Məhkəmə qərarları › İş №2(045)-836/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-836/2024

04.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-836/2024 04.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus olan Goranboy şəhəri Qarasüleymanlı kəndində, 0,04 ha torpaq sahəsində yerləşən 2 otaqlı 66,0 kv. m. ümumi 24 kv. m. yaşayış, 42 kv. m. köməkçi sahədən istifadə hüququnun itirilmiş hesab edilməsi və mənzildən qeydiyyatdan çıxarılması tələbini irəli sürmüşdür. Goranboy rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi və qeydiyyatdan çıxarılma tələbinə dair mülki iş üzrə icraata Cavabdeh mənzildən qeydiyyatdan çıxarılmasına dair hissəsədə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Goranboy rayon VVADQ şöbəsində nikah bağlanmışdır. Bu nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011 -ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmir, aralarında tez-tez mübahisə baş verir, cavabdeh ailəyə baxmır. Ailə münasibətləri tamamilə pozulmuşdur. Cavabdeh hal-hazırda ona məxsus mənzildə qeydiyyatdadır. Bunun nəticəsində də mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, seriya MA № ******* saylı, reyestr nömrəsi **********50-10301, qeydiyyat nömrəsi ********** olan, daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 136 nömrəli vərəqində qeydiyyata alınmış Dövlət Reyestrindən Çıxarışa əsasən Goranboy rayonu, Qarasüleymanlı kəndində 0.04 ha torpaq sahəsində yerləşən 2 otaqlı 66.0 kv.m ümumi 24 kv.m yaşayış, 42 kv.m köməkçi sahədən ibarət mənzil onun, yəni İddiaçı tam mülkiyyətindədir. Cavabdehin hal-hazırda qeydiyyatda olduğu Goranboy rayonu Qarasüleymanlı kəndində ona məxsus olan mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməli və qeydiyyatı silinməlidir. Goranboy rayon Polis Şöbəsinin 16.01,2024-ci il tarixli, 3-13-75/2-8xx/xx/2024 nömrəli məktubundan da görünür ki, şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkün olduğundan ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********6, qeydiyyat tarixi xx.xx.2010-cu il, Çıxarışın surətindən görünür ki, Goranboy rayonu Qarasüleymanlı kəndində 0,04 ha torpaq sahəsində yerləşən 2 otaqlı 66.0 kv.m ümumi, 24 kv.m yaşayış, 42 kv.m köməkşi sahə mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 136 nömrəli vərəqində qeydiyyata alınmışdır. Buna görə də Cavabdeh ona məxsus olan Goranboy şəhəri Qarasüleymanlı kəndində, 0,04 ha torpaq sahəsində yerləşən 2 otaqlı 66,0 kv. m. ümumi 24 kv. m. yaşayış, 42 kv. m. köməkçi sahədən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddiaçı ilə 2009-cu ilin 24 sentyabr tarixindən mübahisəli evdə yaşadığını, uzun müddət birlikdə çalışaraq həmin evin təmirinə və digər xərclərini ödədiyini, hazırda iddiaçı ilə nikahda olmaqla həmin evdə birgə təsərrüfat apardığını, iddianı qəbul etmədiyini, iddianın rədd edilməsini xahiş etmişdir. İş materillarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Goranboy rayonu Qarasüleymanlı kəndində 0,04 ha torpaq sahəsində yerləşən 2 otaqlı 66.0 kv.m ümumi, 24 kv.m yaşayış, 42 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi İddiaçı, 0,02 ha torpaq sahəsində yerləşən 1 otaqlı 48.0 kv.m ümumi, 24 kv.m yaşayış, 24 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evi X1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 136 nömrəli vərəqində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materillarında olan Goranboy Rayon İcra Hakimiyyəti Başşısının Goranboy şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 15 yanvar 2024-cü il tarixli, 61 saylı arayışından görünür ki, İddiaçı Goranboy rayonu, Qarasüleymanlı kəndində qeydiyyatdadır. Ailə üzvləri aşağıdakılardır: xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011 -ci il təvəllüdlü X4. İş materillarında olan Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh İddiaçı mülkiyytətində olan mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. İş materillarında olan AZE 12888277 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abdullayev Zaur xx.xx.2011-ci ildə doğulmuşdur. X6, anası İddiaçıdir. İş materillarında olan AZE 12888277 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abdullayev Saleh xx.xx.2010-cu ildə doğulmuşdur. X6, anası İddiaçıdir. İş materillarında olan nikah haqqında AZ-İ 527489 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Goranboy rayon Qeydiyyat şöbəsində 24 sentyabr 2009-cu il il tarixdə 288 npmrə ilə qeyd edilmişdir. İş materillarında olan ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi bvarədə Goranboy 1 saylı Mediasiya təşkilatının arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materillarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Elektron məhkəmə informasiya sistemində İddiaçı qohumluq məlumatlarından görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş Cavabdeh onun həyat yoldaşıdır. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarına əsaslanaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında nikah Goranboy rayon Qeydiyyat şöbəsində 24 sentyabr 2009-cu il il tarixdə 288 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra tərəflər Goranboy rayonu Qarasüleymanlı kəndində 0,04 ha torpaq sahəsində yerləşən 2 otaqlı evə köçərək orada yaşamış, iddiaçının evə dair mülkiyyət hüququ 31,03.2010-cu il tarixdə qeydə alınmış, onların nikahdan iki övladı olmuş, hal-hazırda da nikahda olmaqla, birgə təsərrüfat aparmaqla tərəflər orada yaşayırlar. Elektron məhkəmə informasiya sistemində İddiaçı qohumluq məlumatlarına əsasən də xx.xx.1979-cu il tarixdə doğulmuş Cavabdeh hazırda İddiaçı həyat yoldaşıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, Cavabdeh İddiaçı ilə 2009-cu ilin 24 sentyabr tarixində rəsmi nikaha daxil olmuş, bundan sonra Qarasüleymanlı kəndində yaşayan mənzilə ailə üzvü kimi köçmüş, həmin vaxtdan hal-hazıradək Goranboy rayonu Qarasüleymanlı kəndində 0,04 ha torpaq sahəsində yerləşən 2 otaqlı evdə birgə təsərrüfat aparmışlar. Cavabdeh hazırda iddiaçı ilə nikahda olmaqla həmin evdə yaşayır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən cavabeh iddiaçının, yəni mülkiyyətçinin ailə üzvü olmaqla, həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdir. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən cavabeh iddiaçının, yəni mülkiyyətçinin ailə üzvü olmaqla, həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malik olduğundan həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu və mediasiya xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə subutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar