Məhkəmə qərarları › İş №2(045)-87/2023

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-87/2023

07.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-87/2023 07.02.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “işbirliyinə qoyulmuş pul tələbinə və vurulmuş zərərin ödənilməsinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “işbirliyinə qoyulmuş pul tələbinə və vurulmuş zərərin ödənilməsinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə işbirliyi qurmaq üçün hissələrlə nağd aldığı 30000 manatın və həmin məbləğin 6 (altı) illik faiz dərəcəsi olan 9000 manatın, eləcə də dövlət rüsumu kimi ödədiyi 210 manatın tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, işbirliyi qurmaq məqsədilə etibar etdiyi xeyli miqdarda sərmayəni mənimsəməsinə görə Goranboy rayon prokurorunun 21 avqust 2017-ci il tarixli qərarı ilə Cavabdeh haqqında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, həmin prokurorluğun böyük müstəntiqi Mirkamal Əliyevin 26 mart 2020-ci il tarixli qərarı ilə əməldə cinayət tərkibi olmaması motivi ilə cinayət işinin icraatına xitam verilmişdir. Cinayətlərin təsnifatına görə az ağır cinayət hesab edilən, ibtidai istintaqa ən çoxu 10 ay müddət verilən bu sıravi və asan işin ibtidai istintaqının 3 dəfə artıq olan 32 ay müddətdə aparılması insan hüquqları ilə bir araya sığmayan hərəkət olmuşdur. Goranboy rayon prokurorluğu arxası möhkəm olan Cavabdeh xilas etmək üçün cinayət işini bilərəkdən süründürüb, nəhayətdə onun işlədiyi "xxxx" ASC ilə əlaqədar olan başqa bir iş üzrə həbsdə olmağından, yəni zərərçəkmiş kimi şikayət vermək imkanının az qala sıfıra bərabər olmasından istifadə edərək aşkar cinayəti ört basdır etdirmişdir. Cavabdeh haqqında cinayət işinin başlanılmasına səbəb işbirliyi yaratmaq üçün cavabdehə verdiyi 30.000 manatın sonuncu tərəfindən mənimsənilməsi olmuşdur. Həmin məbləğin 17.000 manatını xırdabuynuzlu heyvanlar alıb, saxlayıb, qazanc əldə edib, yarı bölmək üçün birdəfəyə vermiş, özü də bu məbləğin 15.000 manatını işlədiyi "xxxx" ASC-dən kredit götürmüş, evindəki 2000 manat ehtiyatını da əlavə etmişdir. O şəhərdə yaşadığı üçün mal-qara biznesindən başı çıxmır, həm də bankda məsul vəzifədə olduğu üçün başqa bir rayonda təsərrüfatla məşğul olmağı mümkün deyildir. Sözügedən hadisə 2014-2015-ci illərdə, onun cavabdehə hədsiz etimadına hörmət və səxavət göstərməyinə görə baş vermişdir. Onları 2011-ci ildə hər ikisi də dostu olan bir şəxs tanış etmişdir. Ayrı-ayrı şəhərlərdə yaşasalar da, hər ikisi bank sistemində işlədiyi üçün (cavabdeh Beynəlxalq bankın işçisi olmuşdur), 2011-ci ildə baş vermiş tanışlıqdan sonra vaxtaşırı təmasda olub, çörək kəsmiş, yaxın olmuşdur. Səxavətinə və sadəlövhlüyünə görə cavabdeh onu bağışlayan adam hesab edərək dəfələrlə və təkidlə şərikli xırdabuynuzlu heyvan saxlamağı təklif etmiş, bu işi bütövlüklə öz üzərinə götürmüş, ondan işbirliyinə yalnız sərmayə qoymağı xahiş etmiş, heyvan saxlamaq üçün Goranboy rayonunda yatağı və şəraiti olmasını deyib, şirin planlar cızmaqla onu ələ ala bilmiş, işə bütün nəzarəti, tanışı olan çobanın haqqını, yem pulunu, hətta heyvanları tapıb, almasını öz üzərinə götürmüş, bu işbirliyindən onun vəzifəsi yalnız lazımi miqdarda pul vermək olmasını bildirmişdir. Razılığa görə qazanc onun sərmayəsinin tədricən (hissələrlə) qaytarılmasından sonra yarı bölünməli idi. Bir müddətdən sonra o, yenə də cavabdehin təkidi ilə ailəsinə məxsus torpaq sahəsində arpa və buğda əkmək üçün sonuncuya daha 10.000 manat vermişdir. Cavabdeh onu inandırmışdır ki, əkin olarsa, həm heyvanlar tez yetişər, həm də arpa-buğdanı satıb, onun qazancı ilə işə qoyduğu pulu daha tez qaytarar. Çarəsiz qalıb, bu məbləği o, Rusiyada ticarətlə məşğul olan dostu Elşəndən borc alıb, cavabdehə vermişdir. Lakin ailəsinin torpağın hansı kənddə yerləşməsini bilməmiş, güman etmişdir ki, becərdiyi arpa və buğda boy atanda ona göstərəcək, lakin vaxtı olmadığından həmin sahəyə gedə bilməmişdir. Baxmayaraq ki, razılaşmaya görə, bütün işlərin xərci cavabdehin üzərində olmuşdur, cavabdehin maddi imkanının zəif olması barədə sözlərinə görə (işbirliyi qurmamışdan başqa sözlər deyirdi) çobanın əmək haqqını ödəmək və yem almaq üçün bir neçə dəfə daha 3000 manat vermişdir. Cavabdeh heyvanları onsuz almış, ona görə də miqdarını və hansı qiymətə alınmasını, alqı zamanı onu hansı miqdarda aldatmasını bilmir və bu barədə cavabdehə irad etmir. O, cavabdehə tam inandığı üçün heyvan dalınca rayonlar gəzməyi, alıb, saxlanmasına nəzarət etməyi lazım bilməmişdir. Əgər cavabdeh, heyvan alışında ona pul atmışsa, zəhmətinin əziyyəti, yəni halalı olsun, həmçinin işbirliyinin necə cərəyan etməsini yoxlaya bilməmişdir. Alınmış heyvanlara baxmaq üçün ilk dəfə Goranboy şəhərinə gedəndə çobanının evinin həyətində bir neçə heyvan görmüşdür. Cavabdeh bildirmişdir ki, qalan heyvanlar sahədə otlayır. Cavabdeh ona elə münasibət göstərmiş, elə hərəkətlər etmişdir ki, qalan heyvanların harada otlamasını, hansı yataqda saxlanmasını yoxlamağı, yəni cavabdehi sınağa çəkməyi özünə ar bilmiş, daha da dərinə varsaq, susuz çölləri gəzib, yataq axtarmağa, heyvan saymağa həvəsi olmamışdır. Əməldə cinayət tərkibi olmaması motivi ilə cinayət işinin icraatına xitam verilməsinə dair qərarda göstərilmişdir ki, guya Cavabdeh 101 baş xırda buynuzlu heyvan alıb, onun sayını cəmi dəyəri 19790 manat təşkil edən 121 başa çatdırmış, onun dəyəri olan 9895 manatı ona çatır. Halbuki, o, işbirliyinə qoyduğu pulun mənimsənilməsi barədə şikayət etmişdir. Cavabdeh bildirmişdir ki, guya ziyan çəkdiyi üçün onun pulunu qaytara bilməmişdir. Nədən ibarətdir ziyan, necə və nə vaxt ziyana düşmüşdür, istintaqçı yazmır. Taxıl əkini barədə də heç nə deyilmir. Qərarda həqiqət ört-basdır edilmiş, işbirliyinə 30000 manat pul qoymağı gizlədilmişdir. Cavabdeh ibtidai istintaqa verdiyi ifadələrə və şəxsən ona etdiyi etiraflara görə təsərrüfatında cəmi 260, ya da 245 baş heyvan olmuşdur. Guya heyvanın bir hissəsi (təxminən 1/5) tələf olmuşdur. İstintaq boyu müxtəlif ifadələr verən çoban Kamil Mirzəyev ifadələrinin birində göstərmişdir ki, Cavabdeh onu təsərrüfatda 245, yaxud 260 baş heyvan olmasına inandırmaq, yəni aldatmaq üçün mövcud heyvanları müvəqqəti olaraq başqa bir çobanın heyvanlarına qatmışdır ki, o, işin yüksəlişə doğru etməsini düşünsün. Əsl həqiqət isə çoban Kamil, onun qoyunları otaran oğlu və cavabdeh yaxşı bilirlər. Cavabdeh onu aldatmasına hər bir halda şübhə qalmır. Bu “nailiyyətə” görə o işbirliyinə qoyduğu puldan az da olsa qaytarılmasını istəmiş, lakin cavabdeh telefonunu bağlayaraq, gizlənmişdir. Cavabdeh onunla təmasdan yayındığı üçün Goranboy şəhərinə səfər edib, sonuncunu evində taparaq hərəkətinə izah verməsini, işin həqiqətdə necə getməsini soruşmuşdur. Cavabdeh, əvvəlcə narahatlığa əsas olmamasını demiş, lakin qətiyyətli verdiyi suallardan sonra bildirdi ki, daha heyvanlar yoxdur, onun bir hissəsini çoban mənimsəmiş, satmış, qalan hissəsini isə cavabdeh özü satmış, ziyana düşdüyü üçün sərmayəni qaytara bilməmişdir. O elə hirsləndi ki, cavabdehdən əkilmiş apra-buğda haqqında soruşmağı unutmuşdur. Cavabdehin namərdliyi ruhunu odlamışdı, ona görə də dostluğa, ümumiyyətlə insanlığa inamı itirib, şikayət edəcəyini bildirmişdir. Cavabdeh, aldığı 30000 manatını mütləq qaytaracağını vəd etmiş, lakin qaytarmayaraq, onu aldatmışdır. Belə ki, cavabdeh VAZ-21074 markalı **-MT-*** nömrə nişanlı avtomobilini borcun 5000 manatına hesablayaraq dostu Zaur Əhmədovun adına etibarnamə vermiş “mənim şəxsiyyət vəsiqəmin vaxtı keçmişdi”, lakin işlədiyi bankda yoxlamalarla əlaqədar avtomobili adına keçirməyə tələsməməyini görüb, avtomobili geri almaq üçün etibarnaməni ləğv etdirmişdir. Cavabdein bu hərəkətinə dözmək mümkün deyildi, şübhə qalmadı ki, ona işbirliyi təklifi edən zamandan cavabdeh, əmlakını ələ keçirmək niyyətində olmuşdur. Cavabdeh onun əmlakını təkbaşına, yaxud çoban K. Mirzəyevlə cinayət əlaqəsində mənimsəməsi onun üçün önəmli deyil. Özgə sürüsünə baxan çobanların bir qayda olaraq müxtəlif üsullarla heyvan oğurlamaları (heyvanların itmələri, xəstəlikdən, bitdən-birədən tələf olmaları barədə və sair uydurmalarla) barədə çox eşitmişdir. Lakin çoban K. Mirzəyev bütün sürünü və bütün arpa-buğdanı oğurlaya bilməzdi. Bu, təhlükəlidir. Çoban heyvanlardan oğurlayıb, satıbsa, yəqin ki, miqdar çox deyil. Cavabdehlə çobanın oğurluğa dair mübahisələri olmuş, 102-yə şikayət edilmiş, mübahisələrini polis orqanı araşdırmış, barışıq barədə kağız yazılmışdır. Həmin material polis orqanından tələb edilib alınsa, sonunculardan kimin hansı miqdarda oğurluq (mənimsəmə) cinayəti törətməsi məlum olar. Ola bilsin ki, çobanın əmək haqqını ödəmək üçün verdiyi 1500 manatı (hər ay üçün 200 manat) cavabdeh verməmiş, özündə saxlamışdır. Neçə heyvan alınmasından asılı olmayaraq hər bir halda borclu Cavabdehdur. 30000 manat pulu o, cavabdehə vermiş, qurduğu, ya qurmadığı təsərrüfatdan heç nə almamışdır. Bu o deməkdir ki, cavabdeh verdiyi pulların hamısını mənimsəmiş və müəyyən miqdarda ziyana düşdüyü halda da (belə zənn edək), əli ilə verdiyi puldan nə isə qaytarmalı idi. “Ziyana düşdüyüm üçün pulu qaytarmamışam" sözləri cinayət məsuliyyətindən azad olmaq üçün ortaya atılan bəhanə ola bilər, lakin bu sözlər maddi məsuliyyətdən azad olmaq üçün bəhanə ola bilməz. Cavabdeh yəqin ki, yem üçün verdiyi 1500 manatı da özündə saxlamışdır. Təsərrüfatda olan 121 baş heyvanın hər birinin orta dəyəri o zaman minimum 150 manat, yəni hamısının dəyəri 20000 manatdan artıq olmuşdur. Cavabdeh heyvanları satıb-dağıdıb, əldə etdiyi həmin puldan ona 1 manat da olsa, verməmişdir. Başqa sözlə, cavabdehin yaratdığı və ya yaratmaq istədiyi illuziyası yaratdığı təsərrüfatdan o, heç nə almamış, çünki əvvəlcədən aldadılmışdır. Cavabdehə, verdiyi pulların hamısını mənimsəmiş, qaytarmaq barədə planı olmamışdır. Odur ki, onun neçə heyvan alması, sayının necə artırması burada önəmli deyil. Fakt budur ki, Cavabdeh onun 30000 manatını etibarından sui-istifadə etməklə talamışdır. Ona görə də, taladığı pulların faizi ilə geri qaytarmalıdır. Cavabdehin məhz onu talamaq niyyətində olması hadisədən ötən uzun zamanla təsdiq olunur. O vaxtdan 6 ildən artıq vaxt ötmüşdür. Cavabdeh istintaq altında olmağını, nəhayətdə tutulmağını, yəni pula zəruri ehtiyacı olmasını, ailəsinin böhran keçirdiyini bildiyi halda, bu uzun müddətdə bir dəfə də olsa, borcundan hərdən bir olsa da, 100-200 manat ödəmək barədə düşünməmişdir. O, hələ cavabdehin 10000 manatını alıb, əkdiyi taxıl-buğdadan əldə etdiyi, yaxud əkmədən (quru yerdən) əldə etdiyi 10000 manatı demir (sonralar aldığı məlumata görə cavabdeh, heç nə əkməmişdir). Odur ki, cavabdehin onunla işbirliyi zamanı heyvan alınması üçün öz pulunu xərcləməsi istintaq materialları ilə təkzib edilir. Heyvanların ölüm-itim məsələsi isə təsdiq edilmir. Cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan cinayət prosessual qaydada şikayət verib-verməməyi bu işin nəticəsindən, Cavabdeh mülki prosesdə davranışından, özünü məhkəmədə necə aparmasından, ödənişlər etməsindən asılıdır. Cavabdeh barəsində 3 ilə yaxın müddətdə istintaq getməsinin, həmin müddətdə həyəcanlı günlər yaşamasının özü də böyük bir cəzadır. Özü də istintaq altında olduğu üçün bunu yaxşı başa düşür, ona görə də Cavabdeh məhkum edilib-edilməməsi bugün onun üçün maraqlı deyil, lakin borc ödənişlə gözəldir. Nəhayətdə qeyd etmək istəyir ki, mülki iş üzrə araşdırma zamanı məhkəmə cavabdehin əməlində cinayət tərkibi olmasını müəyyən etdiyi halda, cinayət işinin qaldırılması haqqında xüsusi qərar çıxarıb, onu prokurorluğa göndərə bilər. Çünki işlə adi tanışlıq ondan xəbər verir ki, Goranboy rayon prokuroru cinayət işinin prokurorluğun icraatında olduğu 2 il 1 ay müddətində sürtə-sürtə onu cılızlaşdırmış, cinayət-prosessual qanunla istintaq üçün nəzərdə tutulan müddətləri kobudcasına pozmuş (bu isə insan hüququnu pozulmasıdır, yəni cinayətdir), cavabdehin arxasında durub, uzun müddət istintaqın normal gedişinə mane olan, nəyin bahasına olursa-olsun, cinayətkarı xilas etmək istəyən yaxınlarının təzyiq və şikayətlərindən yaxa qurtarmaq üçün aşkar cinayət işini süni surətdə mülki müstəviyə keçirib, xitam verdirmişdir. Bugün məqsədi, məsələni mülki qaydada həll etmək olduğu üçün iş üzrə çatmaq olduğu üçün cinayət işinin təfərrüatına, yəni cavabdehin birgə təsərrüfatında 245 baş (başqa bir ifadədə 260 baş) heyvan olmasına dair sözlərinin nə dərəcədə həqiqət olmasının müzakirə etmək istəmir. Əgər həqiqətən heyvanlar qeyd edilən miqdarlarda olmuşsa, deməli, Cavabdeh əldə etdiyi qazancı da mənimsəmişdir. Qazancı istəmir, əli ilə verdiyi pulu qaytarsın. Goranboy rayonuna səfər etməyinin xərcini, etdiyi sair hörmətləri, namərdliyi üzündən uzun illər keçirdiyi iztirablarını, xoşbəxtliyini onun pulunda axtarmasını cavabdehə bağışlayır. Cavabdeh ondan aldığı 30000 manat pulu mövcud mülki qanunvericiliyə görə faizi ilə geri qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 53-cü maddəsinə əsasən İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 27000 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh uzun müddətdir, yəni 2011-ci il tarixdən tanıyır. Daha sonra onlar ortaq iş qurmaq qərarına gəlmişlər, belə ki, cavabdeh ona təsərrüfat işlərindən yaxşı bildiyini, hazırda heyvandarlıq təsərrüfatında yaxşı gəlirin olduğunu və yetərli vəsaitə malik olsa, işi idarə edə biləcəyini bildirmişdir. O da, cavabdehin sözlərinə inanaraq iş birliyi yaratmaq və qazanc əldə etmək üçün ona müxtəlif vaxtlarda hissə-hissə olmaqla 30000 manat məbləğində pul vermişdir. Həmin iş birliyi xırda və iribuynuzlu heyvanların saxlanılaraq artırılmasından ibarət olmuşdur. Lakin sonra məlum olmuşdur ki, cavabdeh heyvanların tələf olduğunu bəhanə gətirərək onu aldatmışdır. Bundan sonra cavabdeh tərəfindən mənimsənilmiş pulun qaytarılması üçün dəfələrlə müraciət etməsinə baxmayaraq nəticə olmamışdır. Cavabdeh borcun qaytarılmasından qərəzli şəkildə boyun qaçırır. Sözügedən hadisə ilə bağlı dəfələrlə hüquq-mühafizə orqanlarına şikayət etmiş, lakin onun müraciətləri nəticəsiz olaraq qalmışdır. Cavabdehdən vermiş olduğu pulu ala bilmədiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, cavabdehdən 27000 manat pul tələb edir, odur ki, qeyd edilənləri nəzərə alınmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 2010-cu ildən Goranboy rayonu “Beynəlxalq bank” filialında əməliyyatçı vəzifəsində işləmiş və həmin vaxtlardan İddiaçıla tanışlığı olmuşdur. İddiaçı ilə münasibət yarandıqdan sonra onlar qazanc əldə etmək məqsədi ilə 2014-cü ilin yay aylarında heyvandarlıq təsərrüfatı qurmaq qərarına gəlmişlər. Nəticədə razılaşmaya əsasən hər ikisi ortaqlığa pul qoyaraq xırda və iribuynuzlu heyvanlar almışlar. İddiaçı bu iş üçün hissə-hissə ümumilikdə 22000 manat, özü isə 15000 manata yaxın pul qoymuşdur. Raminin təsərrüfatdan anlayışı olmadığı üçün idarə etməni o, öz üzərinə götürmüş və heyvanlara baxmaq üçün Kamil adlı şəxsi də çoban kimi işə götürmüşdür. Daha sonra heyvanlar üçün yem xərcini azaltmaq məqsədilə Raminə taxıl əkməyi təklif etmiş və bildirmişdi ki, belə olan halda xeyli miqdarda pula qənaət edəcəklər. Ramin də bu təkliflə razılaşaraq 32 hektar torpaq sahəsinə taxıl əkmək üçün 5000 manat, özü isə 7000 manat pul qoymuşdur. Bu işdə qardaşı Vüqar da onlara köməklik etmişdir. Lakin 2016-cı ilin yanvar ayında yaxın qohumunun rəhmətə getməsi ilə əlaqədar olaraq nə özü, nə də ki, qardaşı Vüqar heyvanların saxlandığı yerə gedib heyvanlara baxa bilməmiş, yəni heyvanlara nəzarət edə bilməmişlər və bir müddət keçəndən sonra çoban onlara heyvanların əksəriyyətinin xəstəlikdən tələf olduğunu bildirmişdir. Lakin sonradan çobanın yalan danışdığı və heyvanları mənimsədiyi məlum olmuş, bununla bağlı aidiyyəti orqana müraciət edilmiş və araşdırma nəticəsində Kamil (çoban) qoyunları mənimsədiyini etiraf etmişdir. Odur ki, dəymiş ziyanın qaytarılması üçün qardaşı Vüqarla Kamil arasında 7000 manat məbləğində borc müqaviləsi bağlanmış, lakin bugünə kimi həmin pul qaytarılmamışdır. Yerdə qalan xəstə heyvanları bazara çıxarıb sataraq 3170 manat vəsait əldə etmiş, həmin pulu da təsərrüfatla əlaqədar yaranmış borclara sərf etmişdir. Əkdikləri taxıl sahəsini də ziyanvericilər məhv etdiyi üçün bu təsərrüfatları da batmışdır. Bu ziyanlıqla bağlı Raminə məlumat verdikdə o, bunun ona heç bir aiddiyyətinin olmadığını və verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Belə olan halda onlar arasında mübahisələr başlamış və hazırda da davam etməkdədir. Hətta Ramin ona hədə-qorxu gələrək avtomobilini əlindən alaraq baş etibarnamə ilə dostuna vermişdir. Həmin vaxt o, qorxduğu üçün bu barədə polis orqanlarına müraciət etməmişdir. Raminin ondan pul tələb etməsi əsassızdır, çünki ona da bu işbirliyi nəticəsində təxmini 20000 manata yaxın ziyanlıq dəymiş və hər ikisinin pulu batmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli, 1(045)10/2018 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Goranboy rayon prokuroruna geri qyatarılmışdır; Goranboy Rayon Prokurorluğu tərəfindən verilmiş 26 mart 2020-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə icaata xitam verilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə başlanmış cinayət işinin icraatına Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən xitam verilmişdir; Məhkəmə, tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər arasında ortaq iş (kənd təsərrüfatı) qurmaqdan irəli gələn münasibətlər yaranmış, təsərrüfatın idarəçiliyini Cavabdeh öz üzərinə götürmüş, İddiaçı sözügedən iş ortaqlığına ayrı-ayrı vaxtlarda 27000 (iyirmi yeddi min) manat məbləğində vəsait qoymuş, cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməməsi, yəni təsərrüfata nəzarətsizliyi nəticəsində iddiaçıya 27000 manat məbləğində zərər dəymişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir Аzərbаycаn Rеspublikаsı Mülki Məcəllənin (Bundаn sоnrа MM-in): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. Məhkəmə, aparılmış araşdırmanın nəticələrini əsas götürüb, tərəflərin izahatları arasında olan uyğunluq və uyğunsuzluqları müqayisəli şəkildə təhlil edib və daxili inamına əsaslanıb belə qənaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında öhdəlik münasibətləri yaranmış, belə ki, iddiaçı iş birliyi üçün vəsait vermiş, Cavabdeh da öz növbəsində iş ortaqlığına həm pul vəsaiti qoymuş, həm də işin idarəçiliyini öz üzərinə götürməsi barədə iddiaçıya vəd verməklə sonuncu qarşısında öhdəlik götürmüş, belə olan halda o, qanunun tələbinə görə işçisinin hərəkətlərinə görə də öhdəlik daşıyıb. Odur ki, cavabdeh üzərinə götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində iddiaçıya dəymiş ziyana görə məsuliyyət daşımalıdır. Beləliklə, məhkəmə, aparılmış araşdırmanın nəticələrini və qanunun tələbini əsas götürüb hesab edir ki, Cavabdeh 27000 (iyirmi yeddi min) manat məbləğində dəymiş ziyanı İddiaçı qaytarmalıdır. Məhkəmə, iddia tələbinin ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməli, yəni tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” qanununun 8.1.3-cü maddəsinə (120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) əsasən cavabdehdən tutulmalı olan ödənilmiş dövlət rüsumunun əvəzi 171 (yüz yetmiş bir) manat məbləğində müəyyən edilməli və qalıq 39 (otuz doqquz) manat hissəsi isə iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələblərinin və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütəasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçının xeyrinə dəymiş ziyana görə 27000 (iyirmi yeddi min) manat məbləğində pul və ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun 171 (yüz yetmiş bir) manat hissəsinin əvəzi tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T Е T D İ: İddia təmin edilsin. Cavabdeh İddiaçının xeyrinə dəymiş ziyana görə 27000 (iyirmi yeddi min) manat məbləğində pul və ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumunun 171 (yüz yetmiş bir) manat hissəsinin əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar