Məhkəmə qərarları › İş №2(045)-805/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-805/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-805/2024 21.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən barəsində hesablanmış 823 (səkkiz yüz iyirmi üç) manat 35 (otuz beş) qəpik borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, yuxarıda qeyd etdiyi ünvanda, Goranboy rayonu Qızılhacılı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı ərazidə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin abonomenti olduğu üçün enerji istifadəçisidir. İstifadə etdiyi enerjinin pulunu həmişə vaxtlı-vaxtında, gecikdirmədən ödəmişdir. Heç vaxt "xxxx" ASC-nin nümayəndələri ilə arasında mübahisə və yaxud narazılıq olmamışdır. 06 fevral 2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları yaşadığı həyətdə guya ki, elektrik enerjisindən istifadə qaydalarının yoxlanmasına dair baxış keçirmişlər. Baxışın nəticələrinə görə guya ki, o yaşadığı həyətdə sayğacdan kənar xəttdən istifadə edir, yəni guya ki, birbaşa xəttə qoşularaq elektrik enerjisindən istifadə qaydalarını pozmuşdur. Bu barədə tərtib edilmiş 06 fevral 2024-cü il tarixli 323355 nömrəli Akt-ı məhkəməyə təqdim edir. Bundan az sonra istifadə etdiyi elektrik enerjisinin pulunu ödəyərkən bilmişdir ki, ona 823 manat 35 qəpik borc hesablanmışdır. Bunu aydınlaşdırmaq üçün "xxxx" ASC-nin Goranboy şöbəsində olmuş, ordan ona məhkəməyə təqdim etdiyi Akt-ı verərək bildirdilər ki, narazısansa məhkəməyə müraciət et. O da məhkəməyə müraciət edir. O barəsində tərtib edilmiş 06 fevral 2024-cü il tarixli, № 323355-li AKT-ı və hesablanmış 823 manat 35 qəpik borcu əsassız, qanunsuz hesab edir və aşağıdakı səbəblərə görə hesab edir ki, həmin borc ləğv edilməlidir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən elektrik enerjisindən istifadə qaydaları guya ki, yoxlanılarkən o işdə olmuşdur ona hər-hansı bir qərarın, baxış aktının sürəti verilməmişdir. Ona bu barədə həyat yoldaşı telefonla zəng edərək bildirmişdir. O işini dayandıraraq evə gəlmiş və bu zaman gördü ki, "xxxx" əməkdaşları elektrik sayğacına və xəttə baxış keçirirlər. Səbəbini soruşmuş, ona bildirdilər ki, “xəttən kənar enerjidən istifadə edirsən”. Lakin, bu ona qarşı yalandır. Çünki, o hər hansı bir kənar xəttən istifadə etmir, istifadə etməyə də heç ehtiyacı yoxdur. Tələb etsə də ona dedikləri kənar xətti göstərə bilmədilər. (olmayan xətti necə göstərə bilərdilər ki). O özü tələb etdi ki, lap sayğacıda açıb labaratoriyaya göndərsinlər, lakin əməkdaşlar onun sözlərinə heç əhəmiyyətdə vermədilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə “Mərkəzi Aran RETSİ-nin əməkdaşları tərəfindən “EEİQ”nın tələblərinə uyğun olaraq İddiaçı Goranboy rayon Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zamanı məlum edildi ki, abonent sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar İddiaçı barəsində “EEİQ”nın tələblərinə uyğun olaraq Akt R №323355 saylı akt tərtib edilmişdir. Aktda naqildən keçən cərəyan: U=9,00 Am, U=0,22 kv, P=1,98 kvt olması barədə, aktın tələb hissəsində isə itirilmiş elektrik enerjisi hesablanaraq bərpa edilsin qeydiyyatı aparılmışdır. İddiaçı ona məxsus elektrik hesablama sayğacına baxış keçirilməsində və pozuntu faktı ilə əlaqədar Akt tərtib edilməsində iştirak edərək imza etmişdir. Eyni zamanda bildirir ki, aşkar edilmiş pozuntu faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. Odur ki, qeyd edilənələri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində göstərdi ki, "xxxx" ASC-nin “Mərkəzi Aran RETSİ-nin nəzarətçi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə o və digər "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı Goranboy rayon Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış zaman abonentin sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar edilmiş və həmin vaxt barəsində akt tərtib edilmişdir. Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC tərəfindən verilmiş 323355 nömrəli, 06 fevral 2024-cü il tarixli aktın surətindən görünür ki, istehlakçı İddiaçı (abonent kodu **********01647) Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisidən istifadə etdiyi aşkar edilmişdir; “CD” diskdən görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən İddiaçı hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması videoçəkiliş aparılmaqla qeydə alınmışdır; "xxxx" ASC tərəfindən verilmiş 16 fevral 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, istehlakçı İddiaçı (abonenti kodu **********01647) tərəfindən Goranboy rayon Qızılhacılı qəsəbəsində sayğacdan kənar çəkilmiş xəttin ləğv edilməsi qərara alınaraq 824,19 manat məbləğində borc hesablanmışdır; Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydalarına riayət edilməyərək yaşadığı Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yerləşən fərdi yaşayış evinin sayğacından kənar xətt vasitəsi ilə birbaşa olaraq elektrik enerjisindən istifadə etmişdir. Nəticədə cavabdeh "xxxx" ASC tərəfindən yol verilmiş qanun pozuntusu aşkar edilərək müvafiq akt tərtib edilmiş, həmin akt əsasında abonentə (iddiaçıya) 823,35 manat məbləğində borc (cərimə) hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – NK) xx.xx.2005-ci il tarixli, 18 saylı “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərarının: 8.17-1-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli aktından və xx.xx.2022-ci il tarixli icra vərəqindən göründüyü kimi "xxxx" ASC NK-nin sözügedən qərarına uyğun olaraq istehlakçı (İddiaçı) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduğu üçün istehlakçı tərəfindən elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyərini sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatını nəzərə almaqla yenidən hesablamış və dəyəri hesablayarkən on iki aylıq müddət həddini aşmayaraq son altı ay müddətini qeyd etmiş, həmçinin enerji təchizatı müəssisəsinin nümayəndəsi istehlakçının (iddiaçının) iştirakı ilə akt tərtib etmiş, akta vurulmuş zərərin NK-nin Qərarının 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə etmiş, yol verilmiş pozuntu videoçəkiliş aparılmaqla qeydə alınmış, akt enerji təchizatı müəssisəsinin nümayəndələri və iddiaçı tərəfindən imzalanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəf iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyərini yenidən hesablayarkən hər hansı sui-istifadə hallarına və qanun pozuntusuna yol verməmişdir, ona görə iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “itirilmiş enerji sərfiyyatı üçün hesablanmış ziyanın silinməsi” tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar