Məhkəmə qərarları › İş №2(045)-50/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-50/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-50/2025 15.07.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Samir oğlunun sədrliyi, Civəzadə Aygün Səlahəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayı evi üzərində istifadə hüququna 5000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evi üzərində istifadə hüququna 5000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdehə qarşı ev üzərində istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma tələbi ilə bağlı Goranboy rayon Məhkəməsinə müraciət etsə də, Goranboy rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qeyd olunan evin üzərində onun mülkiyyət hüququnun olması Goranboy rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə təsdiq edilir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş: Azərbaycan Respublikası Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Goranboy rayonun Qarqucaq kəndində anadan olmuşdur. Həmin kənddə də qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Goranboy rayonu Qarqucaq kəndində xüsusi mülkiyyətdə olan 0,17 ha yaşayış məntəqələrin torpaqları **********51 reyestr nömrəli daşınmaz əmlak İddiaçı xüsusi müllkiyyətindədir; "xxxx" MMC tərəfindən verilmiş 20 iyun 2025-ci il tarixli, AE 06-120/25 nömrəli fərdi yaşayış evinin aylıq kirayə haqqının qiymətləndirilməsinə dair rəyindən görünür ki, Goranboy rayonu Qarqucaq kəndində xüsusi mülkiyyətdə olan 0,17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin müqayisə yanaşması ilə hesablanmış aylıq kirayə dəyəri 20 iyun 2025-ci il tarixinə 100 (bir yüz) manat təşkil edir; Goranboy rayon Məhkəməsinin 2(045)-67/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə hüququn itirilmiş hesav edilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin edilməmişdir; Goranboy Rayon Məhkəməsinin 2(045)-1353/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə mübahisənin obyektiv həllinə nail olmaqdan ötrü iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli, 3-16-16/2-9/9640/2024 nömrəli məktubdan görünür ki, ünvan 1i ünvanında 0,17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yaxın ərazidə oxşar şəraitli fərdi yaşayış evlərinin kirayəsinə dair yerli internet saytlarında elan olmadığına görə rəyin verilməsi mümkün olmamışdır. İş materiallarından olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı dövlət rüsumları ödəmişdir. Məhkəmə iddiaçının ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy rayonu Qarqucaq kəndində xüsusi mülkiyyətdə olan 0,17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçıdır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı Goranboy rayonu Qarqucaq kəndində xüsusi mülkiyyətdə olan 0,17 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı ilə Cavabdeh birgə yaşaması qeyri mümkündür. Hal-hazırda cavabdeh iddiaçının mülkiyyətində olan mübahisəli evdə yaşayır. Aralarında olan mübahisələr səbəbindən iddiaçı hal-hazırda mülkiyyətində olan fərdi yaşayış evinə tam sahib olmaq, ondan istifadə etmək və ona dair sərancam vermək hüquqlarını həyata keçirə bilmir. Tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma yoxdur. Goranboy rayonu, Qarqucaq kəndində xüsusi mülkiyyətdə olan 0,17 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin müqayisə yanaşması ilə hesablanmış kirayə haqqının bazar qiyməti 100 (bir yüz) manat təşkil edir. İddiaçı tərəfindən təklif edilən 5000 (beş min) manat kompensasiya cavabdehin uzun müddətli başqa yaşayış sahəsi ilə təmin olunmasına imkan verir. İşin göstərilən halları tərəflərin izahatları və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 146.2-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Göründüyü kimi cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması həmin evin mülkiyyətçi olan iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək, habelə “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində təsbit olunmuş öz mülkiyyətindən dinc istifadə etmək hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə onun öz evində yaşayış hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi müəyyən edir. Bu müddəa yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə, həmçinin qeyd edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli evin bazar qiymətindən asılı deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlarında təsbit olunmuş hüquqi mövqeyə əsasən mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair qanunvericiliyin yuxarıda göstərilən müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarını rəhbər tutmaqla ödəniləcək kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. Bu baxımdan məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən ödəniləcək 5000 (beş min) manat Cavabdeh ünvan 1ində kirayə haqqı orta bazar qiyməti 100 (bir yüz otuz) manat olan orta təmirli yaşayış sahəsində üç il və ya ondan artıq müddətdə kirayədə yaşamasını təmin etməklə ünvan 1ində yerləşən iddiaçıya məxsus evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsini kompensasiya edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qanuni əsası olduğundan iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı tərəfindən 5000 (beş min) manat pul kompensasiyası ödənilməklə onun Goranboy rayonu Qarabucaq Qazaxlar kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməli və o, həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 5000 (beş min) manat məbləğində pul kompensasiyası ödənilməklə cavabdehin İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1ində 0,17 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin və həmin evdən çıxarılsın. Pul kompensasiyasının ödənilməsi ilə Cavabdeh fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Hafiz Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar