Məhkəmə qərarları › İş №2(045)-251/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-251/2025

11.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-251/2025 11.03.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona satılmış meyvələrə görə 750 manat pulun, hüquqi yardım göstərilməsinə ödəmiş olduğu 100 manat pulun, məhkəmədə dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun, cəmi 830 manat pulun alınıb ona verilməsi tələbini irəli sürmüşdür. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Goranboy rayonun Qaradağlı kəndində yaşayır, onun həmin kənddə həyətyanı torpaq sahəsi vardır, hər il payız mövsümündə həmin təsərrüfatda xurma ağaclarında yetişdirdiyi meyvələri satmaqla məşğul olur. O həyətyanı torpaq sahəsində olan xurma meyvəsini dəfələrlə başqa şəxslərə nisyə olaraq satmış və sonradan o, ondan aldığı meyvələrin pulunu vermişdir. 10 oktyabr 2024-cü il tarixdə Cavabdeh evə gəlib xurma meyvələri almaq istəyini bildirmiş, o ona 60 yumru, 8 şişburun xurma ağaclarının olduğunu, yumru xurmanın 8 kq. plastik 1 qutunun 2 manata, şişburun xurmanın 8 kq. plastik 1 qutunun 5 manata satdığını bildirmişdir. O, onunla razılaşmış, 2- 3 gün sonra onun həyətinə 8 kq. meyvə tutan 400 ədəd plastik qutu gətirib qoymuşdur. Sonra o, həmin 400 ədəd plastik qutunu aparıb, onun əvəzində 400 ədəd taxta qutu gətirmişdir. Oktyabr ayının 20-22-də o 60 yumru, 8 şişburun xurma ağacların bütün meyvələrini yığıb, bağda ağacların dibində toplamışdır. Oktyabr ayının 25-də Cavabdeh 3 nəfər fəhlə ilə gəlib toplanmış meyvələri taxta qutulara qablaşdırmağa başlamışdır. Onlar bir gündə 80 taxta qutu qablaşdırmışlar. 26 oktyabrda yeni başqa 3 fəhlə gətirmiş, həmin fəhlələr 58 taxta qutu qablaşdırmışlar. Cəmi 138 taxta qutu xurma meyvəsi qablaşdırılmışdır. Onların 30 qutusu şişburun, 108 qutusu yumru xurma meyvələri olmuşdur. Yerdə qablaşdırılmamış, 190 - 200 qutuluq meyvə qalmışdır. O, ona bildirmişdir ki, sifarişçi olan şəxs plastik qutularda meyvələri qəbul etmək istəyir, ona görə də bütün meyvələri yenidən plastik qutulara qablaşdıracaq. Sirac getmiş, 2 gün gəlməmiş, 2 gün sonra o, onsuz, onun xəbəri olmadan, plastik qutuları gətirib 300 qutuluq yumru xurmanı, 30 qutuluq şişburun xurmanı yığıb özbaşına aparmışdır. Cavabdeh onun 750 manatlıq xurma meyvələrini, aparmış, onların pulunu ona verməmişdir. O, onun 070 *** ** ** nömrəli telefonuna zəng edib aparmış olduğu meyvələrin cəmi 750 manat pulunu tələb etmiş, o, isə ona cəmi 188 qutu yumru, 10 qutu şişburun meyvə apardığını demişdir. O bildirmişdir ki, onun yanında ilk günlər qablaşdıranda 30 qutu şişburun, 108 qutu yumru xurma, yerdə isə 190 - 200 qutu yumru xurma qalmışdır. Onun xəbəri olmadan yerdə olan 190-200 qutu xurmanı da qablaşdırıb, cəmi 300 qutu yumru xurma qutusu, 30 şişburun xurma qutusu aparmışdır. Bundan sonra o, dəbbələməyə və ona qarşı şər-böhtan sözlər işlətməyə başlamışdır. Ondan apardığı xurmaların pulunu verməmişdir. Buna görə də Cavabdeh ona satılmış meyvələrə görə 750 manat pulun, hüquqi yardım göstərilməsinə ödəmiş olduğu 100 manat pulun, məhkəmədə dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun, cəmi 830 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, əlavə olaraq iddia ərizəsinin hazırlanmasına, hüquqi xidmətə görə 100 manat ödəmişdir. Buna görə də Cavabdeh ona satılmış meyvələrə görə 750 manat pulun, hüquqi yardım göstərilməsinə görə ödəmiş olduğu 100 manat pulun, məhkəmədə dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun, cəmi 830 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, o iddiaçıdan 198 yeşik xirnik yığıb nisyə aparmışdır. Onun iddiaçıya 420 manat borcu vardır. O borcu vermək istəsə də iddiaçı ondan 750 manat pul tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Cavabdeh ərizəsindən görünür ki, o iddianı qismən qəbul edir. İddiaçıdan 198 yeşik xirnik yığıb nisyə aparmışdır. Onun iddiaçıya 420 manat borcu vardır. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Cavabdeh Goranboy RPş-nə verdiyi izahatından görünür ki, o 100 manat beh pulunu çıxmaq şərtilə İddiaçı götürdüyü xurmaların pulunu, 326 manat vermiş, lakin İddiaçı onunla razılaşmamış, pulu götürməmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, ümumilikdə hüquqi xidmət göstərilməsi üçün İddiaçı 100 manat ödəmişdir. Məhkəmə iddiaçının ifadəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh nisyə alğı-satqı əsasında meyvə satmış, cavabdeh iddiaçıdan 198 yeşik xirnik yığıb nisyə apardığını, iddiaçıya cəmi 420 manat borcunun olduğunu etiraf etmişdir. Lakin iddiaçı cavabdehə hansı miqdarda meyvələrin təhvil verilməsi, cavabdehin ona hansı məbləğdə borclu olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan məhkəmə müəyyən edir ki, iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 100 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı iddia tələbinə dair hər hansı sübut təqdim etmədiyindən, cavabdeh iddianı qismən qəbul etdiyindən iddia tələbi 750 manat pulun alınması hissəsində qismən təmin edilməli, Cavabdeh 420 manat məbləğində pul, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 100 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 420 manat məbləğində pul, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 100 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 550 manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar