Məhkəmə qərarları › İş №2(045)-845/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-845/2024

04.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-845/2024 04.07.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy rayon məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evin bölgüsünün aparılması tələbinə dair mülki işə Goranboy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbini irəli sürərək Cavabdeh mülkiyyətində olan cavabdehlə onun birgə nikah dövründə tikilən Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən 0,08 ha torpaq sahəsində tikilmiş 80 kvadratmetr sahəsi olan 4 otaqlı mənzildə onun yaşama hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehlə onun birgə nikah dövründə tikilən Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən 0,08 ha torpaq sahəsində tikilmiş 80 kvadratmetr sahəsi olan 4 otaqlı mənzildə onun yaşama hüququnun tanınması və qanuna müvafiq olaraq əmlakın (evin) bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 26 avqust 1993-cü ildə el adəti ilə ailə həyatı qurmuşdur. 26 avqust 1993-cü il tarixində Goranboy VVAQ şöbəsində nikahı rəsmi qeydiyyata alınmışdır. Goranboy rayon məhkəməsinin 05 may 2021-ci il tarixli 2(045)-593/2021 saylı qətnaməsi ilə nikahı pozulmuşdur. Birgə nikahda olduğu dövrdə 16 yanvar 2004-cü ildə Goranboy rayon Bələdiyyəsinin balansında olan Goranboy rayon 58-ci kvartal ünvanında 0,08 ha torpaq sahəsini keçmiş həyat yoldaşı Cavabdeh adına almışlar. Qeyd edilən torpaq sahəsində 80 kvadrat metr sahəsi 4 otaqdan ibarət fərdi yaşayış evini şəxsən özü tikmişdir. Hazırda onun cavabdehlə nikahı pozulduğuna görə cavabdeh onun qeyd edilən yaşayış sahəsində yaşamaq hüququnu məhdudlaşdırır. Dəfələrlə o birgə nikah dövründə tikidirdiyi fərdi yaşayış evində yaşamağına maneçiliklər edir, onu şərləyir, onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər edir, onun yaşamaq hüququnu məhdudlaşdırır. Aralarında olan problemləri aradan qaldırmağa cəhd etsə də, cavabdeh onun qeyd edilən fərdi yaşayış evində yaşamasına maeəçilik törətməyə davam edir. Buna görə də cavabdehlə onun birgə nikah dövründə tikilən Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən 0,08 ha torpaq sahəsində tikilmiş 80 kvadratmetr sahəsi olan 4 otaqlı mənzildə onun yaşama hüququnun tanınması və qanuna müvafiq olaraq evin bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən 0,08 ha torpaq sahəsində tikilmiş 80 kvadratmetr sahəsi olan 4 otaqlı mənzili o tikmişdir. Mənzilin qanunsuz tikili olduğunu bilir. Lakin, tikiliyə pul xərclədiyindən onun bölünməsini tələb edir. Buna görə də cavabdehlə onun birgə nikah dövründə tikilən Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən 0,08 ha torpaq sahəsində tikilmiş 80 kvadratmetr sahəsi olan 4 otaqlı mənzildə onun yaşama hüququnun tanınması və Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən 0,08 ha torpaq sahəsində tikilmiş 80 kvadratmetr sahəsi olan 4 otaqlı mənzilin cavabdehlə onun arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, cavabdeh bildirişi qəbul etməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materillarında olan Goranboy Bələdiyyəsi tərəfindən təsdiq edilmiş foto görüntüdən müəyyən olunur ki, Goranboy şəhəri, 58-ci kvartal ünvanında fərdi yaşayış evi mövcuddur. İş materillarında olan Goranboy İHB Goranboy şəhər İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin 14 mart 2024-cü il tarixli arayışından görünür ki, Musayev X1 şəhəri, 58ci kvartal ünvanında qeydiyyatsız yaşayır. İş materillarında olan Goranboy rayon məhkəməsinin 05 may 2021-ci il tarixli 29045)-593/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 26 avqust 1993-cü ildə Goranboy rayon VVAQ şöbəsində 81 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İş materillarında olan ilkin mediasiya sessiyasında prosesin davam etdirilə bilməməsi bvarədə Goranboy 1 saylı Mediasiya təşkilatının arayışından görünür ki, 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materillarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçını dinləyərək, iş materiallarına əsaslanaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 26 avqust 1993-cü ildə nikaha daxil olmuş, Goranboy rayon məhkəməsinin 05 may 2021ci il tarixli 29045)-593/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 26 avqust 1993-cü ildə Goranboy rayon VVAQ şöbəsində 81 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Goranboy Bələdiyyəsi tərəfindən təsdiq edilmiş foto görüntüyə əsasən Goranboy şəhəri, 58-ci kvartal ünvanında fərdi yaşayış evi mövcuddur və Musayev X1 şəhəri, 58-ci kvartal ünvanında qeydiyyatsız yaşayır. Goranboy şəhəri, 58-ci kvartal ünvanında fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. İddiaçı torpaq sahəsinin deyil, evin – yəni Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən fərdi yaşayış evininin bölgüsünün aparılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Göründüyü kimi, Cavabdeh Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən tikiliyə mülkiyyət hüququ mövcud deyildir. Həmin tikiliyə dair hüquqmuüəyyənedici sənəd məhkəməyə təqdim edilməməklə bərabər, qeyd edilən hal tərəflərin izahatlarında da tam təsdiqini tapmışdır. Qanunverciliyinn göstərilkən müddəalarını əsas götürərək məhkəmə belə nəticəyə gəlir ki, Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən tikili özbaşına tikili olduğundan iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinin tələbləri baxımından özbaşına tikilitə dair yaşayış hüququ da tanına bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.3-cü maddəsinə əsasən sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Həmçinin “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il 1/2024 nömrəli qərarı”nın 4.11-ci bəndində göstərilir ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Qeyd edilənlərə əsasən iddiaçının Goranboy şəhəri, 58-ci kvartal ünvanında yerləşən fərdi yaşayış evinin bölgüsünə dair tələbi təmin edilə bilməz. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Qeyd edilənlərə əsasən, İddiaçının Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və əmlak bölgüsünün aparılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinə əsasən hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə subutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinın 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçının Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və evin bölgüsünün aparılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar