Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2078/2023 13.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 2880 m3 qaz itkisinə görə yazılmış 345,6 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd edilən ünvanda yaşayır və ona məxsus olan SMART tipli qaz sayğacını artıq 5 ildir ki, istifadə edir. 2023-cü ilin 31 iyul tarixində onun ünvanında olan sayğaca baxış keçirildi və xx.xx.2023-cü il tarixində sayğacı dəyişdirildi. xx.xx.2023-cü ildə isə ona akt gətirib demişlər ki, bura imza etmək lazımdır. O isə nə üçün imza etməyini öyrənmək istədikdə isə bildiriblər ki, sayğacın qazı az buraxır, həmçinin girişdə korroziya vardır. O, imza etməkdən imtina etmişdir. Bundan sonra ona göstərilən nöqsanlara görə 345,6 manat cərimə təyin edilmişdir. Qeyd edir ki, yaşadığı ünvanda onun sayğacına nəzarət edən Səbuhi adlı şəxs ona bildirib ki, sayğacın qaz buraxır və dəyişməlidir. Lakin sayğacı dəyişməyə gələnlər bildiriblər ki, sayğacın istismar müddəti bitdiyi üçün dəyişməlidir. Gəldikləri rəylərin heç biri bir-birinə uyğun gəlmir. Ancaq tərtib olunan aktda qeyd edilmişdir ki, 5 il istismar müddətində qaz buraxıb, korroziya var və onu da o ödəməlidir. Bəs qaz buraxırdısa, niyə Səbuhi adlı nəzarətçi ona məlumat vermirdi?. Əgər korroziya vardırsa, niyə nəzarətçi onu rəhbərliyə məruzə etmirdi? Korroziyanın yaranmasında o, niyə günahkar olmalıdır? Onu da qeyd edir ki, təmiz qaz xidməti yoxlayıb və aşkar etdiyi nöqsana görə qırmızı nişan qoyub amma nəzarətçi heç bir rəhbərliyə məlumat verməmişdir. Həmin qırmızı nişanlanma yenə də mövcuddur. Tərtib edilən akta imza etdirməyə elə təxminən 1 ay vaxt keçəndən sonra Səbuhi adlı nəzarətçi gətirib Sayğac sökülərkən normativ aktların tələbinə görə mütəxəssis rəy verməli və sayğac söküldükdən sonra taxta qaba qablaşdırılmalıdır. Amma sayğacı sökənlər bu tələblərin heç birini yerinə yetirməyiblər. Adi qaydada sayğacı sökərək maşının yük yerinə qoyaraq açıq şəkildə aparıblar. Qeyd edir ki, aktda qeyd edilən çatışmamazlıqların heç biri ona aid deyil və tərtib edilən akt qanunsuzdur və cərimə silinməlidir. Çünki çatışmazlıqların heç biri onun təqsirinə görə baş verməmişdir. Bundan başqa qaz xəttinin qoşulma tələbləri də tamamilə pozulmuşdur. Bu aktı tərtib etməklə isə X1 Qanunun bütün tələblərini kobud olaraq pozmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəlo, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus Goranboy rayonu Qarasüleymanlı kəndində fərdi yaşayış evindəki sayğac yenisi ilə əvəz edilmişdir; Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeydə almadığı müəyyən edilmişdir; Abonentin saldosundan görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ona 345,60 manat məbləğində borc pul hesablanmışdır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını və qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Buna görə qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan 345,60 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün verilmiş iddiaya görə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət büdcəsinə tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 1 ünvanı, Abonent kodu: **********00000) hesablanmış 345,60 (üç yüz qırx beş manat altmış qəpik) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 1 ünvanı, Abonent kodu: **********00000) hesablanmış 345,60 (üç yüz qırx beş manat altmış qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən dövlət büdcəsinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-2078/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2078/2023
13.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver