Məhkəmə qərarları › İş №2(045)-1906/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1906/2024

24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1906/2024 24.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş “qazdan istifadə qaydalarının pozulması haqqında’' xx.xx.2022-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və əsassız olaraq hesablanmış 1736 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə yaşadığı Goranboy rayonu Yuxarı Ağcakənd qəsəbəsində yerləşən ev Cavabdeh Gəncə X2 İdarəsi tərəfindən təbii qazla təmin olunur. Hamı kimi o da evinə quraşdırılmış qaz sayğacından istifadə edir. Qaz sayğacından istifadə etdiyi illər ərzində qaz sayğacı ilə bağlı hər hansı bir nöqsan və çatışmamazlıq baş verməmişdir. O, bir vətəndaş kimi sayğac üçün məsuliyyət daşımır və cavabdeh təşkilatın sayğacını qorumaq onun borcu deyil. Cavabdeh təşkilat həmin sözügedən qaz sayğacını çöldə quraşdırıb və hər kəsin görəcəyi yerdədir və qaz sayğacına müdaxilə edə bilmir. Ümumiyyətlə cavabdeh təşkilat quraşdırdığı qaz sayğacını hər ay özü yoxlamalı və müvafiq qeydlər aparmalıdır bu səbəbdən də onun heç bir təqsiri yoxdur, olada bilməz. Göründüyü kimi cavabdeh təşkilat olan Cavabdeh işçiləri qanunsuz əməllər törədərək öz qaz itkilərini onun kimi sadə vətəndaşın boynuna ataraq ona qanunsuz olaraq 1736 manat məbləğində cərimə yazmışlarr. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin Gəncə RQİİ ona tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə akt təqdim edilmişdir. Həmin akt da guya ki, sayğacdan kənar əlavə xətt aşkar edilmişdir. Akt onun adına tərtib edilmişdir. Qeyd edir ki, həmin aktın heç bir əsası yoxdur və həqiqəti əks etdirmir. Onlar sayğaca hər hansı müdaxilə etməmişdir. Həmin 1736 manat borc əsassız olaraq hesablanmışdır. Göründüyü kimi, onun tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi müəyyən edilmədiyi halda, Cavabdeh İB-nin Gəncə RQİİ-nin əməkdaşları tərəfindən ona əlavə borc hesablamışdır. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları əsassız borc hesablamış bununla ona maddi ziyan vurmaqla hüquqlarını pozmuşdur Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, istifadə etdiyi qazın sərfiyyatını hər ay vaxtlı-vaxtında ödəyir. 2022-ci ilin mart ayında sayğacdan əlavə kənar xətt qoşmuş və cəmi üç-dörd gün kənar xətdən istifadə etmişdir. Bunu da Cavabdeh İB-nin əməkdaşları aşkar etmişlər və kənar xətt ləğv olunmuş və akt tərtib olunmuşdur. Lakin, sonra ona məlum olmuşdur ki, qaz sayğacına görə edilmiş müdaxiləyə görə ona 1736 manat məbləğində borc hesablanmışdır. O, həmin cəriməni əssasız hesab edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dəymiş ziyanın ödənilməsinə dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Kombinin 28 kw maksimal saatlıq qaz sərfi 30 m³/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün QSQ maksimal saatlıq qaz serfi 1.5 m³/saat orta günlük iş rejimi 24 saat ve hesabat müddəti 90 gun, PQ 3-ün maksimal saatlıq qaz sərfi 0.8 m³/saat, orta gunlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün; Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m³/saat, orta gunlük iş rejimi 24 saat va hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır; “Abonentin saldosundan” görünür ki, iddiaçının akt üzrə tələb olunan qaz sərfiyyatına görə borcu (2023-cü il) 1736,64 manat təşkil edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin 80 saylı, 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə görə qaz sayğacı ilə təhciz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Həmin Qaydaların 5.4-cü bəndinin tələbinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır; Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, İddiaçı yaşayış sahəsinə qoyulmuş qaz sayğacı həyət divarından çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, qaz sayğacı fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Bundan başqa qaz sayğacına müdaxiləni iddiaçı etiraf etsə də, həmin xətdən hansı müddətdə istifadə olunması cavabdeh orqanın əməkdaşları tərəfindən tam araşdırılmamışdır. İddiaçı sayğaca müdaxilə etməsini etiraf etsə də, qazdan qeyri qanuni üç-dörd gün müddətində istifadə olunduğunu bildirmişdir. Cavabdeh dəymiş ziyanı 90 günlük müddət üçün hesablasa da, iddiaçının kənar xətt qoşaraq qazdan qeyri qanuni olaraq 90 gün müddətinə istifadə etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmiş və nəticədə iddiaçıya 1736,64 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən aparılmış həmin hesabata əsasən iddiaçının evində quraşdırılmış qaz işlədicilərinin işlədilməsi ilə bağlı itirilmiş təbii qazın həcmi müəyyən edilmişdir. Həmin vaxt itirilmiş qazın həcminin müəyyən edilməsi üçün hesabat qaz işlədiciləri ilə bağlı qaz sərfi 90 gün üçün hesablanmışdır. Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə müəyyən edilir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin hesab qaz paylayıcısı tərəfindən yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır. Bu isə qaz paylayıcısı tərəfindən qaz sayğacına ayda bir dəfə baxış keçirilməsi yolu ilə müəyyən edilə bilər. Belə olan halda qaz paylayıcısı tərəfindən istehlakçının evinə quraşdırılmış qaz sayğacına ayda bir dəfə baxılmalı olmasını və bu zaman sayğacda ola biləcək hər hansı bir nasazlığın müəyyən ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, itirilmiş təbii qazın həcminin bir aydan artıq müddət üçün hesablanması əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının evində aşkar olunan kənar xəttin konkret hansı tarixdən istifadə olunması müəyyən edilmədiyindən 17 mart 2022-ci il tarixli, ******* nömrəli akt əsasında PQ-3 qaz plitəsinin qaz sərfiyyatının 90 gün, orta günlük iş rejimi 24 saat, həmçinin dəmir sobanın qaz sərfiyyatının 90 gün, orta günlük iş rejimi 24 saat müddət üçün hesablanmasının heç bir hüquqi əsası yoxdur. Belə ki, aparılmış hesabata görə vətəndaş PQ-3 qaz plitəsi və dəmir soba vasitəsi ilə 90 gün fasiləsiz olaraq 24 saat ərzində qaz sərf etmişdir ki, bu da ağlabatan hesab edilə bilməz. Yuxarıda qeyd edirlənləri nəzərə alan məhkəmə qeyd edir ki, Cavabdeh İB tərəfindən akt əsasında 90 gün üçün hesabat aparmaqla, iddiaçıya 1736,64 manat məbləğində borc hesabladığı halda, 30 gün üçün həmin borcun məbləği 578,88 manat təşkil edəcəkdir. Odur ki, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının kənar xətt qoşmaqla Cavabdeh İB-yə vurduğu ziyanın həcmi 30 günə münasibətdə hesablanmaqla, dəymiş ziyanın məbləği 578,88 manat müəyyən edilməli, qalan 1157,76 manat (60 günə münasibətdə) məbləğində hesablanmış dəymiş ziyan əsassız olduğundan silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə görə istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir; 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün hazırda 31,58 manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət büdcəsinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi, Abonent kodu: **********00012) əsassız hesablanmış 1157,76 (bir min yüz əlli yeddi manat, yetmiş altı qəpik) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (Goranboy rayonu, Yuxarı Ağcakənd kəndi, Abonent kodu: **********00012) əsassız hesablanmış 1157,76 (bir min yüz əlli yeddi manat, yetmiş altı qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət büdcəsinə 31,58 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar