Məhkəmə qərarları › İş №2(045)-259/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-259/2023

14.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-259/2023 14.03.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulan maddi zərərin əvəzində 26000 manat pulun alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin 1(013)-07/2021 saylı 25 may 2021-ci il tarixli hökmündən göründüyü kimi cavabdeh bir çox zərərçəkənləri aldatmış, o cümlədən onu da aldadaraq və etibarından sui-istifadə edərək əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin oktyabr ayında Naftalan şəhəri istiqamətində gedərkən yol kənarında onda olan satılıq heyvanların olduğunu öyrənərək ona zəng edib heyvan almaq istədiyini bildirmiş və onun təklifi ilə Goranboy rayonunun Qasımbəyli kəndində yerləşən fermaya gəlib 20 baş inəyini və iki baş camışını 26000 manata alması barədə razılaşıb pulunu 3 saat müddətində gətirəcəyi barədə yalandan vəd verərək inək və camışları aparıb şəxsi ehtiyaclarına sərf etməklə aldatma və və etibarından sui-istifadə yolu ilə 26000 manat məbləğində əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ağdam Rayon Məhkəməsinin 1(013)- 07/2021 saylı 25 may 2021-ci il tarixli hökmünə əsasən cavabdeh AR CM-nin 178. 2. 2 və

178. 2. 4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM 306. 1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR CM-nin 66-cı maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir, hal-hazırda o, Salyan rayonu Yenikənd kəndində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Eləcə də həmin hökmlə müəyyən edilmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslərə, o cümlədən ona cinayət nəticəsində dəymiş ziyanla bağlı məhkəmədə mülki iddia qaldırmaq hüquqlarının olması izah edilmişdir. Təqsirləndirilən şəxsdən həmin ona vurduğu zərərin əvəzində 26000 manat pul tələb edir. Cavabdeh ona vurduğu zərəri tam həcmdə ödəməlidir. İddia tələbi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 16 dekabr 2022-ci il tarixli 2(057)-2401/2022 saylı qərardadına əsasən cavabdehin rəsmi qeydiyyat yeri Goranboy rayonunun Xanqərvənd kəndi olduğundan Goranboy Rayon Məhkəməsinə müraciət etmək üçün özünə qaytarılmışdır. Odur ki, iddia ilə Goranboy Rayon Məhkəməsinə müraciət edir. Onu da qeyd edir ki, o, Kəlbəcər rayonundan olan məcburi köçkündür, ona görə də AR “X3” Qanununun 9.1.20-ci maddəsinə əsasən iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarından dövlət rüsumu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin 1(013)-07/2021 saylı 25 may 2021-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh tərəfindən İddiaçı qarşı törədilmiş dələduzluq cinayəti nəticəsində sonuncuya 26000 (iyirmi altı min) manat məbləğində maddi ziyan dəymişdir. Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi tərəfindən verilmiş AA seriyalı 400427 nömrəli məcburi köçkün vəsiqəsinin surətinən görünür ki, İddiaçı məcburi köçkündür və müvəqqəti Goranboy rayonunda məskunlaşmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş 17/6-18690 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü məhkun Cavabdeh Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir; Məhkəmə, iddiaçının və onun vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına əsasən hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Ağdam Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 1(013)-07/2021 saylı 25 may 2021-ci il tarixli hökmü ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Cavabdeh təkrar aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə oktyabr 2019-cu ildə Naftalan şəhəri istiqamətində gedərkən yol kənarında İddiaçı Mirqafar oğlunda satılıq heyvan olduğunu öyrənərək ona zəng edib heyvanları almaq istədiyini bildirmiş və sonuncunun təklifi ilə Goranboy rayonunun Qasımbəyli kəndində yerləşən fermaya gəlib sonuncunun 20 baş inəyini və iki camışını 26000 manata alması barədə razılaşıb pulunu 03 saat müddətində gətirəcəyi barədə yalandan vəd verərək inək və camışları aparıb şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə yolu ilə 26000 manat məbləğində özgə əmlakını ələ keçirərək təkrar və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Cavabdeh İddiaçı 26000 manat zərər vurması və zərərin əvəzinin qaytarılmadığı müəyyən edilmişdir. Odur ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “X3” Qanunun 8.1.3-cü və 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, iddiaçı məcburi köçkün olduğuna görə dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün hazırda 168 (bir yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumu (“X3” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi qaydasında hesablanır) Cavabdeh dövlət büdcəsinə tutulmalıdır. Yekunda məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 26000 (iyirmi altı min) manat məbləğində dəymiş zərərin əvəzi, həmçinin dövlət büdcəsinə 168 (bir yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olununlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 26000 (iyirmi altı min) manat məbləğində dəymiş zərərin əvəzi tutulsun. Cavabdeh dövlət büdcəsinə 168 (bir yüz altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar