Məhkəmə qərarları › İş №2(045)-342/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-342/2024

19.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-342/2024 19.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “cərimə məbləğinim silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, onlar iddiaçılar Goranboy rayonunun Qazanbulaq qəsəbəsində qeydiyyatda olmaqla həmin qəsəbədə yaşayırlar və daimi qazdan istifadəyə görə hesablanmış qaz pulu üçün abonent borcunu hər zaman vaxtında ödəmişlər. Heç vaxt Cavabdeh nümayəndələri ilə aralarında heç bir mübahisə və yaxud hər hansı narazılıq olmamışdır. Lakin, Goranboy rayon Qaz İstismarı İdarəsi onların mənzilində olan sayğaca baxış keçirdərək onların mənzilinə aid sayğacı söküb yerindən apararaq onların iştirakı olmadan müəyyən etmişlər ki, guya G-4 markalı **********1 №-li sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralanmışdır, qaz keçir, hesablama mexanizmi açıq vəziyyətdədir, sərf qeydə alınmır. Bu səbəbdən Cavabdeh İB-nin əməkdaşları onlara 1555,20 manat cərimə yazmışlar. Cavabdeh İB tərəfindən onların evindəki qaz sayğacına yazılan cərimə borcu tamamilə əsassızdır. Həmin aktı tamamilə qanunsuz hesab edir və onun silinməsini tələb edir. Çünki onların sayğaca heç bir müdaxiləsi olmamışdır. Əlavə edərək bildirir ki, akt ziyana dair tələbnamə və aktlarda istehlakçı kimi Bağirova Züleyxanın adı qeyd edilmişdir. Bağirova Züleyxa onun qaynanasıdır. Ancaq **********00000 abonentin saldosunda X1 adı qeyd edilmişdir. Hal-hazırda da abonent kimi onun adı qeyd edilmişdir. Cavabdeh İB-nin əməkdaşları sayğacı yolda quraşdırmışlar və onun da sayğaca heç bir müdaxiləsi olmamışdır. Halbu ki, qüsurların sayğacın yığılması, daşınması, saxlanılması zamanı yaranması istisna deyildir. Sayğacın sökülərək yenisi ilə əvəz edilərkən, əvəzlənmənin səbəbinin kütləvə əvəzləmə olduğunu bildirmişlər. Həmçinin tərəfindən sərf olunmuş mavi yanacağın dəyəri sayğacın sərfiyyat gösytəricisinə uyğun olaraq vaxtı vaxtında ödənilmiş, eyni zamanda quraşdırılmış sayğaca hər hansı bir kənar müdaxilə olunmamışdır. Sadalanlara xüsusatlara əsaslanaraq hesab edir ki, sayğaca onlar tərəfindən müdaxilə olunmadığı üçün Cavabdeh İB-nin X3 İstismarı İdarəsi tərəfindən qanunsuz hesablanmış 1555,20 manat (min beş yüz əlli beş manat iyirmi qəpik) məbləğində cərimə silinməlidir. Ona görə də məhkəmə qaydası ilə cavabdehlə arasında qanunsuz yazılan cərimənin silinməsinə dair iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı2 və Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə iclaslarında iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı1 məxsus Goranboy rayonu Qazanbulaq kəndində fərdi yaşayış evindəki sayğac yenisi ilə əvəz edilmişdir; Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023cü il tarixli aktdan görünür ki, sayğaca baxış keçirilərkən sayğacın mexaniki hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamilə aralnmış, qaz keçir, hesablama müxanizmi açıq vəziyyətdədir, sərfi qeydə almadığı olduğu müəyyən edilmişdir; Cavabdeh İB tərəfindən verilmiş A-009/24 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 İstismarı İdarəsinin Goranboy Xidmət Sahəsi üzrə əhali sektorunda **********00000 hesab kodunda tələb edilən sənədlər əsasında xx.xx.2023-cü il tarixdə ad dəyişmə əməliyyatı icra edilmiş, hesab kodu İddiaçı2 adından İddiaçı1 adına keçirilmişdir; Abonentin saldosundan görünür ki, (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ona 1555,20 manat məbləğində borc pul hesablanmışdır; Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını və qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Buna görə qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan 3110,40 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün hazırda 35,55 manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət büdcəsinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı1 (ünvan 1 ünvanı Abonent kodu: **********00000) hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı1 (ünvan 1 ünvanı Abonent kodu: **********00000) hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən dövlət büdcəsinə 35,55 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar