Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-21/2023 20.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər rayonu, Şıxarx kəndində məskunlaşmışdır. Cavabdehlə münasibətləri yaxşı olmuşdur. 18 avqust 2018-ci il tarixdə cavabdeh ağır xəstəsi olduğu üçün ondan 6500 manat borc pul istəmişdir. O da münasibəti yaxşı olduğu üçün inanıb həmin məbləğdə pulu cavabdehə borc olaraq vermişdir. Cavabdeh ondan borc pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu 18 avqust 2021-ci il tarixdə qaytarmağa söz vermişdir. Beləliklə, o, aralarında bağladığı şifahi müqavilənin şərtlərinə əməl etməklə cavabdehə 6500 manat pul vermişdir. Lakin, cavabdeh müqavilə ilə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. İşə düzəlməsinə baxmayaraq pulu dediyi kimi qaytarmamışdır. Pulu vaxtında qaytarmadığı üçün cavabdehdən verdiyi borc pulu istəmiş, cavabdeh sonra verəcəyini bildirmişdir. O, bir daha pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. O, pulunu ala bilmədiyindən, o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehdə 6500 manat pulu qalmışdır. O, mübahisənin həll edilməsi məqsədilə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh öz maaş kartını ona vermiş, kart 3 ay onda qalmışdır. O, 3 dəfə cavabdehin kartından 150 manat olmaqla cəmi 450 manat pul çıxartmışdır. Lakin, həmin məbləğin hazırkı borca aidiyyəti olmamışdır. Belə ki, cavabdeh ondan əlavə pul almış, 450 manatı da həmin borcun əvəzinə çəkmişdir. Sonradan kartın istifadə müddəti bitdiyindən pul çıxara bilməmişdir. Cavabdeh 400 manat da Yevlax rayonunda əlbəəl ona vermişdir. O, həmçinin cavabdehin kartından 1000 manat və 38 manat pul çəkmiş və həmin pulları da cavabdehə vermişdir. 14 dekabr 2020-ci il tarixdə kart onda olmuşdur. Yekunda məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixə aid fotoşəkildəki o, özüdür. Digər fotoşəkillərdəki şəxsləri tanımır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, o, iddia tələbini qəbul etmir. Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə qulluq etdiyi zaman, təxminən 2020-ci ilin yanvar ayında təcili olaraq ona pul lazım olmuş və pul axtararkən tanımadığı Tərtər rayonu, Şıxarx kəndində yaşayan iddiaçının faizə pul verdiyini öyrənmişdir. İddiaçının yanına gedib onun 1000 manat pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı 20 faizlə pul verdiyini və şərtlər qoyaraq 1000 manat qarşılığında 6500 manatlıq qəbz yazıb imzalamalı olduğunu, həmçinin ona verəcəyi 1000 manatı və məbləğin 200 manat faizi olan pulu özü çəksin deyə şəxsiyyət vəsiqəsi və maaş kartını iddiaçıya təhvil verməli olduğunu bildirmişdir. O, məcburiyyət qarşısında qaldığından iddiaçının şərtlərini qəbul edərək 1000 manat qarşılığında 6500 manat üçün gǝbz yazıb imzalamış, şəxsiyyət vəsiqəsi və maaş kartını iddiaçıya vermişdir. İddiaçıdan “1000 manatın 20 faizi 6500 manat etmir axı” soruşduqda ona 1000 manat versə belə həmin məbləğin itib-batmaması üçün özünü sığortalamalı olmasını və ona görə də ondan 6500 manatlıq qəbz almalı olduğunu bildirmişdir. İddiaçı 2020-ci ilin əvvəlindən 2020-ci ilin sonlarına kimi 1 il ərzində onun kartından 10000 manatdan artıq pul çıxartmışdır. O, kartından çəkilən pulların yersiz yerə getdiyini gördükdə isə artıq buna etirazını bildirmiş, iddiaçı isə onu məhkəməyə verəcəyi və işdən qovduracağı ilə hədələmişdir. O, 400 manat da Yevlax rayonunda əlbəəl iddiaçıya vermişdir. Onun iddiaçıya olan borcundan əlavə 310 manat banka kredit borcu olmuş və hər ay maaşından tutulmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixə aid fotoşəkildəki İddiaçıdur. Digər fotoşəkillərdəki şəxsləri tanımır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 05 dekabr 2012-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkündür; Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, 18 avqust 2020-ci il tarixdə İddiaçı 6500 manat pul almış və həmin pulu 18 avqust 2021-ci il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Yevlax Rayon Polis X1 baş təhqiqatçısı X2 12 fevral 2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh ilə tanışı İddiaçı arasında yaranmış mübahisə mülki xarakterli olduğundan Azərbaycan Respublikası MPM-in 25-ci maddəsinə əsasən, mülki mübahisəli məsələlərə baxmaq məhkəmə səlahiyyətinə aid olduğuna görə məhkəməyə müraciət etmək hüququnun olması və eyni zamanda cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnun olması Cavabdeh izah edilmişdir. Araşdırma zamanı İddiaçı izahatında cavabdehin ondan 6500 manat borc pul aldığını, hər ay üzrə 500 manat ödəməli olduğu halda sonuncu dəfə 05 fevral 2021-ci il tarixdə 555 manat olmaqla cəmi 855 manat qaytardığını qeyd etmişdir. Araşdırma zamanı Cavabdeh izahatında iddiaçıdan 1000 manat sələm şəklində borc aldığını, hər ay üzrə 150 manat sələm kimi, eləcə də borcdan müəyyən məbləği maaş kartının iddiaçıda olarkən çıxıldığını, 05 fevral 2021-ci il tarixdə son qalıq borcu 170 manatı qaytarmaq istəyərkən iddiaçının ona 1000 manat deyil 5000 manat borclu olduğunu deyib əlində saxladığı 2000 manat pulu götürüb getdiyini qeyd etmişdir. Goranboy Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(045)-270/2022 nömrəli qərardadından görünür ki, Cavabdeh məxsus olan bank kartından 2020-ci ilin iyun ayından 2021-ci ilin fevral ayınadək həyata keçirilmiş bank çıxarış əməliyyatlarının video görüntüləri və yaxud fotoşəkillərinin "xxxx" ASC-nin Yevlax rayon filialından götürülməsi qərara alınmışdır; "xxxx" ASC-nin Yevlax rayon filialından götürülmüş Cavabdeh məxsus olan bank kartından 2020-ci ilin iyun ayından 2021-ci ilin fevral ayınadək həyata keçirilmiş bank çıxarış əməliyyatlarının fotoşəkillərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə məxsus bank kartından xx.xx.2020-ci il tarixdə 1000 manat və 38 manat məbləğində pul vəsaiti çəkilmişdir. Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, cavabdeh 18 avqust 2020-ci il tarixdə iddiaçıdan 6500 manat məbləğində borc pul almış və bu barədə cavabdeh tərəfindən yazılı formada qəbz tərtib edilmişdir. Cavabdeh qəbzdə iddiaçıdan 6500 manat məbləğində pul aldığını etiraf etmiş, borc məbləğini 18 avqust 2021-ci tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, həmin vaxtdan keçməsinə baxmayaraq cavabdeh borcunu tam qaytarmamışdır. Cavabdeh isə iddiaçıdan 6500 manat deyil, faizə 1000 manat borc aldığını və borcunu faizi ilə birlikdə qaytardığını bildirir. Lakin, borc məbləği tam deyil, borcun müəyyən hissəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Cavabdehin borc öhdəliklərini istisna edən, habelə 6500 manat borc məbləğinin iddiaçıya tam qaytarılmasını təsdiq edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №li qərarının birinci bəndində qeyd edilmişdir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi borc alınmış pulun qaytarılması barədədir. Müqavilə üzrə borcun verilməsini təsdiq edən sübut kimi qəbz mövcuddur. Bu qəbz iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, borcun tam ödənilməsini təsdiq edən sübutlar və cavabdehin müqavilə üzrə öhdəliyini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. İddiaçı tələbinin əsası kimi cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzə, həmin qəbz üzrə verdiyi 6500 manat pulun qaytarılmamasına istinad edir. Cavabdeh iddiaçıdan 6500 manat borc pul almış və bu barədə özü qəbz yazıb imzalamışdır. Mövcud olan qəbz artıq iddiaçını 6500 manat pul borc verməsini sübut etmə vəzifəsindən azad edir. Cavabdeh isə iddiaçıdan 6500 manat deyil, 1000 manat faizə borc pul götürdüyünü və borcunu faizi ilə birlikdə qaytardığını bildirir. Lakin, cavabdeh borc məbləğinin 6500 manat deyil, 1000 manat faiz borcu olduğunu və borcunu tam qaytardığını bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halları sübut edə bilməmişdir. Göründüyü kimi iddiaçı borc məbləğini və onun tam qaytarılmadığını sübut etmiş, cavabdeh isə iddiaçıya borcu olmadığını bildirsə də bunu sübut edə bilməmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut etdiyi halda cavabdeh bunu təkzib edən tutarlı sübut məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə alınsa ki, qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh borcunu tam qaytarmasını, bununla da hazırda borcunun qalmamasını sübut etməli idi. Qeyd edildiyi kimi, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halı qəbz ilə sübut edə bilsə də, cavabdeh etirazının əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Məhkəmə iclasında Goranboy Rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2(045)- 270/2022 nömrəli qərardadı əsasında "xxxx" ASC-nin Yevlax rayon filialından götürülmüş Cavabdeh məxsus olan bank kartından 2020-ci ilin iyun ayından 2021-ci ilin fevral ayınadək həyata keçirilmiş bank çıxarış əməliyyatlarının fotoşəkilləri tərəflərə təqdim olunmuş, həmin fotoşəkillər əsasında iddiaçının cavabdehə məxsus bank kartından 1000 manat və 38 manat pul çəkdiyi məlum olmuşdur. Məhkəmə, Cavabdeh izahatında göstərdiyi xüsusata, yəni onun tərəfindən yazılmış qəbzi pula ehtiyacı olduğundan məcburiyyət qarşısında yazmasına, əslində iddiaçıdan 6500 manat deyil, 1000 manat almasına və İddiaçı izahatında göstərdiyi xüsusata, yəni cavabdehin kartından çəkdiyi cəmi 450 manat pulu cavabdehin başqa borcunun əvəzinə çəkməsinə, həmçinin cavabdehin kartından çəkdiyi 1000 manat və 38 manat məbləğində pul vəsaitlərini cavabdehə verməsinə dair qeyd edir ki, həmin sənəddə cavabdeh 6500 manat borcunun olduğunu qəbul etmiş və borcunu 18 avqust 2021-ci il tarixdə qaytaracağına dair öhdəlik götürmüşdür. Sözügedən sənəd isə qəti sübut kimi qəbul edilir. Cavabdeh həmin sənədin pula ehtiyacı olduğundan məcburiyyət qarşısında yazıldığını, əslində iddiaçıdan 6500 manat deyil, 1000 manat aldığını, iddiaçı isə cavabdehin kartından çəkdiyi cəmi 450 manat pulu cavabdehin başqa borcunun əvəzinə çəkdiyini, həmçinin cavabdehin kartından çəkdiyi 1000 manat və 38 manat məbləğində pul vəsaitlərini cavabdehə verdiyini bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişlər. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1ci maddəsi). Tərəflərin məhkəmə iclasında verdiyi izahatlarla Yevlax Rayon Polis Şöbəsində verdiyi izahatların müqayisəli təhlilindən məlum olur ki, polis şöbəsindəki izahatlarda iddiaçı cavabdehin ondan 6500 manat borc pul aldığını, hər ay üzrə 500 manat ödəməli olduğu halda sonuncu dəfə 05 fevral 2021-ci il tarixdə 555 manat olmaqla cəmi 855 manat qaytardığını, cavabdeh isə iddiaçıdan 1000 manat sələm şəklində borc aldığını, hər ay üzrə 150 manat sələm kimi, eləcə də borcdan müəyyən məbləği maaş kartının iddiaçıda olarkən çıxıldığını, 05 fevral 2021-ci il tarixdə son qalıq borcu 170 manatı qaytarmaq istəyərkən iddiaçının ona 1000 manat deyil, 5000 manat borclu olduğunu deyib əlində saxladığı 2000 manat pulu götürüb getdiyini qeyd etmişdir. Məhkəmə iclasında isə cavabdeh iddiaçıya borcu olmadığını, 2020-ci ilin əvvəlindən 2020-ci ilin sonlarınadək iddaçının onun kartından 10000 manatdan artıq pul çəkdiyini, iddiaçı isə cavabdehin maaş kartından çəkdiyi pul vəsaitlərinin bir hissəsini iddiaçıya verdiyini bildirmişdir. Lakin, bu hallar tərəflərin polis şöbəsində verdiyi izahatlarla təkzib edilir. Belə ki, iddiaçı polis şöbəsində izahatında bununla bağlı hər hansı fikir bildirməmiş, cavabdeh isə borcunu 2020-ci il ərzində tam olaraq qaytardığını bildirsə də polis şöbəsində verdiyi izahatda 05 fevral 2021-ci il tarixdə qalıq borcu 170 manat olmasını bildirmişdir. Belə olan halda 2020-ci il ərzində borcun tam olaraq bağlanmadığı müəyyən olunur. Həmçinin, cavabdeh faiz məbləğini polis şöbəsindəki izahatda 150 manat, məhkəmə iclasında isə 200 manat kimi qeyd etmişdir. Bu səbəbdən məhkəmə tərəflərin izahatlarına tənqidi yanaşır. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh ona məxsus olan maaş kartından iddiaçı tərəfindən 1 il ərzində davamlı olaraq pul çəkildiyini iddia edir. Lakin, "xxxx" ASC-nin Yevlax rayon filialından götürülmüş cavabdehə məxsus olan kartın bank çıxarış əməliyyatlarının fotoşəkillərinə nəzər yetirilərkən iddiaçı tərəfindən yalnız xx.xx.2020-ci il tarixdə 1000 manat və 38 manat məbləğində pul vəsaiti çəkildiyi məlum olmuş, digər şəxslərin kimliyi isə tərəflərə məlum olmamışdır. Cavabdeh həmin şəxslərin iddiaçı və ya iddiaçının tanışı olmasını sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələb olunan pul vəsaitini cavabdehə verməsi və həmin pulun iddiaçıya tam qaytarılmaması öz təsdiqini tapmışdır. Lakin, qalıq borc məbləği hesablanarkən iddiaçı tərəfindən cavabdehin maaş kartından çəkilmiş 3 dəfə 150 manat olmaqla cəmi 450 manat, 1000 manat və 38 manat, həmçinin cavabdehdən əlbəəl olaraq alınmış 400 manat ümumi borc məbləğindən çıxılmalıdır (6500 – 450 – 1000 – 38 – 400 = 4612). “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məcburi köçkün olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan məhkəməyə müraciət edərkən iddia üzrə ödəməli olduğu 30 manat məbləğində dövlət rüsumunu ödəməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4612 (dörd min altı yüz on iki) manat vəsait İddiaçı xeyrinə tutulmalı, İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4612 (dörd min altı yüz on iki) manat vəsait İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №2(045)-21/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-21/2023
20.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver