Məhkəmə qərarları › İş №2(045)-2244/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-2244/2023

19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-2244/2023 19.12.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia və dəqiqləşmə ərizələr ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2020 (iki min iyirmi) manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh o, qəssab kimi tanımış və həmişə ona müxtəlif vaxtlarda saxladığı heyvanları kəsməyə vermişdir. Cavabdeh də həmişə kəsdiyi heyvanların pulunu vaxtlı-vaxtında vermişdir. 2023-cü ilin aprel ayında o, növbəti dəfə cavabdehin işlədiyi qəssabxanaya gələrək heyvanı olduğunu və satmaq isdədiyini bidirmişdir. Cavabdeh də ona bildirib ki, “mənə lazımdır, alıram”. Həmin gün saat 20:00-da onlara gəlmiş, heyvana baxmış və 2200 (iki min iki yüz) manata razılaşmışlar. Cavabdeh heyvanı aparmış və bildirmişdir ki, birinci gün pulu gətirəcək. (həmin gün altıncı gün idi). Lakin cavabdeh birinci gün pulunu gətirməmiş və bundan sonra o, dəfələrlə cavabdehdən xahiş etsə də, pulunu könüllü vermək istəmir. Hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadır. Hətta cavabdehin evinə gedərək valideyinlərindən də xahiş etmişdir. Lakin anası onun qarşısına çıxaraq bir də bu qapıya gəlsən “qan tökərəm” deyərək onu qapıdan qovmuşdur. O, cavabdehin hərəkətləri barədə yaşadığı yer üzrə Goranboy Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Goranboy Rayon Polis Şöbəsi onun ərizəsinə cavab verərək bildirib ki, şikayəti mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Polis Şöbəsi tərəfindən verilmiş 3-13-75/2-14-8592/11/202 nömrəli, 16 may 2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh barəsində müraciətlə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir; Cavabdeh Goranboy rayon Polis şöbəsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahatından görünür ki, o, İddiaçı bir baş iribuynuzlu heyvanı 2020 manata almağa razılaşmış və həmin pulu bir həftəyə qaytaracağına söz versə də, borcunu verə bilməmişdir; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 10844 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 42 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bir baş iribuynuzlu heyvana dair şifahi nisyə alğı-satqı müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehin aldığı malın dəyərini bir həftə ərzində iddiaçıya ödəməyi öhdəsinə götürməsi işin mübahisəsiz hallarıdır. Hazırkı mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; 600.3-cü maddəsinə əsasən satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. Həmçinin işə əlavə edilmiş cavabdehin polis şöbəsində verdiyi izahatında iddiaçıya 2020 manat borcunun olmasını etiraf etmişdir. Belə olan halda, hazırkı iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, habelə iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, izahatlar arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında nisyə alğ-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı iribuynuzlu heyvanı 2020 manata cavabdehə nisyə satmış, cavabdeh də aldığı malın dəyərini bir həftəyə ödəyəcəyi barədə vəd versə də, bugünədək borcunu ödəməmişdir. Odur ki, iddiaçının tələbi əsaslıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2020 (iki min iyirmi) manat məbləğində borc pul və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2020 (iki min iyirmi) manat məbləğində borc pul və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar