Məhkəmə qərarları › İş №2(045)-92/2025

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(045)-92/2025

16.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(045)-92/2025 16.01.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Goranboy rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbini irəli sürərək Cavabdeh əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Goranboy şəhəri P.Zeynalov küçəsi ev 12 ünvanında Cavabdeh abonenti olduğu üçün təbii qaz istifadəçisidir. Cavabdeh əməkdaşları yaşadığı ünvanda 30 aprel 2024-cü il tarixdə sayğaca baxış keçirərək onun və ailə üzvlərinin iştirakı olmadan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib etmiş, aktda “sayğacın plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas zavod plomdan 1 ədəd alt zavod plomb aşkar olunmamışdır” ifadəsi qeyd edilmişdir. Lakin onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Hesablanmış borc tamailə əsassızdır. Cavabdeh əməkdaşları tərəfindən barəsində tətbiq edilmiş 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştiurakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş Goranboy regional Qaz İstismar İdarəsinin nümayəndələrinin iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan sayğac yenisi ilə əvəz olunmuşdur. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas zavod plomdan 1 ədəd alt zavod plomb aşkar olunmamışdır. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş Gəncə regional Qaz İstismar İdarəsi tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə 6480 kubmetr borc hesablanmışdır. İş materiallarında olan məhkəmə baxışında elan edilmiş İddiaçı məxsus abonent saldosundan (**********00000) görünür ki, xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə İddiaçı 777,60 manat borc hesablanmışdır. Məhkəmə işdə iştirak edən idddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qaz paylayıcı Cavabdeh X1 istismarı sahəsi tərəfindən Goranboy şəhəri P.Zeynalov küçəsi ev 12 ünvanında yerləşən istehlakçının evinə qaz sayğacı quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın plastmas qapağının üzərinə vurulan 3 ədəd plastmas zavod plomdan 1 ədəd alt zavod plomb aşkar olunmamışdır. Buna görə də abonentə 6480 kubmetr, 777,60 manat borc hesablanmışdır. İşin göstərilən halları işdə iştirak edən iddiaçının izahatı, bunu tamamlayan iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş digər sübutlarla tam təsdiq olunur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, qaz sayğacına müdaxilə edilməsi əsası ilə istehlakçıya borc hesablanmasına dair qərar qəbul etmiş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, öz tələblərinin və etirazlarının əsası kimi istinad edə biləcəyi halları sübut edə bilən sənədləri məhkəməyə təqdim etməmiş və həmin müdaxilənin konkret olaraq məhz istehlakçı tərəfindən edilməsini sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə qaz sayğacına konkret olaraq istehlakçı tərəfindən müdaxilə olunması müəyyən edilə bilməz. Belə ki, iddiaçının təsərrüfatına aid olan sözügedən qaz sayğacı onun təsərrüfatı daxilində yox, təsərrüfatından kənarda quraşdırılmışdır ki, belə olan halda da həmin sayğaca kənar şəxslərin müdaxiləsi də istisna deyildir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.9-cü bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Qazdan istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Həmin normalarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, qərarın qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən iddia təmin edilməli, Cavabdeh tərəfindən Goranboy şəhəri P.Zeynalov küçəsi ev 12 ünvanında yaşayan İddiaçı hesablanmış 777,60 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 518.40-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Goranboy şəhəri P.Zeynalov küçəsi ev 12 ünvanında yaşayan İddiaçı (abonent kodu: **********00000) hesablanmış 777,60 manat məbləğində borc silinsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemindən istifadə edilməklə elektron qaydada Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar