Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-186/2023 04.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman qızının sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 1026.3 (bir min iyirmi altı manat otuz qəpik) manat borcun silnməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdırlar ki, o, ailəsi ilə birlikdə Goranboy rayonunda yaşayır. Yaşadığı ərazidə “Azəriqaz” İstehsalat Birliyinin abonomenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında ödəmiş və heç vaxt “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri ilə arasında mübahisə və yaxud hər-hansı bir narazılıq olmamışdır. 13 iyul 2022-ci il tarixdə “Azəriqaz” İB-nin əməkdaşları onun 102 qəza xidmətinə zəngi əsasında yaşadığı ünvanda qaz sayğacına baxış keçirərək sayğacı dəyişmişlər. “Azəriqaz” İstehsalat Birliyinin 30 sentyabr 2022-ci il tarixdə tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-da göstərilir ki, guya sayğaca texniki baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın çıxış plasmas borusunun qopması səbəbindən dəyəri ödənilməmiş təbii qazdan istifadə edildiyi məlum olmuşdur. Bu səbəbdən də “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən guya ki, itirilmiş qazın bərpası məqsədi ilə ona 1026,3 manat cərimə tətbiq etmişdir. O, barəsində tərtib edilmiş 1026,3 manat cəriməni qanunsuz hesab edir və hesab edir ki, aşağıdakı səbəblərə görə cərimə ləğv edilməlidir. Diqqətinizə çatdırmaq istəyir ki, onların ev üçün quraşdırılmış qaz sayğacı həyətin çöl tərəfinə əsas xəttin üstünə qurlaşdırılmışdır. Əsas xətt isə heç bir şeyə bərkidilməmişdir. Təqdim etdiyi şəkildən də görünür ki, əsas xəttin borusunun altına ağacdan bir dirək qoyulmuşdur ki, borunu saxlasın. Kənddə yaşadığı üçün küçə ilə gedib-gələn uşaqlar, hətta mal-qara da bu dirəyə toxunub qıra bilər. Elə sayğacın borusunun qırılaraq əsas xətdən ayrılmasının səbəbi də mal-qaranın dirəyi vurub aşırması olmuşdur. 13 iyul 2022-ci il tarixdə əsas xətt borusunun ağac dirəyini mal-qara vurub qırdığı üçün onun evi üçün gələn qaz xəttinə quraşdırılmış qaz sayğacının çıxış plasmas borusu əsas xəttdən qopmuşdur. O, bunu bilən kimi dərhal 102 xidmətinə və ərazi üzrə qaz istismarı idarəsinə xəbər vermişdir. Qaz istismarı idarəsinin əməkdaşları da dərhal gələrək baş verən qəzanı aradan qaldırmışlar. Yəni, qırılmış sayğacı yeni Smart tipli sayğacla əvəz etmişlər. Baş verən xətaya görə də 13 iyul 2022-ci il tarixli, Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib etmişlər. Lakin, o, 18 noyabr 2022-ci il tarixdə təbii qazdan istifadə etdiyi pulu ödəyərkən aldığı qəbzdə görmüşdür ki, ona 1026.3 manat borc hesablanmışdır. Bu borcun haradan yaranmasını aydınlaşdırmaq üçün qaz istismarı idarəsinə müraciət etmiş və idarədən ona 30 senytabr 2022-ci il tarixli akt və dəymiş ziyanın bərpasına dair tələbnamə verərək bildirmişlər ki, istifadəsində olan qaz sayğacının plastmas çıxış borusu qırıldığı üçün qaz itkisi baş vermişdir. Bu səbəbdən də təbii qazdan istifadə qaydalarını guya ki, pozmuşdur və ona görə də dəymiş ziyanı ödəməlidir. 13 iyul 2022-ci ildə mal-qara əsas qaz boru xəttinin dayağı olan ağac dirəyini qırdığı üçün evinə gələn qaz sayğacının çıxış plastmas borusu əsas xətdən qopmuşdur. Bunun nəticəsi olaraq onun evinə gələn təbii qaz kəsilmişdir, yəni o, həmin vaxt heç bir halda qazdan istifadə etməmiş və edə bilməmişdir. Qaz işçiləri də gələrək baş verən qəzanı aradan qaldırmış və bu barədə yuxarıda qeyd etdiyi akt tərtib olunmuşdur. 30 sentyabrda tərtib olunan aktdan onun və qaza nəzarət edən kənd nəzarətçisinin xəbəri olmamışdır. Bu akt nə vaxt nə üçün tərtib olunub onu o, bilmir. Hesab edir ki, o, bir abonoment kimi təbii qazdan istifadə edərkən heç bir qanun pozuntusuna yol verməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı istifadəsində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktan görünür ki, sayğaca baxış keçirilmiş, sayğacın çıxışın plastmas borusunun kənar təsir nəticəsində oturacaqdan aralanması aşkar edilmişdir; Abonentin saldosuna əsasən (2022-ci il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1036.80 manat pul abonentdən tələb olunur (akt üzrə). Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının istifadəsində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, “Azəriqaz” İB tərəfindən hesablanan 1026.3 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırki iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırki tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmasına baxmayaraq dövlət rüsumu ödəmiş, sonradan iddiaçının ərizəsinə əsasən onun tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmışdır. Hazırda “Azəriqaz” İstehsalat Birliyindən 30.27 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, “Azəriqaz” İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1026.3 manat məbləğində borc silinməlidir (Goranboy rayonu, Qaradağlı kəndi (Abonent kodu: **********00000). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1026.3 manat məbləğində borc silinsin (Goranboy rayonu, Qaradağlı kəndi (Abonent kodu: **********00000). 30.27 (otuz manat iyirmi yeddi qəpik) manat məbləğində dövlət rüsumu “Azəriqaz” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-186/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-186/2023
04.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver