Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-767/2023 31.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “borca verilmiş pulun qeri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh olan 10000 (on min) manat miqdarında borc pulun və hüquqi xidmət üçün ödədiyi 50 (əlli) manatın, cəmi 10050 (on min əlli) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, müharibə veteranı və şəhid ailəsidir. Cavabdeh onun tanışıdır. Belə ki, cavabdeh N saylı hərbi hissədə müddətdən artıq kəşfiyyat manqa komandiri vəzifəsində xidmətdə olarkən onlar tanış olmuşlar. Cavabdeh 17 yanvar 2021-ci ildə təxminən 4 (dörd) ay müddətinə, yəni 17 may 2021-ci ilədək qaytarmaq şərti ilə onun etibarından sui-istifadə edərək ondan 10000 (on min) manat miqdarında borc pul almışdır. Göstərilən müddət tamam olduqda o, Cavabdeh pullarının qaytarmasını tələb etməyə başlasa da, cavabdeh, verilmiş borc pulu qaytarmaqdan imtina etmişdir. Buna görə də o, pulunun məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etməli olur və inanır ki, məhkəmə cavabdehin ondan borc pul adı altında aldığı 10000 manat miqdarında pulunun və hüquqi xidmətə görə ödədiyi 50 manat pulun, cəmi 10050 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxaracaqdır. İddiaçı oğlu elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, müharibə veteranı, şəhid ailəsi və xəstəliyi ilə bağlı üzürlü səbəblərdən təyin edilmiş məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, mülki işin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM-in) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli sadə yazılı əqddən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə 10000 (on min) manat borca pul götürmüş və həmin pulu 4 ay müddətinə qaytarcağını öz öhdəsinə götürmüşdür. İddiaçıya məxsus 084029 nömrəli, 28 fevral 2018-ci il tarixli vəsiqədən görünür ki, o, müharibə veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında yazılı borc müqaviləsindən irəli gələn münasibətlər yaranmış, Cavabdeh 10000 (on min) manat məbləğində borc pulu vahid niyyətlə iddiaçıdan alması və geri qaytarmaması işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin (Bundаn sоnrа MM-in): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 739.1-ci maddəsin əsaəsn borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, tərəflər arasında müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh sadə yazılı əqd əsasında iddiaçıya olan 10000 manat məbləğində borcunu 4 ay müddətinə qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya olan borcunun geri qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. Odur ki, cavabdeh öhdəliyinin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Məhkəmə, iddia tələbinin hüquqi xidmət haqqına görə ödənmiş 50 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə dair qeyd edir ki, bu halı təsdiq edəcək hər hansı bir sübutu iddiaçı təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə, MPM-in 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, iddiaçı müharibə veteranı olduğu üçün dövlət rüsumu ödəməkdən azad edildiyindən hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 10000 (on min) manat məbləğində borc pul və dövlət büdcəsinə 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət büdcəsinə 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-767/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-767/2023
31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver