Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-284/2024 09.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artıtılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 1555.2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ərazidə Cavabdeh abonenti olduğu üçün təbii qaz istifadəçisidir. İstifadə etdiyi qazın pulunu vaxtı-vaxtında ödəyir. Heç vaxt Cavabdeh nümayəndələri ilə aralarında mübahisə və yaxud hər hansı bir narazılıq olmamışdır. O, qazda nasazlıq yarandığını görmüş və Cavabdehnə müraciət etmişdir. Cavabdeh əməkdaşları yaşadığı ünvanda qaz sayğacına baxış keçirtmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixdə tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-da göstərilir ki, sayğacda sızma qeyd olundu. Sayğac keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Bu səbəbdən də Cavabdeh əməkdaşları tərəfindən guya ki, itirilmiş qazın bərpası məqsədilə ilə ona 1555 manat cərimə tətbiq edilmişdir. Onun barəsində tərtib edilmiş 1555 manat cəriməni qanunsuz hesab edir. Hesab edir ki, cərimə ləğv edilməlidir. Onlar tərəfindən ev üçün quraşdırılmış qaz sayğacına heç bir müdaxilə olmamışdır. Onlar həmin müddətdə yəni 2 ay evdə olmamışlar. Yoldaşı ürək əməliyyatı olduğu üçün Bakı şəhərinə getmişlər. Onlara məlumat verilmişdir ki, girişdə sızma var. Lakin, sızmanın onlara heç bir aidiyyəti yoxdur. Sızma giriş hissədədir. Sayğacın dəyişilib yenisi ilə əvəz edilməsi üçün ona imza atdırmışlar. Bu borcun haradan yaranmasını aydınlaşdırmaq üçün qaz istismar idarəsinə müraciət etmişdir. İdarədən ona akt təqdim edərək bildirmişlər ki, sayğacda sızma qeyd olundu. Sayğac keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Bu səbəbdən də qazdan istifadə qaydalarını pozmuş, ona görə də dəymiş ziyanı ödəməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı istifadəsində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, MSK 14-2-2/3-5-2411-1 nömrəli akta əsasən sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmişdir və daxili qulaqcıqda əzik-cızıq izləri vardır; Abonentin saldosuna əsasən (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1555.2 manat pul abonentdən tələb olunur (akt üzrə). Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının istifadəsində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırki iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan 1555.2 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırki iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırki tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Hazırda Cavabdehndən 35.56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1555.2 manat məbləğində borc silinməlidir (Goranboy rayonu, Dəliməmmədli şəhəri, C.Cabbarlı küçəsi, ev 18, Abonent kodu: **********00000). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1555.2 manat məbləğində borc silinməlidir (Goranboy rayonu, Dəliməmmədli şəhəri, C.Cabbarlı küçəsi, ev 18, Abonent kodu: **********00000). 35.56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(045)-284/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-284/2024
09.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver