Məhkəmə qərarları › İş №2(045)-28/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-28/2023

06.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-28/2023 06.07.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı2, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızının iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı “su artezianından istifadəyə maneənin aradan qaldırılması və maddi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, həyətlərini sulamaq üçün cavabdehlərin həyətyanı torpaq sahəsindən keçən dədə-baba su arxından istifadə etməklərinə maneə törədilməsinin cavabdehlərə qadağan olunması və həyətyanı torpaq sahəsindən keçən dədə-baba su arxından istifadə etməklərinə mane olduqları üçün onlara vurduqları maddi ziyanın əvəzində 10000 manat pulun cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, Goranboy rayonu Xanqərvənd kəndində dədə-babadan su arxları keçən yeri, anası Əliyeva Sehran öləndən sonra oğlu və gəlini cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Əliyeva X7 Federasiyasından qayıtdıqdan sonra zəbt edərək, onu sudan istifadə etməyə qoymurlar. Belə ki, uzun illərdir tək onun deyil, ondan başqa bir neçə qonşunun da suyu cavabdehlərin həyətindən keçir. Hamı həmin arxdan istifadə edir. Son vaxtlar cavabdehlər Cavabdeh2 və onun həyat yoldaşı Cavabdeh1 ona həmin arxdan istifadə etməyə imkan vermir. O, həyətyanı torpağını suvarmaq üçün suyu açanda Cavabdeh1 əlinə balta alaraq onu ölümlə hədələyərək suyu açmağa qoymur. O, Cavabdeh1 qızından əri Cavabdeh2 şikayət edəndə o da öhdəsindən gələ bilmədiyini, şikayət etməsini deyir. Beləliklə, cavabdehlər ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Onların bu hərəkətlərindən onun bütün məhsulları susuzluqdan məhv olmuşdur. Bu il ona ən azı 10.000 (on min) manat maddi ziyan dəymişdir. Bağında olan ağacların hamısı demək olar ki, susuzluqdan tam qurumuşdur. Odur ki, cavabdehlərin bu dözülməz hərəkətlərindən məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında göstərdi ki, Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. O, ailə üzvləri ilə birlikdə həmin torpaq sahəsində yerləşən mənzildə yaşayır. Torpaq sahəsini sulamaq üçün əvvəllər Sehran Əliyevaya məxsus həyətdən keçən su arxından istifadə etmişdir. Həmin su arxı dədə-baba arxıdır. Sehran Əliyeva hazırki iş üzrə Cavabdeh2 anasıdır. Lakin, Sehran Əliyeva vəfat etdikdən sonra cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızı onlara həmin su arxından istifadə etməkdə maneə yaradırlar. Bu səbəbdən onlar öz həyətlərini suvara bilmir və nəticədə onların ağacları qurumuşdur. Göstərilənləri nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, həyətini ancaq cavabdehlərə məxsus su arxı vasitəsilə suvara bilər. Bəzən onların evlərinin qarşısından keçən su arxından istifadə etməklə öz həyətini suvarmışdır. Lakin, bu çox çətin olur. Belə ki, həmin arxdan bir çox sakinlər istifadə etdiyindən növbəlilik yaranır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Goranboy rayonunun Xanqərvənd kəndində yaşayır. Əvvəllər o, Rusiya Federasiyasında yaşamışdır. X11 həyətlərinin qarşısından keçən arxdan öz hesabına həyətinə arx çəkdirmişdir. Daha sonra digər qonşular da bu arxdan istifadə etmişdir. X11 vəfat etdikdən sonra o, bəzi qonşulara bildirmişdir ki, özlərinə yaxın olan su arxından istifadə etsinlər. Buna baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 onlarla prinsip apararaq həyətlərindən keçən arxdan istifadə etmək istəyirlər. Cavabdehlərin evləri onların evindən təxminən 700-800 metr aralıda yerləşir və cavabdehlərin evinin qarşısından ayrıca arx keçir. Belə olan halda cavabdehlər prinsip olaraq evlərinin qarşısından keçən arxdan deyil, daha uzaqda yerləşən, onlara məxsus arxdan istifadə etmək istəyirlər. O isə buna razı deyil. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 qızı izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Goranboy rayonunun Xanqərvənd kəndində yaşayır. Hazırda yaşadıqları ev qayınX11ya məxsus olmuşdur. Sehran Əliyeva öz hesabına həyətinə arx çəkdirmişdir. Bir müddət həmin arxdan qonşular istifadə etmişdir. Həmçinin, həmin arxdan İddiaçı1 və İddiaçı2 da istifadə etmişdir. Daha sonra öz həyətlərini suvarmaq üçün su çatmadığından onlar bəzi qonşuların öz həyətlərinə yaxın arxdan istifadə etmələrini bildirmişlər. Lakin, İddiaçı1 və İddiaçı2 buna məhəl qoymur. İddiaçı1 və İddiaçı2 evlərinin qarşısından arx keçməsinə baxmayaraq onlar prinsip olaraq həmin arxdan deyil, onlara məxsus arxdan istifadə etmək istəyirlər. O, öz vəsaitləri hesabına şəxsi mülklərindən çəkilmiş arxdan İddiaçı1 və İddiaçı2 istifadə etməsini istəmir. Belə ki, İddiaçı1 və İddiaçı2 evlərinin qarşısından başqa arx keçir və onlar həmin arxdan istifadə edə bilərlər. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında göstərmişdir ki, Goranboy rayonunun Xanqərvənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi ona və ailə üzvlərinə məxsusdur. O, həyətini Sehran Əliyevaya məxsus həyətdə olan su arxı vasitəsilə suvarmışdır. Lakin, Sehran Əliyeva vəfat etdikdən sonra oğlu Cavabdeh2 və gəlini Cavabdeh1 həmin arxdan onların istifadəsinə maneə yaratmışdır. Bu səbəbdən də o, öz həyətini suvara bilmir. Nəticədə həyətlərində olan ağaclar qurumuş və onlara maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, o, Goranboy rayonu Xanqərvənd kənd bələdiyyəsinin sədridir. Hazırki iş üzrə iddiaçı və cavabdehlər də həmin kənddə yaşayırlar. İddiaçı və cavabdehlərin yaşadıqları mənzillər arasında təxminən 700-800 metr məsafə vardır. Cavabdehlərin həyətindən keçən su arxı dədə-baba arxı deyildir. Belə ki, həmin arxı Cavabdeh2 anası sonradan öz hesabına çəkdirmişdir. Bundan başqa kəndin xəritəsində də cavabdehlərin həyətindən keçən arxın əvvəldən mövcud olmaması açıq-aydın görünür. O, həmin xəritələri məhkəməyə təqdim etmişdir. İddiaçıların evinin qarşısından keçən su arxı mövcuddur və iddiaçılar həmin arxdan sərbəst şəkildə istifadə edə bilərlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, o, Goranboy rayonu Xanqərvənd kənd su birliyinin sədridir. İddiaçı və cavabdehlərin yaşadıqları mənzil bir-birindən təxminən 700-800 metr məsafədə yerləşir. Cavabdehlərin həyətindən keçən su arxı dədə-baba arxı deyildir. Həmin arx sonradan Arifin anası tərəfindən öz hesabına çəkilmişdir. İddiaçı1 və İddiaçı2 evinin qarşısından su arxı keçir ki, 265 nömrəli arteziandan gələn su ilə onlar öz həyətlərini rahat suvara bilərlər. Cavabdeh2 həyətindən keçən su arxına isə 23 nömrəli arteziandan su gəlir. Hətta, iddiaçılar İddiaçı1 və İddiaçı2 öz həyətlərinin qarşısından keçən arxdan istifadə etməklə öz həyətlərini suvarsalar, onların həyətinə su digərindən 10-15 dəqiqə tez gələr. Verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 evlərinin qarşısından keçən su arxından istifadə etmələrinə hər hansı maneə yoxdur. İş üzrə digər İddiaçı1 hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə digər İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən Arayış”ın surətindən görünür ki, Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 0,25 ha torpaq sahəsi və üzərində olan tikililər İddiaçı2, X3, İddiaçı1, X1 və X2 mülkiyyətindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri”ndən çıxarışın surətindən görünür ki, Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən 0,342 ha torpaq sahəsi və üzərində olan tikililər Cavabdeh2 mülkiyyətindədir; Goranboy rayonu Xanqərvənd Bələdiyyəsi tərəfindən təqdim edilmiş xəritədən görünür ki, iddiaçıların və cavabdehlərin torpaq sahələri qonşuluqda yerləşmir və həmin xəritədə cavabdehlərə məxsus torpaq sahəsində arx nəzərdə tutulmamışdır; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızının torpaq sahəsinin içərisindən gedən su arxı hal-hazırda naturada mövcuddur. İddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsini suvarmaq üçün başqa yerdən su arxı yerin mailliyi və relyefinə uyğun çəkilməlidir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1741 nömrəli, 14 aprel 2023-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, İddiaçı1 və İddiaçı2 torpaq sahəsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızının torpaq sahəsinin içərisindən gedən su arxı hal-hazırda naturada mövcuddur. İddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsini suvarmaq üçün başqa yerdən su arxı yerin mailliyi və relyefinə uyğun çəkilməlidir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manatdır; xx.xx.2023-cü il tarixli “Yerli baxış protokolu”ndan görünür ki, Goranboy rayonu Xanqərvəd kəndində iddiaçılara və cavabdehlərə məxsus torpaq sahəsinə iddiaçıların və cavabdehlərin, Goranboy rayonu Xanqərvənd kənd bələdiyyəsinin sədri X4, Goranboy rayonu Xanqərvənd kənd su birliyinin sədri X5 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçılara məxsus torpaq sahəsi cavabdehlərə məxsus torpaq sahəsindən təxminən 700-800 metr aralıda yerləşir. Cavabdehlərin evinin qarşısından ümumi arx keçir (Şəkil 1). Həmin arxdan həyətyanı sahələrə, həmçinin cavabdehlərin həyətinə ayrıca arx çəkilmişdir (Şəkil 2). İddiaçıların da evinin qarşısından başqa arx keçir. Həmin arxın cavabdehlərin həyətindən keçən arxla əlaqəsi yoxdur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin suvarılması üçün cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən keçən su arxından istifadə etmələrinə şərait yaradılmasını tələb edir. İddiaçılar bildirirlər ki, cavabdehlər həmin su arxından istifadə etmələrinə maneə törədirlər. Cavabdehlər həmin su arxının onlar tərəfindən çəkildiyini, əvvəldən bu arxın mövcud olmadığını bildirirlər. Məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Göründüyü kimi mülkiyyət hüququnun toxunulmazlığı, dövlət tərəfindən müdafiə olunması qanunla təsbit edilsə də, mülkiyyətdən qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmaqla istifadə də qadağan olunmuşdur. Həmçinin, mülki qanunvericilikdə qonşuluq hüququ da təsbit edilmişdir ki, onun mahiyyətindən də göründüyü kimi münasibətlər qarşılıqlı hörmət əsasında qurulmalıdır. Sözügedən hüququn mənasından göründüyü kimi aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Suyun təbii axımını qonşunun ziyanına dəyişdirmək qadağandır. Məhkəmə, bu halları nəzərdən keçirir və hesab edir ki, ilk növbədə cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində hazırda su arxının olub-olmaması, həmçinin iddiaçıların torpaq sahələrini suvarmaq üçün naturada digər su arxının mövcud olubolmaması müəyyən olunmalıdır. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, cavabdehlərin torpaq sahəsində naturada su arxı mövcuddur. Həmin su arxı cavabdehlərin evlərinin qarşısından keçən su arxından sonradan çəkilmişdir. Belə ki, Goranboy rayonu Xanqərvənd Bələdiyyəsi tərəfindən təqdim edilmiş xəritədən görünür ki, iddiaçıların və cavabdehlərin torpaq sahələri qonşuluqda yerləşmir və həmin xəritədə cavabdehlərə məxsus torpaq sahəsində arx nəzərdə tutulmamışdır. Bundan başqa iddiaçıların torpaq sahələrini suvarmaq üçün alternativ su arxının da naturada mövcud olması müəyyən edilmişdir. Belə ki, iş üzrə yerli baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçıların evinin qarşısından başqa su arxı keçir (iş materiallarına əlavə edilmiş 3 nömrəli Şəkil). İş üzrə şahid qismində dindirilmiş Goranboy rayonu Xanqərvənd kənd bələdiyyəsinin sədri X6 və Goranboy rayonu Xanqərvənd kənd su birliyinin sədri X10 da izahatlarında bu halı təsdiq etmişdilər. Həmçinin, cavabdehlərin evlərinin qarşısından keçən su arxı vasitəsilə öz həyətlərini daha tez suvarmaları halı müəyyən edilmişdir. Məhkəmə nəzərə alır ki, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəylərində də iddiaçıların torpaq sahələrini cavabdehlərə məxsus torpaq sahəsindən keçən su arxından deyil, başqa yerdən suvarması halı istisna edilməmişdir. Belə ki, həmin rəylərdən göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsini suvarmaq üçün başqa yerdən su arxı yerin mailliyi və relyefinə uyğun çəkilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçıların həmçinin vurulmuş maddi ziyan tələbi də vardır. İddiaçılar həmin maddi ziyanın cavabdehlərin onların həyətindən keçən su arxından istifadə etmələrinə icazə verməməsi nəticəsində vurulduğunu iddia etsələr də, bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, buna dair müvafiq sübutlar iddiaçılar tərəfindən təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 77.1-ci maddəsi). Eyni zamanda məhkəmə nəzərə alır ki, iddiaçılar ağaclarının quruması nəticəsində onlara maddi ziyan dəymiş oduğunu bildirsələr də bu cavabdehlərin hərəkətləri nəticəsində olmamışdır. Yəni, iddiaçıların öz həyətlərini evlərinin qarşısından keçən su arxı vasitəsilə suvarmaq imkanı olmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı “su artezianından istifadəyə maneənin aradan qaldırılması və maddi zərər” tələbinə dair iddiası təmin edilməməli, həmçinin ekspertiza tədqiqatının dəyəri iddiaçılardan müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qızına qarşı “su artezianından istifadəyə maneənin aradan qaldırılması və maddi zərər” tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar