Məhkəmə qərarları › İş №2(045)-416/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-416/2024

23.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-416/2024 23.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Qasımov Telman Behbud oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sayğacın dəyəri kimi ondan tələb etdiyi 1555.2 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç zaman müdaxilə olunmamışdır. 2023-cü ildə Cavabdeh əməkdaşları tərəfindən mülkiyyətində olan mənzilin qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh İB Gəncə QİS xx.xx.2023-cü il tarixdə məktub (tələbnamə) göndərərək göstərmişdir ki, onun ünvanında olan **********1 nömrəli məişət qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsi deşilmişdir və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 1555.2 manat ödənilməlidir. Məktubdan belə başa düşülür ki, guya mənzilində quraşdırılmış əvvəlki qaz sayğacı işlək deyil. Buna görə də cavabdeh qurum sayğacı istismara yararsız kimi qiymətləndirir. xx.xx.2023-cü ilə qədər evində əvvəlki qaz sayğacı olub və o tarixə qədər həmin sayğac işləmişdir, sayğacın göstəriciləri əsasında o, təbii qaza görə haqq ödəmişdir. Əgər həmin sayğac işlək deyilsə, o halda o, sayğacı necə işlədə bilərdi və mənzilinə təbii qaz necə gələ bilərdi? Digər tərəfdən həmin sayğacda qoruyucu şüşənin sınmasında onun hər hansı təqsiri yoxdur. Sayğacın qoruyucu şüşəsinin sınması (deşilməsi) barədə məlumatı, o, sayğac deşilən zaman bilmişdir. O, ümumiyyətlə qeyd edilən müdaxilənin necə olmasından məlumatlı deyil və bunu bacarmır. O, yaşlı qadındır, gözündən əməliyyat olunmuşdur. Əgər sayğac işlək deyildirsə və həmin sayğacın qoruyucu şüşəsi deşilmişdirsə xx.xx.2023-cü ildə (qeyri iş günü) “Azərqaz” İB-nin əməkdaşı gələrək bildirişi neçə çıxarıb? Və necə olub ki, xx.xx.2023-cü ildə qeyd edilən deşik aşkarlanmayıb, xx.xx.2023-cü ildə isə ona 12960 kub qaz sərfiyyatı yazılıb? Əgər o, bir ilə maksimum 1619 kub qaz işlədirsə necə olur ki, 3 gün ərzində 12960 kub işlətsin? Buna görə də cavabdehin ondan 1555.2 manat tələb etməsi tamamilə qanunsuzdur. Əgər onun mənzilində quraşdırılan əvvəlki qaz sayğacında hər hansı nasazlıq var idisə, dövlət yoxlanılması zamanı bu aşkara çıxa bilərdi. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli akta əsasən İddiaçı istifadəsində olan mənzildə qaz sayğacı yenisi ilə əvəz edilmişdir; “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İTRİ-nin MSK-(29/1710)-14-2-2/3-5-1010-1 saylı aktına əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilmişdir. Sayğac istismara yararsızdır; Abonentin saldosuna əsasən (2023-cü il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1555.2 manat pul abonentdən tələb olunur (akt üzrə). Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının istifadəsində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli, 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Bununla da, qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan 1555.2 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırki iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırki tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Hazırda Cavabdehndən 35.56 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1555.2 manat məbləğində borc silinməlidir (Goranboy rayonu, Goranboy şəhəri, Səməd Vurğun küçəsi, ev 21, Abonent kodu: **********00000). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən istehlakçı İddiaçı qaz sərfinə görə hesablanmış 1555.2 manat məbləğində borc silinməlidir (Goranboy rayonu, Goranboy şəhəri, Səməd Vurğun küçəsi, ev 21, Abonent kodu: **********00000). 35.56 (otuz beş manat əlli altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar