Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-856/2024 07.08.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Qasımov Behbud Telman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7750 (yeddi min yeddi yüz əlli) manat məbləğində pul və iddia ərizəsi üçün ödənilmiş 98 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Daşkəsən rayon orta məktəbdə fizika müəlliməsi vəzifəsində çalışır. Cavabdeh ilə 2023-cü ilin mart ayından iyun ayının əvvəlinə qədər nişanlı olmuşdur. Vüsal onunla nişanlılıq münasibətindən istifadə edərək 2023-cü ilin mart aynın sonlarında borclarının olduğunu ona bildirərək adına “Kapital Bank”dan kredit borcu götürməyini istəmiş və oda buna görə “Kapital Bank”dan online yolla 4000 min manat kredit götürərək Vüsala vermişdir. Bir müddət keçikdən sonra isə Vüsal ona anasının xəstə olduğunu və maddi xərclərin çoxluğunu bildirərək ondan əlavə olaraq Kapital Bank”dan 1000 manat kredit götürməyini istəmişdir. O da götürərək həmin puluda Vüsala vermişdir, Vüsal ona bildirdi ki, onun adına olan kreditləri ödəməkdə çətinlik çəkdiyini demiş və ümumi olaraq “Beynəlxalq Bank”dan 7750 manat kredit götürərək qeyd etdiyi borcları bağlamağı və tək bir yerə ödəniş etməyi bildirdi. O da Vüsalın dediyini edərək qeyd etdiyi krediti əldə etmiş onun və öz adına olan kredit borclarını bağlamışdır. Bundan başqa isə kredit kartları vasitəs ilə o kredit olaraq 1500 manat kredit ələ etmişdir. Bir müddət keçdikdən sonra cavabdehin qumarbaz olduğunu, spirtli içki aludəçisi olduğunu eləcə də onunla maraqlanmadığını görmüş və qərar verərək nişanı qaytarmışdır. Nişanı qaytardıqdan dərhal sonra isə onun adına olan heç bir borcdan ödəniş etməmiş və buna görə də adına bankda külli midarda borc yığılıb qalmışdır. Bundan sonra o Vüsalın hərəkətlərindən polis orqanlarına şikayət etmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-nin xx.xx.2024-cü il tarixli qərarı ilə toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında yalnız ondan nişanlı olduğu müddət ərzində anasının xəstə olduğu vaxtında birbank kartından 1000 manat pul çəkərək ondan borc almışdır və həmin məbləği faizlə birlikdə ona qaytardığını bildirmişdir. Əlavə olaraq Cavabdeh izahatında, o 5000 manat məbləğində kredt götürüb özünün 2000 manat məbləğində kretidini bağlamış, qalan məbləği isə hissə-hissə ona qaytardığını göstərmişdir. Beləliklə cavabdeh ondan 6000 manat borc aldığını etiraf etmişdir və borcunu qaytardığını bildirmişdir. Bununla bağlı bildirir ki, cavabdeh ondan 6000 manat yox, 7750 manat borc almışdır. Bununla bağlı cavabdehin səs yazması vardır və həmin səs yazmada borcunun olduğunu tam etiraf etmişdir. Həmin pulları o, kredit götürərək ona vermişdir. kreditin faizini və cərimələri o ödəyir, o, səs yazısını və həmin qərarı sübut kimi ərizəyə əlavə etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, məhkəmdən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun iddiaçıya hər hansı bir borcu yoxdur. Belə ki, o iddiaçıdan borca 1000 manat pul almış və həmin pulu iddiaçının qardaşına qaytarmışdır. Buna dair qəbzləri və subutları mövcuddur onları da növbəti məhkəmə iclaslarında təqdim edəcəkdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsi tərəfindən verilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir; Kassa Məxaric orderindən görünür ki, ABB “Gəncə Mərkəz” filialı tərəfindən İddiaçı hesabına 5800 manat məbləğində vəsait köçürülmüşdür; Kassa Məxaric orderindən görünür ki, İddiaçı hesabına 1950 manat məbləğində vəsait köçürülmüşdür; Cavabdeh Gəncə Şəhər Baş Polis İdarəsində verdiyi izahatından görünür ki, rəsmi olaraq heç bir yerdə işiəmir.İddiaçı barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. Şəhla onunla 2 ay müddətinə nişanlı olmuşdur. Onunla nişanlı olduğu müddət ərzində Şəhla anasının xəstə olduğu vaxtda birbank kartında 1000 manat pul çəkərək ona borc məqsədilə vermişdir. Həmin məbləğində faizi ilə birlikdə ona geri qaytarmışdır. Bundan sonra Şəhla ona 5000 manat məbləğində kredit götürərək onun 2000 manat məbləğində olan kreditini bağlamış o isə ona olan borcunu hissə-hissə ödəmişdir. O, Şəhla və qardaşı ilə birlikdə olan zaman səhvən nalayiq ifadə işlətmiş və bundan sonra onlarla münasibəti pozulmuş və nəticədə nişan qayıtmışdır. Həmçinin o bildirmişdir ki, həmin şəxsdən heç bir vaxt pul almamış və onun pulunu mənimsəməmişdir. "xxxx" MMC-nin 53295 nömrəli qəbzindən görünür ki, iddiaçı hazırkı iddia tələbi üzrə 98 manat məbləğində dövlət rüsumu ödəmişdir; Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı maddi hüquq normalarına əsasən qismən təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İlk öncə qeyd etmək lazımdır ki, iddiaçı borc verməsini rəsmiləşdirmədiyini (hər hansı iltizam almayıb, sadə formada kağız üzərində qeydiyat aparılmayıb və s.) bildirir. Onun tərəfindən cavabdehə 7750 manat məbləğində pulun verilməsini yalnız onun cavabdehlə aralarında olan səs qeydləri təsdiq edir. Cavabdeh isə iddiaçıdan cəmi 1000 manat borca pul aldığını və həmin pulu İddiaçı qaytardığını bildirmişdir. Belə olan halda, hazırkı iddianın əsaslı olub-olmamasına hüquqi qiymət verilərkən yalnız tərəflərin izahatları, bu izahatlarda mövcud olan ziddiyyətli məqamlar, habelə iş materiallarında mövcud olan hər hansı digər hallar nəzərə alınmalı və nəticədə məhkəmə sərbəst daxili inamını rəhbər tutmalıdır. Məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatı arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında şifahi borc müqaviləsi bağlanmışdır. Belə ki, Cavabdeh polis orqanında verdiyi izahatdan görünür ki, o, iddiaçıdan müxtəif vaxtlarda 1000 (bir min) manat və 5000 (beş min) manat olmaqla, ümumilikdə 6000 (altı min) manat məbləğində borc pul almış, lakin bu məbləğin tam qaytarılması barədə vəd versə də, bugünədək həmin vəsaiti qaytarmamış və qaytarmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə, həmçinin bir halı diqqətə çatdırmaq istəyir ki, tərəflər arasında yaranmış borc münasibətlərini tənzimləyən müqavilənin (5000 manat borca münasibətdə) qanunun tələbinə əsasən yazılı formada bağlanması imperativ xarakter daşımasına baxmayaraq, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla şifahi formada bağlandığı üçün sözügedən əqd etibarsız hesab edilməli və nəticə etibari ilə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Beləliklə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, tərəflər arasında bağlanmış 5000 (beş min) manat məbləğində şifahi borc müqaviləsi etibarsız hesab edildiyindən nəticə etibari ilə cavabdeh həmin əqd üzrə aldığı 5000 (beş min) manatı və eyni zamanda 1000 (bir min) manat məbləğində şifahi borc müqaviləsi üzrə ödəmədiyi həmin məbləği iddiaçıya geri qaytarmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə (30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) əsasən tələb bu hissədə qismən təmin edilməli, yəni cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 80 (səksən) manat məbləğində müəyyən edilməli və qalıq 18 manat isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir; 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə tədqiq еdilmiş sübutlаrа əsаslаnаrаq və qаnunvеriciliyin yuхаrıdа göstərilən nоrmаlаrını rəhbər tutаrаq iddia tələbi üzrə bеlə nəticəyə gəlir ki, Cavabdeh 6000 (altı min) manat məbləğində borc pul, eyni zamanda iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Şərh оlunanlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində borc pul, eyni zamanda iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 80 (səksən) manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №2(045)-856/2024
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-856/2024
07.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver