Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-305/2025 27.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 5500 manat pul tələbinə dair mülki işə Goranboy rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı 5500 manat pul tələbini irəli sürərək, Cavabdeh 5500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ildə tikdirdiyi evin dam örtüyünü vurmaq üçün usta kimi Cavabdeh ilə razılaşmış, Cavabdeh 2021-ci ilin dekabr ayında evin dam örtüyünü vuraraq ona təhvil vermişdir. Bundan 2 ay sonra o evin dam örtüyündən su buraxdığı üçün cavabdehdən bunun aradan qaldırılmasını tələb etmişdir. Cavabdeh gəlib işi görmüş, aradan qaldırdığını demişdir. Lakin evin dam örtüyündən yenidən su buraxmış, onu aradan qaldırmaq üçün 8 dəfə usta çağırmışdır. Başqa usta ilə məsləhətləşmiş, dam örtüyünün yenidən sökülərək vurulmalı olduğu bildirilmişdir. Ona vurulmuş ziyan təqribi hesablama əsasında 5500 manat təşkil edir. Buna görə də Cavabdeh 5500 manat tutularaq ona ödənilməlidir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh 5500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2021-ci ilin sonunda İddiaçı məxsus evə dam örtüyünün vurulması barədə, usta pulunun 1800 manat olması barədə onunla razılaşmışdır. Lakin işin görülməsi üçün materiallar iddiaçı tərəfindən alınmışdır. O işi bitirdikdən sonra ona usta haqqı kimi 1300 manat ödənilmiş, qalan 500 manat pulunu iddiaçı hələ də ödəməmişdir. 2024-cü ildə iddiaçı evin damının su buraxdığını, buna görə də dam örtüyünü təmir etməli olduğunu bildirmişdir. İddiaçı dam örtüyünün bəzi yerlərdə aralı vurulduğunu bildimiş, o həmin hissələri yenidən söküb düzəltmişdir. Lakin ondan sonra evə başqa ustalar gətirmiş, dam örtüyünü başqa ustalar təmir etmişdir. İddiaçı dam örtüyünün sökülüb yenidən başqa cür vurulmasını tələb edir. Məqsəd isə ona işin görülməsinə görə pulun ödənilməməsidir. Buna görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh qohumdurlar. Qohum olduğuna görə atası Cavabdeh İddiaçı evinin dam örtüyünü aşağı qiymətə 1800 manata vurulması barədə razılaşmışdır. Lakin iddiaçı işi gördürdükdən sonra pulun 500 manatını kəsmiş və ödəməmişdir. İddiaçının işin keyfiyyətsiz görülməsi, 5500 manat ona ziyan dəyməsi ilə bağlı fikirləri sadəcə onun fərziyyələrinə əsaslanır. İddiaçının məqsədi yenidən dam örtüyünü başqa formada vurdurmaqdır. Əgər iş keyfiyyətsiz görülmüşdürsə, irad dərhal bildirilməli olduğu halda, iddiaçı 3 ildən sonra işin keyfiyyətsiz görüldüynü iddia etmişdir. Həmçinin Cavabdeh işi 2021-ci ilin dekabr ayında təhvil vermişdir. İddiaçı tərəfindən 3 illik iddia müddəti də ötürülmüşdür. Buna görə də iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı qəbzədən görünür ki, İddiaçı məhkəməyə müraciət edərkən 75 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfləri dinləyərək, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ona məxsus fərdi yaşayış evinə dam örtüyünün vurulması üçün Cavabdeh ilə razışlamışdır. Tərəflər arasında podrat münasibətləri yaranmışdır. Cavabdeh 2021-ci ilin dekabr ayında dam örtüyünü vuraraq iddiaçıya təhvil vermişdir. İddiaçı iddia tələbində işin keyfiyyətsiz görülməsini, bununla ona 5500 manat məbləğində ziyan dəydiyini, cavabehə iki ay sonra görülmüş işin keyfiyyətsiz olmasına dair irad bildirdiyini iddia etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı onun sifarişinin keyfiyyətsiz yerinə yetirilməsi, bununla ona 5500 manat ziyan dəyməsi barədə dəlillərini sübuta yetirə bilməmişdir. Əksinə, cavabdeh yerinə yetirilmiş işə görə iddiaçının ona olan borcunu tam ödəmədiyini bildirmişdir. Bununla da sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürməsinə, icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 776.1-ci maddəsinə görə sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Cavabdeh tərəfindən ona 5500 manat zərər vurulduğunu, işin keyfiyyətiz görüldüyünü iddia etsə də bunu sübuta yetirə bilmədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə həmçinin Cavabdeh nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək, hesab edir ki, iddia tələbi əsaslı hesab olunmadığından hazırkı iş üzrə iddia müddətinin təbiqi məsələsi də müzakirə oluna bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 75 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 5500 manat pul tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 75 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №2(045)-305/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-305/2025
27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver