Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-844/2024 17.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 6300 (altı min üç yüz) manat pul və ödənilmiş 83 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər anaoğuldurlar. O, “Azərsu” Açıq Səhimdar Cəmiyyətinin 7 nömrəli Regional Sukanal İdarəsinin Gorandoy sukanal sahəsində gözətçi işləyir. Cavabdehlərdən Elevər Rəsulovu orda tanımışdır. Birlikdə işləyir və yaxşı münasibəti yaranmışdır. Ona inanırdı, Cavabdeh1 2022-ci ilin avqust ayında ona yaxınlaşaraq maddi problemi olduğunu,o na kömək etməyini xahiş etdi və bildirdi ki, bir nəfərdən borc pul almış, bu gün qaytarmalıdır, qaytarmasa problemi olacaq. Bundan başqa da qeyd etdi ki, faizə də pul istəmiş lakin verən olmamışdır və ona görə də ondan borca pul istəyir. Onunda nağd pulu olmadığı üçün bildirdi ki, bir nəfər var ondan faizə götürüb verər və razılaşmışlar ki, gedib 6300 (altı min üç yüz) manat faizə pul götürüb cavabdehə versin. Cavabdehdə ona söz verdi ki, həmin pulu özü ödəyəcəkdir. Lakin, iki üç ay ödəmədiyi üçün gördü ki, üstünə faiz gəlir gedib “Unibakdan” 5600 (beş min altı yüz) manat kredit götürüb borcu ödəmişdir. Yenə də cavabdeh söz verdi ki, krediti də özü ödəyəcəkdir. Lakin, yenə də onu aldatdı, krediti ödəmədi. Məcbur olub cavabdehin anasının yanına getmiş orada anası onu yaxşı qarşılamış və bildirdi ki, krediti özü ödəyər. Lakin, xahiş etdi ki, bankdan kredit götürsün əvvəlki krediti bağlayaq sonra qalan borcu ödəyəcəyinə söz verdi. Onun borcu olduğu üçün bank ona kredit vermədi, qardaşından xahiş etdi o kredit götürərək ona verdi. O da Cavabdeh2 inanaraq banka olan krediti ödəmişdir. Lakin, cavabdehlərdən Rəna Həsənova da onu aldatdı, hec bir pul banka ödəmədi. Cavabdehlərin hərəktlərinin nəticəsidir ki, bu gün onun banklara borcu şişərək 26000 (iyirmi altı min) manat olmuşdur. O dəfələrlə cavabdehlərdən xahiş etsə də hər dəfə ona söz versələr də, onu aldadırlar, aldıqları borc pulu könüllü qaytarmaq istəmirlər. Ona görə də məhkəməyə müraciət edir. İndi istəyir ki, cavabdehlər 26000 (iyirmi altı min) manat pulu məhkəmə qaydasında qaytarsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, cavabdeh ona borcundan heç bir ödəniş etməmişdir. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Bu səbəbdən məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, İddiaçı həqiqətən 6300 manat məbləğində borc aldığını və həmin borcun 1000 manatını iddiaçıya ödədiyini və hazırda 5300 manat məbləğində borcu olduğunu bildirmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, iddiaçıya ödədiyi 1000 (bir min) manatı təsdiq edəcək hər hansı rəsmi sənədi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 tərəfindən verilmiş iltizamnan görünür ki, 2022-ci ilin avqust ayında iş yoldaşı İddiaçı aldığı 6300 manat borc pulu 2024-cü ilin may ayının 20-dən gec olmayaraq qaytarmasını öz öhdəsinə götürmüşdür; Fotoşəkillərdən görünür ki, X2 İddiaçı borca pul götürmüşdür; (əsas “Whatsapp” ani mesajlaşma platformasındakı yazılar); "xxxx" ASC-nin 16283 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı hazırkı tələb üzrə 168 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəflərin izahatını nəzərə alaraq iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında sadə yazılı müqavilə əsasında öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, cavabdeh iddiaçıya olan 6300 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmiş, nəticədə iddiaçıya 6300 manat borcu qalmış, buna görə iddiaçının cavabdehdən verdiyi pulun geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh iddianı qismən qəbul edərək iddiaçıdan 6300 manat məbləğində borc aldığını və həmin borcun 1000 manatını ödədiyini, lakin həmin ödənişini təsdiq edəcək hər hansı rəsmi sənədi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yazılı sadə əqd bağlanmış və öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş sözügedən əqdin Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasına dair və borcun geri qaytarılmasına hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməlidir. Azərbaycan Resoublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qanununun tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 İddiaçı xeyrinə 6300 (altı min üç yüz) manat məbləğində borc pul və ödənilmiş 83 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 İddiaçı xeyrinə 6300 (altı min üç yüz) manat məbləğində borc pul və ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-844/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-844/2024
17.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver