Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-272/2025 28.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6000 manat pulun, hüquqi yardımın göstərilməsinə ödəmiş olduğu 371 manat pulun, dövlət rüsumuna ödənmiş 85 manat pulun, cəmi 6456 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh ilə o, xx.xx.2009-cu il tarixdə ailə qurmuş, Goranboy rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 2009-cu ilin 09-cu ayının 24 günündə 288 № ilə nikah qeyd edilmişdir. Bu nikahdan onların xx.xx.2010-cu il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X15 adlı övladları olmuşdur. Cavabdeh ilə aralarında yaranmış ailə mübahisəsinə - onun başqa qadınla yaşamaq və evlənmək istəməsinə, onların birgə vəsaiti və xərcləri hesabına əldə etdikləri daşınmaz əmlakını, torpaq sahəsini, yaşayış evini anasının adına sənədləşdirmək istəməsi səbəbindən onlar xx.xx.2024-cü il tarixdən faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh öz niyyət və məqsədini həyata keçirmək üçün nikah qeydinin pozulması, uşaqların atanın himayəsində qalması və aliment tələbinə dair ona qarşı məhkəmədə iddia qaldırmış, birgə nikah dövründə əldə etdikləri əmlakları özgəninkiləşdirməyə çalışır. Cavabdeh 6 sot həyətyanı torpaq sahəsi almaq üçün 6000 manat pula ehtiyacı olmuş, bunun üçün o, lazım olan 6000 manat pulu 2021-ci ilin iyun ayından oktyabr ayınadək təşkil edib ona vermiş, cavabdeh həyətyanı torpaq sahəsini almış, lakin bu günədək 6000 manat pulu qaytarıb ona verməmişdir. Belə ki, o və bacısı X9 hər biri bankdan 3000 manat kredit götürərək, cəmi 6000 manat hesabına xx.xx.2021 il tarixli, AN-İ№ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə ünvan 1i ünvanında yerləşən satıcı X6 mülkiyyətində olan 0,25 ha həyətyanı torpaq sahəsinin 500 kv.metr hissəsini Cavabdeh adına alınması üçün xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 3000 manat pul vermişlər. Bankdan götürülmüş kreditlər onun tərəfindən ödənib bağlanmışdır. Buna baxmayaraq, Cavabdeh 500 kv.m torpaq sahəsini əldə etdikdən sonra onların pulunu qaytarıb vermək istəmir. İddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlər ilə müəyyən edilir ki, tərəf kimi o, cavabdehlə aralarında olan öhdəliklərin şərtlərinə əməl etsə də, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və ona zərər vurmuşdur. İddiaçı bildirdi ki, o, iddia tələbini müdafiə edir. Belə ki, cavabdeh 2021-ci ildə qonşuluqda satılan məhləni özünə almaq istədiyini bildirərək ondan 6000 manat borc pul istəmişdir. O, ABBdən 3050 manat kredit götürüb cavabdehə vermişdir. Lakin, 6000 manat lazım olduğundan pul çatmamış, o, bacısından xahiş etmişdir. Bacısı 3000 manat kredit götürüb ona vermiş, o da həmin pulu cavabdehə vermiş, cavabdeh özünə məhlə almışdır. Cavabdeh ondan 6000 manat borc pul almışdır. Cavabdeh borcunu qaytaracağını bildirsə də pulu istədikcə tam qaytarmağa gücü çatmadığını, krediti ödəyəcəyini bildirmiş, lakin krediti də ödəməmişdir. O, kredit borclarını məcbur qalıb özü ödəmiş, cavabdeh bu günədək borcunu qaytarmamışdır. O, pulu 2021-ci ildə nikahda olduqları, ayrı yaşamadıqları dövrdə vermişdir. Lakin, onların büdcələri ayrı olmuşdur. Cavabdeh torpağı özünə almışdır. Orada birgə ev tikmişlər, cavabdeh həmin evi anasının adına keçirmişdir. Cavabdeh evi özü üçün tikdirmişdir. Onlar 16 ildir evlidirlər, atası evində yaşamışlar. O, bankın artıq faizlərini tələb etmir, sadəcə verdiyi pulu tələb edir. Cavabdeh ondan xahiş etmiş, özünün və bacısının adına kredit götürüb cavabdehə vermişdir. Kredit kağızlarını sübut kimi təqdim etmişdir və bacısı şahiddir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının vəkili Vəkil məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiada göstərilənlər şərdir. İddiaçı ona qarşı əsassız iddialar qaldırmışdır. Hazırda məhkəmənin digər hakiminin icraatında iddiaçının ona qarşı 10000 manat pul tələbinə dair iddiası vardır. O, 16 il iddiaçının özünə və anasına baxmışdır. Onların ana bala büdcəsi ayrı olmuş, evə, uşağa o baxmışdır. Onu dəfələrlə qaldıqları evdən çıxartdıqlarına görə 2021-ci ildə öz şəxsi pay torpağını satıb həmin torpaq sahəsini 6000 manata almışdır. O, torpaq sahəsinin alınması üçün heç kəsdən borc pul almamışdır. Ona borc pul verilmiş olsaydı notarial qaydada verilərdi və ya pulun verilməsi ilə bağlı şəkli çəkilər, səsi yazdırılardı. Məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. X4 məhkəmə iclasında bildirdi ki, iddiaçı onun bacısı, cavabdeh isə yeznəsidir. Onlar məhlə alan zaman pulları çatmadığına görə kredit götürüb vermək üçün ona müraciət etmişlər. O, "xxxx"dan 3000 manat kredit götürüb iddiaçıya vermiş, cavabdeh də krediti özü ödəyəcəyini bildirmişdir. Lakin, cavabdeh krediti ödəməmiş, iddiaçı maaşından az-az ödəmişdir. O, pulu iddiaçıya borc olaraq məhlə aldıqlarına görə köməklik kimi vermişdir. Cavabdeh üçün deyil bir ailə kimi övladları üçün torpaq sahəsi aldıqlarına görə borc vermişdir. X1 məhkəmə iclasında bildirdi ki, iddiaçı onun qızı, cavabdeh isə kürəkənidir. Cavabdeh qonşuluqda satılan torpaq sahəsini almaq istədiyini bildirmiş və ona köməklik edilməsini xahiş etmişdir. İddiaçı ilə cavabdeh bankdan kredit götürmüş, o da hər ay pensiyasından onlara pul vermişdir. İddiaçı kredit götürüb cavabdehə vermişdir. Digər qızı Zərifə də 3250 manat kredit götürüb vermişdir. Uşaqların evləri, mülkləri olsun deyə borca pul verilməsinə razılaşmışlar. Pulu uşaqlara ev, məhlə alınması üçün vermişlər. Həmin pul borc kimi verilmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 527489 nömrəli çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2009-cu il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 288 nömrə ilə qeyd edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 445480 nömrəli arayışdan görünür ki, X12 xx.xx.2010-cu il tarixdə Goranboy rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 792038 nömrəli arayışdan görünür ki, X15 xx.xx.2011-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli BPM**********76 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, İddiaçı 48 ay müddətinə, illik 22% olmaqla 3050 manat məbləğində kredit verilmişdir; xx.xx.2021-ci il tarixli AR-İİ seriyalı 242208 nömrəli etibarnamədən görünür ki, Cavabdeh və X13 DTXK-nin Goranboy rayon şöbəsinin verdiyi xx.xx.1999-cu il tarixli 01222 qeydiyyat nömrəli JN 112 kod 50922018 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən onların mülkiyyətində olan Goranboy rayonu, Xınnalı kəndində 3.59 hektar torpaq sahəsində olan paylarının üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, 7 saylı Ərazi idarəsində onu təmsil etməyi, Forma 1 almağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi 20 il müddətinə xx.xx.2041-ci il tarixədək X14 etibar etmişdir; xx.xx.2021-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X2 şəhəri ünvanında yerləşən, ümumi sahəsi 2500 m2 olan torpaq sahəsinin 500 m2 hissəsini alıcı Cavabdeh 5000 manata satmışdır; "xxxx" ASC ilə X9 arasında bağlanmış xx.xx.2021-ci il tarixli CC/93695/82/29 nömrəli kredit sazişindən görünür ki, X7 24 ay müddətinə, illik 20% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Goranboy Rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 2(045)-1778/2024 nömrəli qərardadından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Goranboy Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(045)-1991/2024 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “birgə əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Goranboy Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2(045)-2212/2024 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Əsaslandırıcı hisssə: Mübahisənin mahiyyəti üzrə həlli üçün məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2009-cu il tarixdə nikah bağlanmış, iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri pozulmuş və cavabdehin iddiaçıya qarşı “nikahın pozulması” tələbinə dair iddiası məhkəmənin icraatındadır. Cavabdeh xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Goranboy şəhəri ünvanında yerləşən, ümumi sahəsi 2500 m2 olan torpaq sahəsinin 500 m2 hissəsini almışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinin alınması üçün birgə nikah dövründə cavabdehə 6000 manat borc verərək aralarında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını, həmin məbləğin 3000 manatının özünün və 3000 manatının isə bacısının bankdan kredit götürüb cavabdehə borc verdiyini, kredit borclarını özünün ödədiyini və həmin pulun ona geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, iddiaçıdan hər hansı borc almadığını, sözügedən torpaq sahəsini 2021-ci ildə öz şəxsi pay torpağını satıb 6000 manata öz vəsaiti hesabına aldığını bildirir. Məhkəmə qeyd edir ki, işin hallarına görə tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (münasibətlər yaranan vaxt qüvvədə olan): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna, yaxud iddiaçı öz tələbini təsdiq edən müəyyən halları sübut etdiyi və ya bunlar işin mübahisələndirilməyən halları olduqda iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü cavabdehin üzərinə qoyula bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Prosessual qanunvericiliyə əsasən heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Əgər məhkəmə iş üzrə hər hansı sübutu (məsələn şahid ifadəsini) statusuna və ya alınma mənbəyinə görə daha üstün olan digər sübutdan (məsələn səlahiyyətli dövlət orqanı tərəfindən lazımi qaydada tərtib olunmuş rəsmi sənəddən) daha mötəbər hesab edirsə, yaxud eyni qüvvəli, lakin məzmunca biri-biri ilə ziddiyyət təşkil edən sübutlardan birini qəbul, digərini qəbul etmirsə bununla bağlı mövqeyini işdə olan digər sübutlarla müqayisəli şəkildə inandırıcı və ağlabatan qaydada əsaslandırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmış olmalıdır və bu cür tələblər üzrə pulun verildiyini sübut etmək yükü iddiaçının üzərində olsa da, o bu yükdən o zaman azad edilir ki, cavabdeh bu pulun ona verilmədiyini təkzib edən sübutlarla təsdiq etsin. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi borc alınmış pulun qaytarılması barədədir. İddiaçı cavabdehə 6000 manat borc verdiyini iddia etsə də bu halı məhkəmə iclasında sübut edə bilməmişdir. Belə ki, iş üzrə borcun verilməsini təsdiq edən sübut kimi müqavilə və ya hər hansı digər bir sübut mövcud deyil. İddiaçı tərəfindən cavabdehə borc verilməsi və borc pulun cavabdeh tərəfindən alınması barədə məhkəməyə sübut təqdim edilməmiş, cavabdehin müqavilə üzrə öhdəliyini müəyyən edən hallar məhkəmə tərəfindən müəyyən edilməmiş və cavabdeh iddianı qəbul etməmişdir. Beləliklə, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçı tələbinin əsası kimi özü və bacısı tərəfindən bankdan götürülmüş kredit müqavilələrinə, həmin kredit müqavilələri üzrə hər birinin 3000 manat olmaqla cəmi 6000 manat cavabdehə verdiyini iddia etdiyi pulun qaytarılmamasına istinad edir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin tarixi ilə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tarixi yaxın dövrlərə təsadüf etsə də kredit məbləğinin götürülüb cavabdehə verilməsi barədə iş materiallarında sübut mövcud deyildir. Həmçinin, iddiaçı torpaq sahəsinin alınması üçün bankdan kredit götürüb cavabdehə verməsi və həmin pulun kredit borcu üzrə banka cavabdehin ödənişlər edəcəyi şərti ilə verməsi ilə bağlı razılaşma olmasına dair heç bir sübut növü təqdim etməmiş, iddiaçının bu dəlili işin faktiki və araşdırılmış halları ilə də uyğun gəlməmişdir. Nəzərə alınmalıdır ki, kredit müqaviləsi üzrə götürülmüş pulun cavabdehə verildiyi müəyyən olunduğu halda isə pul vəsaitinin borc olaraq verilməsi sübut olunmalıdır. Belə ki, iddianın predmeti borc tələbi olduğundan verilmiş pul vəsaitinin də məhz borc olduğunu sübut etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. Yalnız pul verilməsi barədə faktın mövcudluğu pulun borc olaraq verilməsi nəticəsinə gəlmək üçün birmənalı əsas deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı torpaq sahəsinin alınması üçün bacısı tərəfindən kredit götürülüb cavabdehə verildiyini iddia etsə də daşınmaz əmlakın alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlandığı halda "xxxx" ASC ilə X9 arasında kredit müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi həmin kredit müqaviləsi torpaq sahəsi alındığı vaxtdan 3 ay sonra bağlanmışdır ki, belə olan halda iddiaçının bacısı tərəfindən kredit götürülüb torpaq sahəsi alınması üçün cavabdehə verməsi dəlili həmin faktla təkzib olunur. Cavabdeh isə iddiaya etiraz edərək 2021-ci ildə öz şəxsi pay torpağını satıb həmin torpaq sahəsini 6000 manata aldığını bildirmişdir. Onun tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli etibarnamə ilə Cavabdeh və X8 mülkiyyətlərində olan Goranboy rayonu, Xınnalı kəndində 3.59 hektar torpaq sahəsində olan paylarını X3 təsdiq olunur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətləri pozulduqdan sonra iddiaçı hazırkı və digər iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. İddiaçının cavabdehə qarşı hazırkı tələbi də məhz ailədaxili münasibətlərin nəticəsidir ki, 02 oktyabr 2024-cü il tarixdə cavabdeh iddiaçıya qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra iddiaçı cavabdehə qarşı 04 noyabr 2024-cü il tarixdə “birgə əmlakın bölünməsi”, 16 dekabr 2024-cü il tarixdə “yaşayış evinə köçürülmə” və hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir və iddiaçının iddia etdiyi borc münasibətləri 2021-ci ilin iyun ayında yarandığı halda o, 2024-cü ilin dekabr ayında məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd olunmalıdır ki, ailə bağları möhkəm olmadığı halda iddiaçı tərəfindən heç bir sübut olmadan cavabdehə borc verilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə şahidlərin ifadələri ilə bağlı qeyd edir ki, şahidlər iddiaçının cavabdehə pulu borc olaraq verdiyini bildirmişlər. Qeyd olunmalıdır ki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxi olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Həmin şahidlər iddiaçının anası və bacısıdır və onların verdiyi ifadələr ilk növbədə iddiaçının maraq və mənafeyinə uyğun ifadələr kimi qiymətləndirilir. Məhkəmə həmçinin qeyd edir ki, X4 ifadəsində iddiaçı ilə cavabdehin məhlə alan zaman pulları çatmadığına görə kredit götürüb vermək üçün ona müraciət etdiklərini, 3000 manat kredit götürüb iddiaçıya verdiyini, pulu iddiaçıya borc olaraq məhlə aldıqlarına görə köməklik kimi verdiyini, cavabdeh üçün deyil bir ailə kimi övladları üçün torpaq sahəsi aldıqlarına görə borc verdiyini, digər X1 da uşaqların evləri, mülkləri olsun deyə borca pul verilməsinə razılaşdıqlarını, pulu uşaqlara ev, məhlə alınması üçün verdiklərini bildirmişlər. Göründüyü kimi şahidlərin ifadələri ilə də hazırkı iddianın əsaslı olması öz təsdiqini tapmır. Belə ki, şahidlər ifadələrində pulun cavabdeh üçün deyil məhz uşaqlar üçün torpaq sahəsi alınması üçün verildiyini bildirmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdehə pul verməsi faktı olmuş olsa da belə, bu hal da tərəflər arasında borc münasibətlərinin yaranmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehə şəxsi ehtiyacları üçün deyil torpaq sahəsinin alınması üçün verilmiş pul ailə ehtiyacları xərci kimi, həmin vəsait hesabına alınmış əmlak isə birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilməli, belə olduqda iddiaçının bacısından alınmış borc isə tərəflərin hər ikisinə aid edilməli, həmin borcun tələb edilməsi üçün subyektiv hüquqa malik şəxs kimi iddiaçı deyil onun bacısı müəyyən edilməli, iddiaçı tərəfindən borcun qaytarıldığı müəyyən olunduğu halda isə həmin borc tərəflərin hər ikisinə aid edilməklə yarısı tələb edilməli, öz kredit borcunun da yarısının tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddianın rədd edilməsi iddiaçının cavabdehlə birgə nikah dövründə əmlak aldıqları öz təsdiqini tapdığı halda onun müvafiq iddia ilə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 84 manat məbləğində dövlət rüsumu və 371 manat məbləğində hüquqi yardım xərci İddiaçı aid edilməlidir. Nəticə: Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 84 manat məbləğində dövlət rüsumu və 371 manat məbləğində hüquqi yardım xərci İddiaçı aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-272/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-272/2025
28.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver