Məhkəmə qərarları › İş №2(045)-1759/2023

Goranboy Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(045)-1759/2023

28.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1759/2023 28.09.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə Cavabdeh qarşı pul tələbini irəli sürərək Cavabdeh 5000 manat pulun və ödənilmiş 71 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi tələbini irəli sürmüşdür. Məhkəmə baxışında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, Cavabdeh qonşusudur, orta məktəbdə qızı ilə bir sinifdə oxumuşdur. Yəni cavabdeh onun tanıdığı adam olmuşdur. 17 may 2022-ci ildə qonşusu kimi evin həyətində ona yaxınlaşaraq qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğunu, qızılzinət əşyalarını Gəncə hava limanından Moskva şəhərinə göndərməli olduğunu, nəğd pulu olmadığından göndərə bilmədiyini bildirmişdir. O “Medlayf” klinikasında işlədiyini, onun nəvəsini də orada işə düzəldəcəyini bildirmişdir. Cavabdehi tanıdığı üçün ona 700 manat borc vermişdir. Bundan sonra ondan müxtəlif vaxtlarda 2300 manat almış, sonuncu dəfə isə 2000 manat pulu Zeynəb adlı qonşusundan borc alaraq cavabdehə borca vermişdir. Lakin cavabdeh pulu qaytarmamış, ondan şühbələndiyindən cavabdehdən borcunun olmasına dair yazılı iltizam almışdır. Cavabdeh yazılı qaydada ümumilikdə 5000 manat borcunun olduğunu təsdiq edərək imza etmişdir. Cavabdehin borcu qaytarmadığını gördükdən sonra valideyinlərinə müraciət etrmiş, onlar da onun səhv edib borc verdiyini, necə vermişsə elə də almalı olduğunu bildirmişlər. Sonradan cavabdeh borcu qaytrarmaqdan imtina etmişdir. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də Cavabdeh 5000 manat pulun və ödənilmiş 71 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxışında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh 5000 manat pulun və ödənilmiş 71 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş və etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirərək, bu barədə tərtib edilmiş yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək, bu barədə qərardad qəbul etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini bir daha müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iclasında iddiaçının təşəbbüsü ilə şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, İddiaçı qonşusudur. 2022-ci ildə dəqiq xatırlamadığı tarixdə İddiaçı ondan 2000 manat pul borca almış, borc alarkən kəndçiləri Cavabdeh borc verdiyini, Cavabdeh onun nəvəsini işə düzıldəcəyini bildirmişdir. Lakin İddiaçı ona olan borcunu hal-hazıradək qaytarmamışdır. İş materiallarında olan sadə yazılı formada olan xx.xx.2022-ci il tarixdə yazılmış yazılı sənəddən görünür ki, P.X2 5000 manat borc aldığını, bu pulun 1000 manatını 5 iyulda, qalan məbləği isə hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, bunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 04 avqust 2023-cü il tarixli 19108 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 71 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçını izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 700, sonra 2000, ayrı-ayrı vaxtlarda 2300 manat, ümumilikdə 5000 manat pul borc amış, bu pulun 1000 manatını 5 iyulda, qalan məbləği isə hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, bunu yazılı sənəd yazmaqla imzası ilə təsdiq etmişdir. Cavabdeh pul məbləğini qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd edilənləri, qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul və ödənilmiş 71 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 214, 216-220, 227, 238-244 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul və ödənilmiş 71 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Goranboy Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar