Məhkəmə qərarları › İş №2(045)-283/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-283/2024

23.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-283/2024 23.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh SOCAR "Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən İddiaçı (ünvan 2) Abonent kodu: **********00000) hesablanmış 518,40 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında "Azəriqaz” İstehsalat Birliyinin abonenti olduğu üçün 2010-cu ildən təbii qaz istifadəçisidir. İstifadə etdiyi qazın pulunu vaxtlı vaxtında ödəmişdir. Heç bir vaxt "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri ilə arasında heç bir mübahisə və yaxud hər hansı bir narazılıq olmamışdır. "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları yaşadığı ünvan üzrə qaz sayğacına ümumi baxış keçirərək sayğacdan qazın keçməsinə baxmayaraq, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyinə görə "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2023-cü il tarixdə ******* №-li Akt tərtib etmiş, aktı istehlakçı İddiaçı imza etmiş, **********7 nömrəli sayğac çıxarılmış, GCZ tipli, G4 markalı, ******* №-li sayğac quraşdırılmışdır. Bundan sonra, cavabdeh "Azəriqaz” X4 rayon Xidmət Sahəsinin TQQ və İX-nin rəisi Z. İsgəndərov, texniki M. Salmanov, nəzarətçı çilingər G. Şükürov tərəfindən 589 №-li ev üzrə xx.xx.2023-cü il tarixdə "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* N№-li Akt tərtib edilmişdir. Aktda istehlakçının istifadəsində olan qaz sayğacı G-4, №-si **********7, mexaniki, istifadə olunan qaz işlədiciləri: PQ-4, boru en kasiyi-15 mm, odluğun, işlədicinin sayı - 1 ədəd, QSQ, boru en kəsiyi- 15 mm, odluğun, işlədicinin sayı - 1 ədəd göstərilmiş, baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyddə - MSK-14-2-2/3-5-6456/Q002 saylı aktına əsasən sayğacdan qaz keçir hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Tələb: itirilmiş qaz bərpa olunsun. Aktı yuxarıda adları qeyd edilmiş şəxslər özləri imza etmiş, istehlakçının isə özünün iştirak etmədiyi halda, imtina edildiyi yazılmışdır. "Azəriqaz” İB Gəncə Regional Qİ İdarəsi tərəfindən təsdiq edilmiş xx.xx.2023 -cü il tarixli " Dəymiş ziyanın bərpasına dair "Tələbnaməsində göstərilmişdir: "İstehlakçı: İddiaçı, Fəaliyyət növü əhali, Ünvan: Goranboy, Veyisli qəsəbəsi, Abonent kodu: **********00000. Aşkar edilmiş nöqsan: Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-6456-2 N№-li Aktına əsasən G-4 markalı **********7 N№-li sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İcra olunacaq tədbirlər: 1. Mövcud sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilsin. 2. İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun, Əsas: xx.xx.2023-cü il taridi, ******* №-li "AKT" Dəymiş ziyan həcminin hesablanması: 1. G-4 markalı qaz sayğacın normal qaz sərfi 4 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 2. 4X12X90-4320 m³ cəmi: 4320 m³ Qeyd: xx.xx.2022-ci il taridi Opentext A00513 saylı yeni talimata əsasən" Buna görə də cavabdehin ondan 4320 m³ qazın pulunu 518,40 manat tələb etmasi tamamilə qanunsuzdur. O, hər ay istifadə edilmiş qaz üzrə ödənişlər etmişdir. Yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına ailə üzvləri tərəfindən də heç vaxt heç bir müdaxilə edilməmişdir. Bu vaxta kimi istehlak etdiyi təbii qazla bağı heç bir problem olmamış, ödənişlərdə gecikmələri yaranmamış və ya sayğaca müdaxilə halları olmamışdır. Belə olan təqdirdə 90 günə uyğun sərfiyyat necə aparılmış və aylıq saz vəziyyətdə olan sayğaca 3 ay əvvələ necə cərimə hesablanmışdır. İstehlakçının təqsirinin müəyyən olunmadığı, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğu, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə asasan deyil, "Azəriqaz" İB tərəfindən hesablanan 4320 m³ qazın 518,40 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini o ağlabatan mühakimə hesab etmir. Göründüyü kimi "Azeriqaz” İstehsalat Birliyinin əməkdaşları belə bir Aktı tərtib edib istehlakçını əsassız cərimə etmək istəmişlər. Buna görə də cavabdehin tartib etdiyi xx.xx.2023-cü il tarixli ******* N№-li Akt və Dəymiş ziyanın bərpasına dair tələbnamə asasında hesablanmış 518,40 manat məbləğində borc silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı məxsus Goranboy rayonu Yeni Veyisli qəsəbəsində fərdi yaşayış evindəki sayğac yenisi ilə əvəz edilmişdir; Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeydə almadığı müəyyən edilmişdir; Abonentin saldosundan görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ona 518,40 manat məbləğində borc pul hesablanmışdır; Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını və qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Buna görə qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan 518.40 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün hazırda 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət büdcəsinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 2 ünvanı, Abonent kodu: **********00000) hesablanmış 518,40 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 2 ünvanı, Abonent kodu: **********00000) hesablanmış 518,40 manat məbləğində borc silinsin. Cavabdehndən dövlət büdcəsinə 30 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar