Məhkəmə qərarları › İş №2(045)-528/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-528/2024

27.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-528/2024 27.03.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat mədləğində borc, ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu və 100 (bir yüz) manat məbləğində hüquqi xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Xoylu kəndinin sakini Cavabdeh ** SR *** nömrəli "Tofaş Şahin" markalı avtomobilini ilkin ödəniş 2000 (iki min) manat pulu ödəyib 6500 manata almışdır. Yerdə qalan 4500 manat pulu isə hər ay 300 manat ödəməklə razılaşmışlar. xx.xx.2024-cü il tarixdə maşının 1500 manatdan çox cəriməsi və maşının üzərində həbsinin olduğunu öyrənmişdir. Həmçinin avtomobildə xeyli sayda nasazlıqlar olduğu müəyyən oldu. O başa düşmüşdür ki, cavabdeh onu aldatmışdır. Buna görə də o qərara gəlmişdir ki, avtomobili geri qaytarsın. Bununla bağlı o Cavabdeh telefonla zəng etmiş, ona bildirdi k, 1500 manatdan çox cəriməsi, üzərində həbsi olan və nasaz olan bir maşına nə üçün ona satmışdır. Ona görə maşını geri almasını və verdiyi 2000 manat pul ona qaytarmasını tələb etmişdir. Cavabdeh isə cavabında ona dedi ki, ondan aldığı pulu cərimənin ödənməsinə köçürmüş, maşını geri alsa da pulu qaytarmayacaq. Cavabdeh pulu geri qaytarmaqdan imtina etdi. Odur ki, o DİN-nin 102 xidmətinə müraciət etmişdir. Polis şöbəsinə müraciət edərək Cavabdeh barəsində tədbir görülməsini və ona vermiş olduğu pulun geri qaytarılmasını xahiş etmişdir. Həmin müraciət əsasında Goranboy rayon Polis şöbəsində HK-2-226, HK -2-240, HK-2-252 saylı materiallar üzrə araşdırma aparılmış, cavabdeh onun iddia ərizəsind qeyd etdiklərini etiraf etmişdir. Həmin materialları iddia ərizəsinə əlavə edir. Goranboy Rayon Polis Şöbəsinin 25.01. 2024-cü il tarixli, 3-13-75/2- R-12xx/xx/2024 №lı məktubunda onun müraciətinin mülki xarakterli olmasına görə məhkəmədə mülki iddia qaldırması ona tövsiyə edilmişdir. Odur ki, mülki qaydada məhkəməyə müraciət edir. Cavabdeh ödədiyi 2000 manat məbləğində pulu geri qaytarmalı, hüquqi xidmət üçün ödədiyi 100 manat pulu, dövlət rüsumuna ödədiyi 42 manat pulu ondan tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək tələbi qəbul etdiyini və qətnamə çıxarılmasına etirazının olmadığını bildirdi. Buna dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, cavabdehin etirafını nəzərə alaraq iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 587.1-ci maddəsinə əsasən əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə: -alış qiymətinin mütənasib azaldılmasını; -əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını; -əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Cavabdehin etirafından görünür ki, o, satmış olduğu əşyanın nöqsanları barəsində qabaqcadan alıcıya məlumat verməmiş və nəticədə alıcının (iddiaçı) hüquqları pozulmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanunun tələblərini əsas götürüb hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində pul, ödənilmiş 100 (bir yüz) manat hüquqi xidmət haqqı və 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə 2000 (iki min) manat məbləğində borc pul, ödənilmiş 100 (bir yüz) manat hüquqi xidmət haqqı və 41 (qırx bir) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar