, iddiaçıya mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi cavabdehi mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir, lakin cavabdehə vərəsəlik şəhadətnaməsi verilərkən notarius tərəfindən miras əmlakın açıq qalan hissəsi müəyyən edilməmiş, şəhadətnamənin miras əmlaka bütünlüklə deyil cavabdehin payına uyğun miras əmlakın açıq qalan hissəsi üzrə verilə bilməsi nəzərdən qaçırılmışdır. Məhkəmə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 0.37 və 0.04 ha torpaq sahələri hissəsi ilə bağlı qeyd edir ki, həmin torpaq sahələrinə mərhumun mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. İddiaçıya fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən həmin torpaq sahələri mərhumun adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmadığından miras kütləsinə daxil olmamış, mərhumun adına torpaq sahələri rəsmiləşdirildikdən sonra həmin əmlaklar miras kütləsinə daxil olmuşdur. Mirasa daxil olan torpaq sahələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən miras qoyanın vərəsəsi kimi iddiaçı vərəsəliyə çağırılmamış, mirasa bütövlükdə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir ki, bu hal da həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanunun tələblərinin pozulmaqla verilməsini göstərir və onun etibarsız hesab olunması üçün əsasdır. Odur ki, həmin əmlaklara münasibətdə yalnız cavabdehə vərəsəlik şəhadətnaməsi verilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, vərəsəlik işi araşdırılan zaman məlum olmuşdur ki, cavabdeh tərəfindən Goranboy Rayon Notariat Ofisinə ünvanlanmış ərizədə cavabdeh özündən başqa vərəsələrin olduğunu qeyd etməməklə vərəsələrin dairəsini gizlətmiş, bununla da miras əmlakı tək vərəsə olaraq əldə etmişdir. Həmçinin, notariat kontoru cavabdehin müraciəti əsasında miras qoyanın cavabdehdən əlavə digər vərəsələrinin olub-olmaması, vərəsələrin mirası qəbul edib-etməməsi istiqamətində qanunla müəyyən edilmiş qaydada araşdırma aparmadan yalnız müraciət edənin verdiyi yanlış məlumatlar əsasında miras əmlaka dair onun adına tam payla vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Göründüyü kimi notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə cavabdehin qanun üzrə vərəsəliyə çağırılması üçün əsasların olmasını və miras əmlakın tərkibini yoxlamamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı miras açılan məqamda həmin fərdi yaşayış evində yaşamaqla sahiblik və idarəçiliyi həyata keçirərək miras əmlakı faktiki qaydada qəbul etmişdir. Həmin fərdi yaşayış evi 0.37 və 0.04 ha torpaq sahələri üzərində yerləşir. Həmçinin, iddiaçı miras qoyanın ölümündən sonra mübahisəli miras əmlakı qanunla nəzərdə tutulmuş müddətdə notariat ofisinə müraciət etməklə rəsmi qaydada qəbul edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və öz adına rəsmiləşdirmişdir. Lakin, cavabdeh miras qoyanın ölümündən sonra mübahisəli miras əmlakı qanunla nəzərdə tutulmuş müddətdə notariat orqanına müraciət etməklə rəsmi qaydada qəbul etməmişdir. Lakin, tərəflər arasında mirasın qəbulu ilə bağlı mübahisə mövcud deyildir. Beləliklə, Goranboy Rayon Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 2V-453 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur ki, bununla da iddiaçı torpaq sahələrinə münasibətdə mirasdan pay almaq hüququndan məhrum olmuş, fərdi yaşayış evinə münasibətdə isə bir hissəsi mülkiyyətində olduğundan mülkiyyət hüququ pozulmuşdur. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Goranboy Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-453 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilməli, Cavabdeh1 ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Goranboy Rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V-453 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilsin. Cavabdeh1 ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar