Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-384/2024 16.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçı və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “72000 manat evinin pulunun” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan ev almaq adı ilə almış olduğu 72000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 1996-cı ildə Bakı şəhəri, Sabunçu rayonu ərazisində 12 sot torpaq alıb orada 3 otaqlı ev tikmişdir. Həmin mənzil Anaşkin küçəsi, dalan 4, ev 160 nömrədə qeydiyyata alındıqdan sonra uzun müddət Bakı şəhərində qalmadığı üçün oğlu Namiq Bakı şəhərində yerləşən evə müştəri çıxdığını, evi satmaq lazım olduğunu bildirmişdir. Bildirir ki, 09 yanvar 2023-cü ildə evini vətəndaş X3 80000 manata satıblar. Evi satılandan sonra 2023-cü ilin fevral ayında cavabdeh Gəncə şəhərində Məhrəsə bağı, ev 4, 6 nömrəli mənzilin satıldığını ona bildirmiş, evin yaxşı olduğunu, xoşuna gəldiyini və almaq istədiyini bildirmişdir. O da evin alınmasına razılıq vermişdir. 15 fevral 2023-cü ildə 2 saylı Gəncə regional "Asan Xidmət" mərkəzində qeyd etdiyi mənzili onun evinin puluna, yəni 72000 manata alıb öz adına rəsmiləşdirmişdir. O, mənzilin qızının adına rəsmiləşdirildiyini bildikdən sonra evinin ya pulunu, ya da evi adına qaytarılmasını xahiş etmişdir. Ancaq cavabdeh nə evə görə ondan aldığı pulu, nə də evi qaytarmamışdır. Ona görə də, o, əlacsız qalıb məhkəməyə müraciət edib cavabdehdən pulunu tələb etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh onu öz mənzilindən qovur. Sözügedən mübahisəli mənzil onun hesabına alınmışdır. Belə ki, cavabdeh onun etibarından sui istifadə edərək ona məxsus vəsaitlə özünə mənzil əldə etmişdir. O, dəfələrlə cavabdehə pulunun və ya mənzilinin ona qaytarılmasını tələb etmiş, lakin sonuncu onun sözlərinə məhəl qoymamışdır. Eyni zamanda qeyd edir ki, o, 20 ildir ki, Bakı şəhərində yaşamış və yaşlı olduğu üçün mənzil qızının adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyərək bildirdi ki, Bakı şəhərində yerləşən mənzilin dəyəri olan 80000 manat məbləğində vəsait Ruslan adlı şəxsə verilmişdir. Yəni, İddiaçı tərəfindən Cavabdeh hər hansı pul vəsaiti verilməmişdir. Cavabdeh hazırda Rusiya Federasiyasında yaşayır, özünün maddi imkanı kifayət qədər yaxşıdır, əksinə o, həmişə ata-anasına maddi dəstək göstərmişdir, yəni onun kiminə vəsaiti hesabına mənzil almaq zərurəti yoxdur. Sözügedən Gəncə şəhərində yerləşən mənzili öz vəsaiti hesabına almışdır. Ümumiyyətlə tərəflər arasında heç bir öhdəlik hüquq münasibəti yaranmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X6 bildirdi ki, o, iddiaçının qaynıoğludur, iddiaçının Bakı şəhərində yerləşən evin satışı ona həvalə olunmuş, o, evi sataraq əldə olunan təqribən 70000 (yetmiş min) manat vəsaiti iddiaçının öz istəyi ilə arvadı X2 vermişdir. O da həmin vəsaitlə qızı Cavabdeh adına Gəncə şəhərində mənzil almışdır. Verilən suala cavab olaraq bildirdi ki, iddiaçının həmin vəsaiti cavabdehə borc və ya hədiyyə olaraq verdiyini bilmir. Məhkəmə iclasında iştirak edən şahid X11 bildirdi ki, o, iddiaçının oğludur, atası müalicə üçün Rusiya Federasiyasına bacısı Cavabdeh yanına getmişdir. Bakıda yerləşən evin satışını atası dayısı oğu Ruslan Abbasova həvalə etmişdir. Ev satılandan sonra pulu dayısı oğlu əldə etmişdir. Bacısı Cavabdeh da bundan xəbər tutaraq Rusiyadan gələrək ata-anasını aldadaraq Gəncə şəhərində yerləşən mübahisəli mənzili öz adına almışdır. Verilən suala cavab olaraq bildirdi ki, atası tərəfindən cavabdehə hər hansı pul vəsaiti verilməmiş, lakin cavabdeh atasının etibarından sui-istifadə edərək mənzili öz adına almaqla sözügedən 72000 manat vəsaiti ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 15 fevral 2023-cü il tarixli, AZ-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 şəhəri, Nizami rayonu, Məhrəsə bağı, ev 4, mənzil 5 ünvanında yerləşən, ümumi sahəsi 73.8 kv/m olan 3 otaqlı mənzili alıcı X7 70.000 manata satmışdır; xx.xx.2023-cü il tarixli evlərin alqı-satqısı müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, dalan 4, ev 160 nömrəli mənzilin sahibi X11 mənzili alan şəxs X8 80.000 manata satmışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X5 tam mülkiyyətindədir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzil almış və həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına rəsmiləşdirilmişdir və tam mülkiyyətindədir. Hazırda iddiaçı həmin mənizilin onun vəsaiti hesabına alınmasını və cavabdehə buna görə pul verdiyini iddia etsə də, cavabdeh tərəf iddia tələbini qəbul etmir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun olaraq yazılı və ya şifahi qaydada bağlanmış borc müqaviləsi yoxdur. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bununla belə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Bu baxımdan iddiaçı iddiada göstərilən vəsaitin ümumiyyətlə mövcud olmasını, sonra həmin vəsitin ona məxsus olduğunu, sonra isə bu vəsaitin hazırda cavabdehə verilməsini sübut etməlidir. Göründüyü kimi hazırkı iş materialları ilə iddiaçının vəsaiti hesabına cavabdehə pul verilməsi öz təsdiqini tapmır. Beləliklə də, hazırkı mübahisədə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar hər hansı mötəbər dəlillərlə sübuta yetirilmədiyindən iddia tələbi rədd edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “72000 manat evinin pulunun” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-384/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-384/2024
16.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver