Məhkəmə qərarları › İş №2(045)-86/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-86/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-86/2023 11.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mercedes Benz E 280” markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 3170 manat və həmçinin yol nəqliyyat hadisəsi nəticəsində X3 xəsarət aldığına görə 750 manat sığorta ödənişi, ümumilikdə 3920 (üç min doqquz yüz iyirmi) manat və iddia ərizəsinin verilməsi ilə bağlı 59,60 manat (əlli doqquz manat altmış qəpik) dövlət rüsumunun Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Mercedes Benz C240” markalı, ** SS *** qeydiyyat nişanlı avtomobillə “Mercedes Benz E 280” markalı ** LF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobillərə zərər yetirmiş və eyni zamanda X9 yüngül dərəcəli xəsarət almışdır. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayınmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Mercedes Benz E 280” markalı ** LF *** qeydiyyat nişanlı avtomobilə 3170 manat ziyan dəymişdir. Həmçinin yol nəqliyyat hadisəsi nəticəsində X9 yüngül xəsarət aldığı üçün “İcbari sığortalar haqqında” Qanuna əsasən 750 manat sığorta ödənişi həyata keçirilmişdir. Sığorta müqaviləsinin 081719 və 081734 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti ümumilikdə 3920 manat sığorta ödənişi həyata keçirmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı sığorta şirkətinə dəymiş 3920 (üç min doqquz yüz iyirmi) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(045)- 95/2020 saylı Qərarında öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Gəncə-Bakı magistral yolu ilə hərəkət edən zaman Samux rayonu Zazallı kəndi yaxınlığındakı DYP-nin stasionar postunun yanındakı körpünün üzərindən keçən zaman sol tərəfdə olan “Azpetrol” yanacaqdoldurma məntəqəsinə dönmək istəmişdir. Həmin vaxt orada “giriş qadağandır” nişanını görmədiyindən elə zənn etmişdir ki, həmin yoldan dönüb getmək olar. Həmin vaxt həmin yolla əks istiqamətdə hərəkətdə olan “Mercedes Benz” markalı avtomobillə onun idarə etdiyi avtomobil toqquşmuşdur. O və yanında olan bibisi oğlu avtomaşından düşərək digər avtomaşına yaxınlaşmışdır. Bu zaman qarşı tərəfin maşınında xəsarət alan şəxslərin olduğunu görmüşdür. Daha sonra bibisi oğlu su almağa getmiş, o isə hadisə yerində tək qalmışdır. Bu zaman DYP-nin stasionar postunun işçisi də hadisə yerinə gəlmiş və o, özünü polis əməkdaşına təqdim etmişdir. O, polis əməkdaşına qorxduğunu bildirmişdir. Belə ki, qarşı tərəfin maşınında olan şəxslər onun üzərinə hücum etmək istəmişdir. DYPnin əməkdaşı onun təhlükəsizliyini təmin etmək üçün onu onu stasionar posta aparmışdır. Daha sonra müstəntiq Gündüz Yusifova məlumat verilmiş və o, da hadisə yerinə gəlmişdir. Daha sonra o, hadisənin araşdırılması üçün Goranboy RPŞ-yə aparılmışdır. Yəni, o hadisə yerindən qaçmamışdır. Təhlükəsizliyini təmin olunması üçün polis əməkdaşı onu hadisə yerindən uzaqlaşdırmışdır. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində göstərdi ki, o, cavabdehin dayısı oğludur. Hadisə zamanı Cavabdeh yanında olmuşdur. Cavabdeh hadisə yerini tərk etməmişdir. Qarşı tərəfin avtomobilində zərərçəkən şəxslər olmuşdur. Bu zman həmin şəxslərin qohumları Cavabdeh xəsarət yetirmək istəmişdir. Bu səbəbdən polis əməkdaşı Cavabdeh hadisə yerindən uzaqlaşdıraraq stasionar posta aparmışdır. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadəsində göstərdi ki, o, Goranboy RPŞnin İB-nin müstəntiqi vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Gəncə-Bakı magistral yolunun Samux rayonu Zazallı kəndi yaxınlığında yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı onlara məlumat daxil olmuşdur. Onlar hadisə yerinə bir az gec getmişlər. Hadisə yerinə gedən zaman sürücü hadisə yerində olmamışdır. O, sürücünün harda olduğunu soruşduqda hadisə yerində olan polis əməkdaşı sürücünün digər polis əməkdaşı ilə birlikdə posta getdiyini bildirmişdir. Daha sonra o, stasionar posta yaxınlaşmış və sürücü Cavabdeh orada olduğunu görmüşdür. Bundan sonra Şahmari X2 RPŞ-yə gətirilmiş və izahatı alınmışdır. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 idarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Gəncə- Bakı magistral yolunun Samux rayonu Zazallı kəndi yaxınlığında yol nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı onlara məlumat daxil olmuşdur. Hadisə posta yaxın ərazidə baş verdiyi üçün hadisə yerinə Goranboy RPŞ-nin əməkdaşlarından öncə onlar yaxınlaşmışlar. Bu zaman yol nəqliyyat hadisəsinə səbəb olmuş “Mercedes Benz C240” markalı, ** SS *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə yerində olmuşdur. Sərnişinlər arasında yaralılar olduğundan və yaralı sərnişinlərin qohumları sürücü Cavabdeh qarşı aqressiv olduqlarından o, sonuncunun təhlükəsizliyini təmin etmək məqsədi ilə sürücünü stasionar posta aparmışdır. Bu zaman sürücü Cavabdeh heç bir irad bildirmədən onunla birlikdə stasionar posta getmişdir. Daha sonra Goranboy RPŞ-nin müstəntiqi Gündüz Yusifov da posta yaxınlaşmışdır. Yekunda Cavabdeh izahatının alınması üçün müstəntiqlə birlikdə Goranboy RPŞ-yə getmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını, şahid ifadələrini dinləyib, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AD seriyalı, 646964 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C240” markalı, ** SS *** qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir; xx.xx.2022-ci il tarixli, 081719 nömrəli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə Zazalı postunda baş vermiş yol nəqliyyat hadisəsinə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 3170 manat məbləğində vəsait ödənilmişdir; xx.xx.2022-ci il tarixli, 081734 nömrəli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə Gəncə Zazalı postunda baş vermiş yol nəqliyyat hadisəsinə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X5 750 manat məbləğində vəsait ödənilmişdir; Goranboy RPŞ-nin İB-nin müstəntiqi Gündüz Yusifov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 fevral 2020-ci il tarixli Qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Goranboy RPŞ-nin DYPB-yə göndərilmişdir; İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6, 327.8 və 330-cu maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Goranboy Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 3(045)-95/2020 nömrəli inzibati xəta haqqında iş üzrə Qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; X7 ********* nömrəli, xx.xx.2022-ci il tarixli, mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC hazırkı tələb üzrə 59,20 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə Gəncə-Bakı magistral yolunun Samux rayonu Zazallı kəndi yaxınlığında yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz C240” markalı, ** SS *** qeydiyyat nişanlı avtomobil “Mercedes Benz E 280” markalı, ** LF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobillərə zərər dəymiş və eyni zamanda X9 yüngül dərəcəli bədən xəsarət almışdır. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 3170 manat, X5 750 manat məbləğində vəsait ödənilmişdir. İddiaçı Cavabdeh hadisə yerindən yayınmasını əsas gətirərək subroqasiya qaydasında ödədiyi pulu cavabdehdən tələb edir. İlk növbədə məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə bu halda sürücünün hadisə yerindən yayınması anlayışına aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli Qərarına əsasən yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. İş üzrə müəyyən edilmişdir ki, Cavabdeh hadisə yerində qalmaqla şəxsiyyəti barədə məlumatları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 idarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru X8 bildirmişdir. Daha sonra da Xaliq Həsənov Cavabdeh təhlükəsizliyini təmin etmək məqsədi ilə sonuncunu stasionar polis postuna aparmışdır. Daha sonra isə Cavabdeh postda Goranboy RPŞ-nin müstəntiqinə təhvil verilmişdir. Yəni, göründüyü kimi Cavabdeh polisin müşaiyəti altında və təhlükəsizliyinin təmin olunması məqsədi ilə hadisə yerindən uzaqlaşdırılmışdır. Sözügedən hallar isə Cavabdeh hadisə yerindən yayınması kimi qiymətləndirilə bilməz. Bundan başqa “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin “Qeyd” hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş hallarda yol-nəqliyyat hadisəsi yerini tərk edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi Cavabdeh sürücü olaraq Qanunla üzərinə qoyulmuş vəzifələri yerinə yetirərək nəqliyyat vasitəsini yerindən tərpətməmiş, hadisə haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarına xəbər vermişdir. Sözügedən hallar həmçinin iş üzrə hadisəni bilavasitə görmüş şəxslərin (şahidlərin) izahatları ilə də təsdiq olunur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı Sığorta Şirkəti ASC cavabdehin inzibati məsuliyyətə cəlb olunduğunu əsas tutaraq subroqasiya qaydasında pulu sonuncudan tələb edir. Lakin, iş materiallarında olan Goranboy Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 3(045)-95/2020 nömrəli inzibati xəta haqqında iş üzrə Qərarından göründüyü kimi Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Sözügedən maddədə isə zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun mənasından da göründüyü kimi şəxsin delikt törətdikdə mülki hüquq məsuliyyəti daşımalıdır. Delikt isə təqsirli və hüquqa zidd olaraq törədilmiş əməldir. Yəni, şəxsin mülki hüquq məsuliyyəti yaranması üçün onun tərəfindən təqsirli olaraq qanuna zidd hərəkət törədilməlidir. Hazırkı iş üzrə isə Cavabdeh tərəfindən təqsirli olaraq qanuna zidd hərəkət törədilməsi halı müəyyən edilmədiyindən onun mülki hüquq məsuliyyəti daşıması istisna olunur. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci mаddəsinə əsаsən işdə iştirаk еdən şəхslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yохlаnılmаlı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-yə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-yə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar