Məhkəmə qərarları › İş №2(045)-1723/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1723/2023

24.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1723/2023 24.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən barəsində yazılmış 1658,88 (bir min altı yüz əlli səkkiz manat, səksən səkkiz qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonunun Abbasqulular kəndində yaşayır. Yaşadığı ərazidə Cavabdeh abononenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında, gecikdirmədən ödəmişdir. Heç vaxt Cavabdeh nümayəndələri ilə arasında mübahisə və yaxud narazılıq olmamışdır. 2022-ci ilin sonlarında istifadə etdiyi qaz sayğacının boğazından qaz sızdığı üçün sayğaca birləşən borunu açaraq bir başa qaz xəttinə qoşmuşdur ki, təbii qazdan istifadə edə bilsin və bu barədə də nəzaərətçiyə bildirmişdir. İki gündən sonra Cavabdeh əməkdaşları gələrək sayğaca baxış keçirib çatışmamazlığı aradan qaldırmışlar. Bundan bir müddət sonra nəzaərtçi ona bildirdi ki, sayğaca müdaxilə etdiyinə görə 1658 manat 88 qəpik cərimə olunmuşdur. O, barəsində yazılmış borcu qanunsuz hesab edir və aşağıdakı səbəblərə görə hesab edir ki, borc ləğv edilməlidir. Yuxarıda qeyd etdiyi kimi qaz sayğacının boğazından buraxdığı üçün iki gün məcbur olub sayğacdan kənar təbii qazdan istifadə etmiş, lakin bu barədə nəzarətçiyə bildirmişdir. O, hesab edir ki, iki gündə sayğacdan kənar o qədər təbii qazdan o, istifadə edə bilməz və hesablanan məbləğ hədsiz çoxdur. Ona görə də, istəyir ki, istifadə etdiyi iki günün sərfiyyatı düzgün hesblansın ki, o da həmin borcu ödəyə bilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı qaz sayğacını açıb qazdan istifadə edib; Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən sayğacdan kənar xətdən istifadə edildiyi müəyyən edilmişdir; xx.xx.2023-cü il tarixli abonent saldosundan görünür ki, İddiaçı 2023-cü ilin mart ayında 1658,88 manat borc yazılmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsində sayğacdan kənar xətt qoşulması müəyyən edilmiş, bununla bağlı akt tərtib edilərək iddiaçıya 1658,88 manat borc yazılmışdır. İddiaçı həmin hesablanmış borcla razılaşmadığı üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə): 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları”na əsasən, bu Qaydalar "Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyətini (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin qaydaların: 6.5-ci maddəsinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.5-3-cü maddəsinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Göründüyü kimi iddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsinin tələblərinə riayət etməyərək təbii qazdan qeyri-qanuni şəkildə istifadə edərək təbii qazdan istifadə qaydalarını pozmuş, yəni istifadəsində olan yaşayış evinə kənar xətt çəkərək qaz şəbəkəsinə qanunsuz qoşulmuş, bununla da cavabdehə qazdan qanunsuz istifadə nəticəsində maddi zərər vurmuşdur. Buna dair cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akt üzrə iddiaçıya 1658,88 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Məhkəmə işin faktiki hallarına və tədqiq edilmiş sübutlara məcmu halında və şərh olunan hüquq normaların əsasən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsassız olduğundan iddia rədd edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “1658,88 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar