Məhkəmə qərarları › İş №2(045)-1986/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-1986/2024

17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-1986/2024 17.12.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Goranboy rayonu, Yəhərçi Qazaxlar kəndində qeydiyyatda olan cavabdeh X1 1245 (bir min iki yüz qırx beş) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 32.45 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X2 xx.xx.2023-cü il tarixdə 550 manat dəyərində qızıl saat satmış və həmin qızıl saatın dəyərini o, hissə-hissə ödəməyi üzərinə götürmüşdür. İlkin olaraq 100 manat pul ödəmiş, qalan məbləği isə 9 ay müddətinə hər ay 50 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan sonra, o cavabdehə xx.xx.2023-cü il tarixdə cəmi 1570 manat dəyərində olan 585 əyarlı 8.37 qram və 583 əyarlı 4.1 qram çəkidə olan qızıl qolbağlarını satmışdır. Cavabdeh Həbib İsgəndərov həmin qızılların dəyərini də hissəhissə ödəməyi üzərinə götürmüş və o, ilkin olaraq 270 manat pul ödəmiş, qalan məbləği isə 10 ay müddətinə hər ay 130 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Bundan başqa, o cavabdehə xx.xx.2023-cü il tarixdə 1750 manat dəyərində olan 583 əyarlı 14.78 qram çəkidə olan “reket” modelli qızıl sep satmışdır. Cavabdeh Həbib İsgəndərov həmin qızılın dəyərini də hissə-hissə ödəməyi üzərinə götürmüş və o, ilkin olaraq 300 manat pul ödəmiş, qalan məbləği isə 10 ay müddətinə hər ay 145 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh Həbib İsgəndərov üç ay müddətində ondan cəmi 3870 manat dəyərində qızıllar almış və o, qızılların dəyərinin 2625 manat pulunu ödəmiş, lakin qalan 1245 manat pul ödəmələrini dayandırmışdır. Cavabdeh Həbib İsgəndərov hazırda Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur və o borcun qaytarılması üçün cavabdeh Həbib İsgəndərova dəfələrlə xəbərdarlıq etmiş, lakin o, müxtəlif bəhanələr gətirərək qalan borcdan heç bir manat ödəmələrini etməmiş və borcu ödəməkdən imtina edir. Buna görə də o məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə teleqram göndərərək, əməliyyat olunduğu üçün təyin edilmiş məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki, onun həqiqətən iddiaçıya 1245 manat məbləğində borcu vardır. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir və bu barədə olan etiraf ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh ərizələrindən görünür ki, o, İddiaçı 3870 manat məbləğində qızıl-zinət əşyaları nisyə almışdır; "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hаzırkı tələb üzrə 33,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, cavabdehin etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1245 (bir min iki yüz qırx beş) manat məbləğində borc pul və ödənilmiş 32,45 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1245 (bir min iki yüz qırx beş) manat məbləğində borc pul və ödənilmiş 32,45 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar