Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-560/2023 18.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 990 (doqquz yüz doxsan) manat borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.2022-ci il tarixdə 2100 (iki min yüz) manat dəyərində olan 585 əyarlı 20 qram çəkidə qızıl boyunbağını Cavabdeh satmışdır. Cavabdeh həmin qızılın dəyərini hissə-hissə ödəməyi üzərinə götürmüş və o, ilkin olaraq 450 manat pul ödənişetmiş, qalan məbləği isə xx.xx.2022-ci il tarixdən başlayaraq 10 ay müddətinə hər ay 165 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Əvvəl cavabdeh ayda borcundan ödəmiş, lakin sonrakı aylarda pul ödəmələrini dayandırmışdır. Hazırda cavabdehin ona 990 (doqquz yüz doxsan) manat məbləğində borcu vardır. O həmin borcun qaytarılması üçün Cavabdeh dəfələrlə xəbərdarlıq etmiş və ona əri Seymurla danışmağı bildirmiş və o cavabdehin əri Seymurla danışmış və əri, borcun ödəməsinə söz vermişdir, lakin ödəməmişdir. Cavabdeh ilə isə əlaqə saxladıqda onu təhqir etmiş və borcun qalan hissəsini ödəməkdən imtina etmişdir. Bu barədə o 102 xidmətinə müraciət etmiş və ona məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Buna görə də o məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə 2100 (iki min yüz) manat dəyərində olan 585 əyarlı 20 qram çəkidə qızıl boyunbağını Cavabdeh satmışdır. Cavabdeh ilkin olaraq 450 manat ödəniş etmiş və qalıq qalan borcunu 10 ay müddətində ödəyəcəyini bildirmişdir. Cavabdeh bugünə kimi borcundan heç bir ödəniş etməmişdir. O dəfələrlə cavabdehə borcunun ödənilməsi barədə xəbərdarlıq etmiş, lakin sonuncu onun sözlərinə məhəl qoymamışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddia tələbini etiraf edir və onun iddiaçıya həqiqətən 990 manat məbləğində borcu vardır. O, maddi vəziyyətində dəyişiklik olduğu üçün öhdəliyini icra edə bilməmiş, belə ki, həyat yoldaşı qazi olduğu üçün gəlirlərini onun sağlamlığına sərf etmişləro Ona görə iddiaçının borcunu ödəyə bilməmişdir. Hal-hazırda iddiaçı razılaşsa, borcunu hissə-hissə ödəyə bilər. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli sadə yazılı əqddən görünür ki, Cavabdeh İddiaçı 20 qram boyunbağını 2100 manata nisyə almış, borcundan 450 manat ödəniş etmiş, nəticədə qalıq qalan borcunu 10 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixə ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin 10278 nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı tələb üzrə 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə yazılı nisyə alğı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı mülkiyyətində olan 20 qram çəkidə olan boyunbağını satmağı, cavabdeh isə həmin müqavilə üzrə aldığı malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi, yəni özünə məxsus 20 qram çəkidə olan boyunbağını 2100 (iki min yüz) manata Cavabdeh satmış, cavabdeh isə 2100 manat borcundan, 450 manatını ödəmiş, nəticədə qalan 990 manat borcu qalmış və iddianı qəbul edərək borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin (bundan sonra – MPM): 52-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanunazidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi cavabdeh bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın dəyərinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə cavabdehin etirafını qəbul edərək qanunun tələblərini əsas götürüb hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 990 (doqquz yüz doxsan) manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 990 (doqquz yüz doxsan) manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-560/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-560/2023
18.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver