Məhkəmə qərarları › İş №2(045)-67/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-67/2023

31.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-67/2023 31.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə hüququn itirilmiş hesab edilməsi və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus olan Goranboy rayonu Qarqucaq kəndində yerləşən fərdi yaşayış evində olan istifadə hüququnun itirilmiş hesab edilməsi və evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh onun ögey qardaşının oğludur və uşaqlıqdan cavabdehi o saxlamışdır. Lakin, sonra cavabdeh onu evindən qovub və mülkünə sahiblənmişdir. Cavabdeh dəfələrlə barışıq üçün çağırmış olsa da sonuncu onu görmək və eşitmək istəməmiş və onu öz evinə buraxmamışdır. Odur ki, istəyir ki cavabdeh onun evindən çıxsın və o, öz evinə qayıtsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin, bildirdi ki, cavabdeh onun ögey qardaşı Sulatanəhmədin oğludur. Cavabdeh uşaq yaşından onun himayəsində olmuş, onunla birlikdə yaşamış, onu böyütmüşdür. Daha sonra cavabdeh onu öz evindən qovaraq mülkiyyətinə sahiblənmişdir. Cavabdeh dəfələrlə barışıq üçün dəvət etməsinə baxmayaraq sonuncu ona nalayıq ifadələr işlədərək barışıq təklifini rədd etmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, cavabdehin onun xüsusi mülkiyyətində olan evindən çıxarılması üçün cavabdehə kompensasiya ödəməyə həm niyyəti yoxdur, həm də maddi imkanı çatmır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: **********51 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən görünür ki, Goranboy rayonu, Qarqucaq kəndində yerləşən yaşayış məntəqələrinin torpaqları tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır; Goranboy rayon Qarqucaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 5-45-8/2-01- 2023 nömrəli 23 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Əhmədov X1 rayonu, Qarqucaq kəndində yerləşən İddiaçı məxsus ünvanda xx.xx.1984-cü ildə doğulmuş və həmin tarixdən bu ünvanda qeydiyyatda olmaqla yaşayır. Məhkəmə, iddiaçının izahatnı dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Goranboy rayonu Qarqucaq kəndində yerləşən fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətindədir, cavabdeh sözügedən mübahisəli yaşayış sahəsində 1984-cü ildən etibarən istifadə hüququ əldə edərək yaşayır. Hazırda iddiaçı məhkəmədən cavabdehin mübahisəli evdə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və sonuncunun evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarında qeyd olunur ki, 2000-ci il sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı 1993-cü ildə qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54.1-ci maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. 54.3-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə istinadən hesab edir ki, cavabdeh mübahisəli evə mülkiyyətçi (iddiaçı) X2 razılığı istifadə hüququ əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 217.2-ci maddəsində də göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası); İddiaçı ilə cavabdeh arasında yaranmış mübahisəli hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin təsir dairəsinə düşsə də, həmin məcəllədə istifadə hüququna xitam verilməsinin qaydası tənzimlənmədiyindən məhkəmə mülki qanunvericilik normalarının analogiya üzrə tətbiq edilməsi mümkünlüyünü (MPM-in 13.4-cü maddəsi) nəzərə alaraq qeyd edir ki, sözügedən mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 228.2-ci maddəsinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər müddəası tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarında göstərilir ki, birinci instansiya məhkəməsi yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, ilk növbədə kompensasiya verilmədən cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüquqlarına xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb–qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdehin mübahisəli evə hər hansı bir bağlılığı olduğuna görə mübahisəli evə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Ona görə də, cavabdeh yaşayış sahəsinə olan ehtiyaclarını mübahisəli ev hesabına təmin edir. Eləcə də, cavabdeh iddiaçının ailə üzvüdür və hazırda da fasiləsiz olaraq mübahisəli mənzildə yaşayır. Bununla da cavabdeh iddiaçıya məxsus mənzilə olan ehtiyacı aradan qalxmamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödənilmədən mümkün deyildir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin mənzilindən və ya evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və yaxud kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014–cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsini qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda, həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Məhkəmə işin müəyyən olunmuş həqiqi hallarına əsasən hesab edir ki, cavabdehin iddiaçıya məxsus mənzilin yaşayış sahəsindən istifadə hüququnun əldə edilməsini zəruri edən əsas aradan qalxmadığından, yəni hazırda onun həmin yaşayış sahəsinə ehtiyacı olduğundan, cavabdehin iddiaçıya məxsus mənzilin tərkib hissəsindən istifadə hüquqlarına müvafiq kompensasiya ödənilmədən xitam verilməsi üçün kifayət qədər əsas yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçı X2 Cavabdeh qarşı “yaşayış sahəsinə hüququn itirilmiş hesab edilməsi və evdən çıxarma” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar