Məhkəmə qərarları › İş №2(045)-873/2024

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-873/2024

21.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-873/2024 21.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “1042,32 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən barəsində hesablanmış 1042.32 (bir min qırx iki manat otuz iki qəpik) manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda, Goranboy rayonunun Nizami kəndində yaşayır. Yaşadığı kənddə Cavabdeh abonenti olduğu üçün təbii qazdan istifadə edir. İstifadə etdiyi qazın pulunu həmişə vaxtlı-vaxtında ödəyir. Buna görə də, Cavabdeh əməkdaşları ilə arasında heç vaxt narazılıq olmamışdır. 2022-ci ilin aprel ayında “Azəriqaz İB-nin Goranboy rayon şöbəsinin əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacına onun iştirakı ilə baxış keçirilmişdir. Ona bildirdilər ki, qaz sayğacının müddəti ötdüyü üçün dəyişdirilməlidir və sayğacı dəyişdirərək yenisi ilə əvəz etmişlər. Bu zaman ona əməkdaşlar tərəfindən hər hansı bir irad, nöqsan bildirilməmişdir. Hadisədən bir az sonra aylıq qaz borcunu ödəyərkən görmüşdür ki, borc kimi ona 1042,32 manat qalıq borcu hesablanmışdır. Bunu aydınlaşdırmaq üçün Cavabdeh Goranboy rayon şöbəsində olmuşdur. Bu borcun necə, haradan yarandığını öyrənmək isdədikdə isə ona məhkəməyə təqdim etdiyi 22 noyabr 2022-ci il tarixdə tərtib olunmuş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT-ı və 30 noyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə verərək bildiriblər ki, 1042,32 manat borcun var. Narazısansa məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda göstərilir ki, sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıb. Sayğac istismara yararsızdır. Buna görə də ona itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq (4x24x90=8640m) 1042,32 manat borc hesablanmışdır. O, barəsində yazılmış borcu aşağıdakı səbəblərə görə qanunsuz hesab edir ki, borc ləğv edilməlidir. Əvvala bildirmək istəyir ki, qaz sayğacı Cavabdeh əməkdaşları tərəfindən onun iştirakı ilə müddət keçdiyi üçün dəyişdirilmişdir. Dəyişdirilərkəndə ona heç bir irad bildirilməmişdir. Çünki sayğac yanında açılıb götürülmüş və bu zaman sayğaca heçnə olmamışdır, o cümlədən qoruyucu şüşəsi yerində idi. Bundan başqa sayğac yaşadığı həyətin küçəyə aid hissəsində, yəni yolda quraşdırılmışdır. Küçədən isə gündə yüz adam keçir. O, kənd adamıdır o qədər işi olur ki, sayğacın yanında növbətçi durmağa vaxtı yoxdur. Ona görə də o, hesablanmış bu borcu əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməli olur. Hesab edir ki, yuxarıda göstərilən normaların pozulması nəticəsində ona hesablanmış borc silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclaslarında iştirak etməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh İB-nin Gəncə RQİİ (paylayıcı) ilə İddiaçı (istehlakçı) arasında bağlanmış XS-22- 00657/232 saylı, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri Dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış qazın dəyərini və təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür; Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan görünür ki, sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınmışdır. Sayğac istismara yararsızdır; Abonentin saldosundan görünür ki, (2022-ci il) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ona 1042,32 manat məbləğində borc pul hesablanmışdır; Cavabdeh İB tərəfindən verilmiş A-012/24 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Goranboy rayonu, Nizami kəndində yerləşən fərdi yaşayış evi X2 İstismarı İdarəsinin Goranboy Xidmət Sahəsi üzrə əhali sektorunda **********00000 hesab kodu ilə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə bağlanmış AK-00102/03-24 nömrəli qazın alqı-satqısına dair müqaviləyə əsasən abonent məlumatlarında dəyişiklik edlərək, abonentin soyadı Şəfixanovdan Səfxanova keçirilməklə mövcud hesab kodu İddiaçı adına qeydiyyata alınmışdır; Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan mənzildə qaz sayğacı dəyişdirilərək dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, daha sonra itirilmiş qazın bərpası üçün Cavabdeh tərəfindən hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8ci hissəsinə və respublika Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının təqsirinin müəyyən olunmadığını və qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısının cavabdeh olduğunu nəzərə alır. Buna görə qaz sayğacı düzgün işləmədiyi halda, sayğacın göstəricilərinə əsasən deyil, Cavabdeh İB tərəfindən hesablanan 1042,32 manat məbləğində pulun istehlakçıdan tələb edilməsini məhkəmə ağlabatan mühakimə hesab etmir. Məhkəmə MPM-in 119.2-ci maddəsini və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2ci və 9.1.5-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməlidir. Belə ki, hazırkı tələb istehlakçı hüquqlarının pozulması ilə əlaqədardır və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün hazırda 30,37 manat məbləğində dövlət rüsumu Cavabdehndən dövlət büdcəsinə tutulmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 2 ünvanı, Abonent kodu: **********00000) hesablanmış 1042,32 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ******* nömrəli akta əsasən İddiaçı (ünvan 2 ünvanı, Abonent kodu: **********00000) hesablanmış 1042,32 manat məbləğində borc silinsin. Cavabdehndən dövlət büdcəsinə 30,37 manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar