Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-682/2025 22.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Nağızadə Tuncay Göyüş oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC oğlu Cavabdeh qarşı iddia ərizəsi və daha sonra tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin istifadəsində olan “VAZ 21214” Minik markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq 3130 (üç min yüz otuz) manat pulun, 4500 (dörd min beş yüz) manat əldən çıxmış faydanın və 300 manat qiymətləndirmə xidmət haqqının və ödənilmiş 96 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən MMC-nin etibarnamə üzrə istifadəsində olan “VAZ 21214” minik markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobili 3 1.08.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 1 günlük icarəyə götürmüşdür. Elə həmin gün yəni xx.xx.2024-cü il tarixdə cavabdeh avtomobillə Şəmkir rayonu Şiştəpə kəndinin ərazisində hərəkətdə olarkən avtomobili aşırmışdır. Bununla bağlı sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Cavabdehin avtomobili aşırması nəticəsində avtomobilə 3130 (üç min yüz otuz) manat ziyan dəymişdir. Bundan başqa sözügedən avtomobilin 1 günlük icarə haqqı 50 (əlli) manat təşkil edir. Cavabdeh avtomobili aşırıb onu sıradan çıxarmasaydı həmin avtomobildən xx.xx.2024-cü il tarixdən 01 dekabr 2024-cü il tarixədək 4500 (dörd min beş yüz) manat (90x50=4500) gəlir əldə edəcəkdir. Cavabdehin avtomobili aşınmasına görə həmin fayda əllərindən çıxmışdır. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli çıxarışından görünür ki, Nümayəndə "xxxx" MMC-nin qanuni təmsilçisidir; “Elektron notariat” X1 xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, “VAZ 21214” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 tərəfindən "xxxx" MMC-yə xx.xx.2031-ci il müddətinə kimi etibar edilmişdir; "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli avtomobilin icarə müqaviləsindən görünür ki, “VAZ 21214” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək Cavabdeh etibarnamə əsasında icarəyə verilmişdir; “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsi tərəfindən verilmiş rəydən görünür ki, “VAZ 21214” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyan 3130 manat məbləğində hesablanmışdır; Şəmkir Rayon Polis Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh “VAZ 21214” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını icarə əsasında idarə edərək, Şəmkir rayonu Şiştəpə kəndində hərəkətdə olarkən aşırması ilə bağlı sonuncu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6cı maddələri üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “VAZ 21214” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmiri ilə bağlı xərclərin dəyəri 3506 manat təşkil edir. Aparılmış xidmətin haqqı 300 (üç yüz) manatdır; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, aparılmış qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 300 (üç yüz) manat vəsait Nümayəndə tərəfindən ödənilmişdir. "xxxx" ASC-nin 23190 nömrəli, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 96 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən ona idarə etmək üçün icarəyə verilmiş “VAZ 21214” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını Şəmkir rayonu Şiştəpə kəndində hərəkətdə olarkən aşırmış və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticədə iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə): 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Mülki Məcəllənin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsiri olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağan edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi Cavabdeh təqsirli, hüquqazidd əməli ("Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində onun idarə etdiyi nəqliyyat vasitəsi (yüksək təhlükə mənbəyi) ilə törədilmiş yol-nəqliyyat hadisəsində iddiaçının sahibliyində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulması tam sübuta yetirilir və bu səbəbdən “VAZ 21214” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyi mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, “VAZ-21214” minik markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği 3506 manat müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmayaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 3130 manat məbləğində maddi ziyan tutulmalıdır. Məhkəmə iddia ərizəsinin əldən çıxmış fayda tələbinə dair qeyd edir ki, iddiaçı tərəfindən 4500 manat məbləğində əldən fayda çıxmasını təsdiq edən konkret dəlillər məhkəməyə təqdim olunmasa da, cavabdeh tərəfindən iddiaçının qazanc vasitəsi olan predmetinə zərər vurması nəticəsində sonuncunun əlindən fayda çıxması mümkünlüyü istisna olunmur və buna görə də, iddiaçının əldən çıxmış fayda tələbini qismən əsaslı hesab edir. Tutulmalı olan əldən çıxmış faydanın miqdarını müəyyən edərkən məhkəmə işin faktiki hallarını nəzərə alaraq, iddiaçıya yetirilmiş maddi ziyanın xarakterini və dərəcəsini, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə maddi ziyanın ödənilməsi üçün cavabdehin real imkanlarını və qətnamənin icrasının mümkünlüyünü nəzərə alaraq cavabdehdən iddiaçının xeyrinə əldən çıxmış faydaya görə 500 (beş yüz) manat miqdarında pulun tutulması qənaətinə gəlir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 56,30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulmalıdır. Məhkəmə həmçinin, qiymətləndirmə xidməti haqqının əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsaslıdır və cavabdehdən iddiaçının xeyrinə 300 (üç yüz) manat miqdarında ödənilmiş qiymətləndirmə xidməti haqqının əvəzi tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 3130 (üç min yüz otuz) manat miqdarında maddi ziyan, 500 (beş yüz) manat miqdarında əldən çıxmış fayda, ödənilmiş 56,30 (əlli altı manat otuz qəpik) manat miqdarında dövlət rüsumu və 300 (üç yüz) manat miqdarında qiymətləndirmə xidməti haqqının əvəzi tutulmalıdır. Göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 3130 (üç min yüz otuz) manat miqdarında maddi ziyan, 500 (beş yüz) manat miqdarında əldən çıxmış fayda, ödənilmiş 56,30 (əlli altı manat otuz qəpik) manat miqdarında dövlət rüsumu və 300 (üç yüz) manat miqdarında qiymətləndirmə xidməti haqqının əvəzi tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-682/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-682/2025
22.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver