Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-251/2023 11.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 (beş min) manat pulun və ödədiyi 71 (yetmiş bir) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, qızının ailə qurması səbəbindən ona cehiz qismində mebel əşyaları almışdır. Lakin qızının ailə münasibətləri pozulduğundan heç həmin cehiz əşyalarını istifadə elmək də mümkün olmamışdır. Bu səbəbdən də həmin mebellərin satılması qərarına gəlmişdir. O, özü Goranboy rayonunda yaşayır, mebelləri də Goranda yerləşən “Prestij” mebel salonundan almışdır. İlk öncə mebelləri aldığı yerə qaytarmaq istəsə də yuxarda adları qeyd edilmiş cavabdehlər, hansı ki, onlar da onunla bir kəndlidir və uzun illərdir tanışdırlar, həmin şəxslər ona bildirdilər ki, “biz də mebel salonu işlədirik, elə həmin mebelləri bizə sat, uzağı iki aya sənin pulunu tam vercəyik”. O da sonuncuların çoxsaylı xahişlərini nəzərə alaraq, cavabdehlərə inanaraq 6000 manata aldığı yataq dəstini, qonaq dəstini, stol, stul və künc divanını 5000 manata dəyər-dəyməzə satmışdır. Həmin mebelləri xx.xx.2021-ci ildə onun evindən məhz cavabdehlər Savalanın qaynatısının maşını ilə aparmışlar. Lakin dedikləri vaxtdan artıq xeyli müddət keçsə də, hər dəfə bugün-sabah deyərək ona pulunu verməyiblər. Mebelləri istədikdə isə satdıqlarını, tez bir zamanda pulunu verəcəklərini bildirirdilər. Hətta Cavabdeh1 bildirdi ki, “narahat olma sənin bütün pulunu özüm qaytaracağam, heç bir yerə şikayət etmə”. Cavabdeh2 da bildirdi ki, Orxanla ikisi bir adamdılar, şərikdilər, həmin pulların hamısını tam şəkildə məhz Orxan tərəfindən qaytarılacaq. O da bildirdi ki, onun üçün fərq etmir kim qaytarır, əsas odur pulunu versinlər, yoxsa aidiyyəti qaydada polis və məhkəməyə müraciət edəcək. Dedikləri sözlərə, vədlərə əməl etmədiklərindən, əmlakını ələ keçirdikdən sonra ödənişi etmədiklərindən o da etdikləri qanunsuzluq səbəbindən aidiyyəti qaydada Goranboy Rayon Polis Şöbəsinə müraciət etmiş və şikayəti üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixində izahatı alınmış və o, izahatında etiraf etmişdir ki, 5000 manat dəyərində m e b e l l ə r i g ö t ü r m ü ş , lakin külli miqdar ziyan etdiyi üçün ona olan borcunu ödəyə bilməmişdir və əlavə olaraq söz vermişdir ki, 2022-ci ilin aprel ayının sonunadək hər ay 500 manat, aprel ayının sonuna isə qalan bütün borcunu qaytaracaq. Bu səbəbdən də 17 yanvar 2022-ci il tarixli arayışla Goranboy Rayon Polis Şöbəsi işin mülki xarakterli olmasını əsas gətirərək aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduöu tövsiyə olunmuşdur. Göründüyü kimi, cavabdehlər onun pulunu, əmlakını mənimsəyiblər və üzərilərinə düşən öhdəliyi icra etmirlər. Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə “5000 (beş min) manat pulun və ödədiyi 71 (yetmiş bir) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi” hissəsində icraata xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Cavabdeh1 əvvəlki məhkəmə iclasına ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli teleqramla səhhət ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və iddianı qəbul etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy RPŞ-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı tələbi mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; "xxxx" ASC-nin 24890 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 71 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə, cavabdehin etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə şifahi nisyə alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan yataq dəstini, qonaq dəstini, stol, stul və künc divanını satmağı, cavabdeh isə həmin müqavilə üzrə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi, yəni özünə məxsus yataq dəstini, qonaq dəstini, stol, stul və künc divanını 5000 (beş min) manata Cavabdeh1 satmış, cavabdeh isə malın dəyərini ödəmək öhdəliyini icra etməmiş, nəticədə iddiaçıya 5000 manat borcu qalmış, buna görə iddiaçının cavabdehdən verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmış, cavabdeh də iddianı qəbul edərək borclu olduğunu etiraf etmişdir. MPM-in: 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanunun tələblərini əsas götürüb hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 İddiaçı xeyrinə 5000 (beş min) manat məbləğində borc pul və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 5000 (beş min) manat məbləğində borc pul və ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-251/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-251/2023
11.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver