Məhkəmə qərarları › İş №2(045)-584/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-584/2023

27.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-584/2023 27.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 10000 manat məbləğində pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı 10000 manat məbləğində pul tələbini irəli sürərək, Cavabdeh 10000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o, Tərtər rayonunun Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh ilə munasibəti yaxşı olmuşdur. 01 sentyabr 2022-ci ildə Cavabdeh gərgin problemi yarandığı üçün ondan 10000 manat pul istəmişdir. O da münasibəti yaxşı olduğu üçün ona inanıb həmin məbləğdə pulu ona vermişdir. Borcun verilməsini onlar sadsə yazılı formada rəsmiləşdirmişlər. Cavabdeh ondan borc pul alması ilə bağlı heç bir təzyiq olmadan qəbz yazıb vermiş və həmin pulu 30 yanvar 2023-cü ildə qaytarmağı söz vermişdir. Beləliklə o Cavabdeh ilə aralarında olan razılaşmanın şərtlərinə əməl etməklə ona 10000 manat pul vermişdir. Lakin Cavabdeh aralarında olan razılaşmaya əməl etməmişdir. Söz verməsinə baxmayaraq pulu dediyi kimi qaytarmamışdır. Pulu vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi pulu istəmişdir. O, sonra verəcəyini bildirmişdir. O bir daha pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. O bir müddət bundan əvvəl Cavabdeh pulunu verməsini tələb etmiş, ona pulunu verməsə onu məhkəməyə verəcəyini bildirmişdir. Lakin xeyri olmamışdır. O pulunu ala bilmədiyindən və o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehdə 10000 manat pulu qalmışdır. Əsassız olaraq cavabdeh onun puluna sahiblənmişdir. Cavabdeh dəfələrlə xahiş etsə də o məhkəməyə də gəlməyəcəyini pulu verməyəcəyini, onu get-gələ salacağını bildirmişdir. Buna görə də Cavabdeh 10000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş 059601 saylı məcburi köçkün vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məcburi köçkündür. İş materiallarında olan və məhkəmə baxışında elan edilmiş Cavabdeh tərəfindən yazılmış və şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmiş sadə yazılı formada yazılmış sənəddən görünür ki, Cavabdeh qeyd etmişdir ki, Qulu adlı tanışının məsləhəti ilə Sevdimalıdan 10000 manat borc pul götürmüş, həmin 10000 manat pulu xərcləmişdir. 10000 manatın əvəzində şəxsiyyət vəsiqəsinin surətini vermiş, qəbz yazmış, yazmaqda məqsədi pulu qaytarmadığı təqdirdə Sevdimalının həmin pulu məhkəməyə müraciət etməklə geri alması olmuşdur. Qəbzi heç bir təzyiq olmadan özü yazmışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh tərəfindən yazılmış və şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmiş sadə yazılı formada yazılmış sənədə əsasən Cavabdeh qeyd etmişdir ki, Qulu adlı tanışının məsləhəti ilə Sevdimalıdan 10000 manat pul götürmüş, həmin 10000 manat pulla öz problemlərini həll etmişdir. 10000 manatın əvəzində şəxsiyyət vəsiqəsinin surətini vermiş, qəbz yazmış, yazmaqda məqsədi pulu qaytarmadığı təqdirdə Sevdimalı həmin pulu məhkəməyə müraciət etməklə geri alsın. Qəbzi heç bir təzyiq olmadan özü yazmışdır. Göründüyü kimi, Cavabdeh 10000 manat pul aldığını etiraf etmiş, qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh məhkəmə iclası barədə bildirşi almış, məhkəməyə iddia tələbinə dair hər hansı etirazını bildirməmişdir. Cavabdeh məxsus şəxsiyyət vəsiqəsində olan imza ilə onun tərəfindən yazılmış sadə yazılı formada olan sənəddə olan imza vizual olaraq uyğunluq təşkil etrmişdir. Göründüyü kimi, Cavabdeh 10000 manat pul aldığını etiraf etmiş, həmin pulu qaytarmamaqla əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə həiqqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında gösrtərilmişdir ki, Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsin əəsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 10000 manat məbləğində borc pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinıə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumundan azad olduğundan, ödənilməli olan 120 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 120 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar