Məhkəmə qərarları › İş №2(045)-68/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-68/2023

21.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-68/2023 21.11.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünərək payın ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Goranboy rayonunun Səmədabad kəndində yerləşən onların ailəsinə məxsus 1,34 ha torpaq sahəsindən payının naturada ayrılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Goranboy rayonu Səmədabad kəndində yerləşən 1,34 ha torpaq sahəsi iki nəfərin - Cavabdeh və İddiaçı mülkiyyətindədir. Həmin torpaq sahəsinə JN 0015 KOD 50905028 saylı mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. O, hal-hazırda torpaq sahəsindən istifadə edib əkib becərə bilmir. Cavabdeh buna mane olur, o da məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh ilə aralarında olan nikah 1997-ci il tarixdə pozulmuşdur. O, payına düşən 0,67 ha torpaq sahəsindən cavabdeh imkan vermədiyi üçün istifadə edə bilmir, yəni torpağın üzərində əkin-biçin işlərini həyata keçirə bilmir. Ona görə də, 1,34 ha torpaq sahəsinin ½ hissədə naturada bölünməsini məhkəmə qaydasında istəyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçı ilə aralarında olan rəsmi nikah qeydi ləğv edilmişdir. Onun və iddiaçının birgə mülkiyyətində Goranboy rayonu, Səmədabad kəndində 1,34 ha torpaq sahəsi vardır. O, həmin sahənin məhkəmə yolu ilə bərabər şəkildə bölünməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Səmədabad kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ seriyalı 203142 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında nikah 22 dekabr 2005-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir; JN 0015, Kod 50905028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 03 iyun 1998-ci il tarixli, 20 saylı qərarına əsasən 1,34 hektar torpaq sahəsi Goranboy rayon Səmədabad kənd sakinləri Cavabdeh və İddiaçı mülkiyyətinə verilmişdir; X2 tərəfindən verilmiş 3-16-16/2-10/7469 nömrəli, 12 oktyabr 2023-cü il tarixli rəyin təhqiqatın nəticəsi hissəsindən görünür ki, Goranboy rayonu, Səmədabad kəndində üç hissədən ibarət olmaqla birgə mülkiyyətlərinə verilmiş cəmi 1,34 ha torpaq sahəsini ½ hissəyə bölünməsinin mümkün olduğu müyyən olunmuşdur; Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Goranboy rayonu Səmədabad kəndində yerləşən 1,34 ha torpaq sahəsi Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətindədir. Hazırda iddiaçı birgə mülkiyyətlərində olan həmin torpaq sahəsini payına uyğun naturada bölünməsini tələb etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası üzrə aparılmış ekspert tədqiqatlarının nəticələrinə dair tərtib edilmiş ekspert rəyində mübahisə predmeti olan Goranboy rayonu Səmədabad kəndində yerləşən 1,34 ha torpaq sahəsinin ½ hissəyə uyğun mütənasib şəkildə naturada bölünməsi göstərilmiş və verilmiş rəyə uyğun bölgü sxemi çəkilərək, rəyə əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin( bundan sonra – Mülki Məcəllə): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 223.2 və 223.3-cü maddələrinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 213.1, 213.2 və 213.5-ci maddələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır; 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Qeyd olunan qanunvericilik normalarının təhlili əsasında belə qənaətə gəlmək olar ki, müvafiq işlərə baxılarkən ümumi birgə mülkiyyətdə olan əmlakın naturada pay hissələrinə bölünməsi məsələsi ilk növbədə araşdırılmalı və belə bölgü mümkün olduğu halda mülkiyyətçinin hüquqlarının qorunması və təmin edilməsi baxımından əmlak qanunun tələblərinə uyğun olaraq müəyyən edilmiş nisbətlərdə paylara bölünməlidir. Hazırkı iş üzrə tərəflər ümumi birgə mülkiyyətdə olan əmlakın naturada pay hissələrinin bölünməsinə dair razılığa gəlmədiklərindən və əmlakın texniki cəhətdən bölgüsü mümkün olduğundan, həmçinin mülki qanunvericinin tələbinə və işin hallarına uyğun olduğundan torpaq sahəsi məhkəmənin qərarı ilə tərəflər arasında naturada bərabər bölünməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh ümumi birgə mülkiyyətində olan Goranboy rayonu Səmədabad kəndində yerləşən 1,34 ha torpaq sahəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq ½ hissə ilə tərəflər arasında naturada bölünməlidir. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh ümumi birgə mülkiyyətində olan Goranboy rayonu Səmədabad kəndində yerləşən 1,34 ha torpaq sahəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əlavə olunmuş sxemə uyğun olaraq ½ hissə ilə tərəflər arasında naturada bölünsün. Ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat vəsait Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az. MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.F.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar