Məhkəmə qərarları › İş №2(045)-180/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-180/2023

22.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-180/2023 22.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X8 qızının katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (Goranboy rayon Notariat ofisi maraqlı şəxs kimi göstərilməklə) “mirasın qəbul edilməsi faktının və vərəsliyinin açılma yerinin müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Goranboy rayonunun Göynüyən kəndində yerləşən anası X4 ölümündən sonra miras qalmış 1,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasınıı xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X7 03 avqust 2016-cı ildə beyninə qansızma nəticəsində Goranboy rayonunun Göynüyən kəndində vəfat etmişdir. Mərhum anası Goranboy rayonunun Göynüyən kəndində 1,26 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi miras qalmışdır. Bu barədə olan JN-0014 KOD 50906038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının təsdiqlənmiş surətini məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim etdiyim Goranboy rayon İcra Hakimiyyəti Başçısının Hazırəhmədli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 06 dekabr 2022-ci il tarixli 483 saylı arayışından görünür ki, anasının ölümündən sonra o həmin ünvanda yaşamaqla, anasının tək vərəsəsi olmaqla mirası qəbul etmiş və miras əmlaka faktiki sahiblik edir. Anasının ölümündən sonra miras əmlak onun sahibliyinə keçmiş və əmlakı o idarə edir. Lakin, qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etməmiş. Bugünlərdə Goranboy rayon Notariat Ofisinə ərizə ilə müraciət etmiş, lakin notariat ofisi tərəfindən mülki qanunvericilikdə göstərilən müddətlər buraxıldığına görə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmiş və mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət edilməsini tövsiyə olunmuşdur. Ona görə də mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin, bildirdi ki, Goranboy rayon Göynüyən kəndində yerləşən 1.26 ha torpaq sahəsi ona tək vərəsəsi olduğu üçün mərhum anası X3 miras qalmışdır. Anasının ölümündən sonra o, miras qalmış pay torpağını idarə edir. Hazırda qanunvericiliklə müəyyən olunmuş müddəti ötürdüyü üçün ona şəhadətnamənin verilməsindən imtina edilmiş və ona bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İş üzrə maraqlı şəxs Goranboy rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə həmin maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: JN 0014, Kod 50906038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 2000-ci il tarixli, 43 saylı qərarına əsasən 1.26 hektar torpaq sahəsi Goranboy rayonu, Göyünyən kənd sakini X4 mülkiyyətinə verilmişdir; Goranboy rayon Hazırəhmədli kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 828052 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə “beyin qansızma” səbəbindən ölmüşdür; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 1188-05/70 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X4 Goranboy rayon VVAQ şöbəsində 1950- 2016-cı ilə aid nikah akt qeydi tapılmamışdır; Qasım İsmayılov rayon VVAQ bürosu tərəfindən verilmiş İ-ИЕ seriyalı 881684 nömrəli doğum haqqında şəhdaətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1950-ci ildə Qasım İsmayılov rayonunda doğulmuş, anası X2r; Goranboy Rayon Hazırəhmədli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 483 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı mərhum anası X1 rayonunun Göynüyən kəndində yaşamış və xx.xx.2016-cı il tarixdə ölmüşdür. Mərhumun ölümündən sonra Goranboy rayonunun Göynüyən kəndində oğlu İddiaçı yaşamış və mirası qəbul etmişdir; Goranboy rayon Notariat ofisi tərəfindən verilmiş 356 nömrəli, xx.xx.2022 nömrəli məktubundan görünür ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras onun açıldığı gündən altı ay ərzində qəbul edilməlidir. Odur ki, mirasın qəbulu ilə əlaqədar ötürülmüş prosessual müddətin bərpası üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir; Goranboy rayon Hazırəhmədli kənd icra nümayəndəliyi tərəfindən verilmiş 59 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı hazırda Goranboy rayonun Göynüyən kəndində yaşayır və 2016-cı ildən anasının ölümündən sonra anasının pay torpağı onun istifadəsindədir. Məhkəmə, ərizəçinin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-nin): 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sayılırlar; 1243.1 və 1243.2-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə işin araşdırılmış hallarına, tədqiq edilmiş sübutlara və qüvvədə olan qanunvericiliyə əsasən hesab edir ki, mərhum X3 miras qalmış Goranboy rayonu Göynüyən kəndində yerləşən 1.26 ha torpaq sahəsinə mirasın açıldığı gündən ərizəçi İddiaçı tərəfindən sahiblik edilmiş və faktik olaraq idarə edilməyə başlanılmış, bununla da sözügedən mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin qanunla müəyyən edilmiş müddətdə müvafiq notariat kontoruna müraciət etmədiyi üçün mirası qəbul etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. MPM-in: 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edir; 308-ci maddəsinin tələbinə görə isə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə, tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, X3 miras qalmış Goranboy rayonu Göynüyən kəndində yerləşən 1,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərizəçi (oğlu) İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X3 miras qalmış Goranboy rayonu Göynüyən kəndində yerləşən 1,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ərizəçi (oğlu) İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar